İranda sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən etiraz aksiyaları artıq 2 həftədən çoxdur ki, davam edir.
Aksiyalarla bağlı ABŞ prezidenti Donald Tramp və İsrail milli təhlükəsizlik naziri İtamar Ben Qvir belə öz fikirlərini sərt formada bəyan etmişdir. Tramp və Ben Qvir aksiyalarla bağlı danışarkən İran dövlətini və ali dini lider Əli Xameneyini təhdid etmişdir. Təbii ki, bu cür çıxışlar dünya ictimaiyyətində aksiyalarla bağlı bir gözlənti yaratmış, etirazlardan “inqilab” doğa biləcəyi fikrini qabartmışdır.
Hazırki aksiyaların önəmli xüsusiyyətlərindən biri də “lidersiz” formada keçirilməsidir. Buna səbəb olan qırılma nöqtəsi isə Məhsa Amini aksiyaları olmuşdur. Məhsa Amini aksiyaları dövründə bütün müxalifət qrupları, xüsusilə də reformistlər meydanlarda fəal iştirak edirdilər. Lakin sonradan reformistlər prezident seçkilərində qələbə qazandı və digər qruplar isə son etirazlarda geri çəkildilər. Beləliklə də, aksiya meydanlarında siyasi liderlik taxtı boş qalmış oldu. Rza Pəhləvi və tərəfdarları bu boşluqdan faydalanmış və İran və dünya ictimaiyyətinə İslam Respublikasına yeganə alternativ olduqlarını təbliğ etməyə başlamışdırlar. Belə olan halda rejim dəyişikliyinə alternativ kimi “Pəhləvi” sülaləsi ön plana çıxmağa başlamışdır.
Lakin, son aksiyalar zamanı bir çox şəhərlərdə, xüsusilə də türklərin yaşadığı ərazilərdə hakimiyyətlə yanaşı, Pəhləvilər sülaləsinə də qarşı etiraz aksiyaları keçirilir. Bunun isə iki səbəbi ola bilər. Birincisi, etirazçılar aksiyaların motivinin yalnızca sosial-iqtisadi olduğunu ön plana çıxarır. Bu problemlərin həll olunması üçün Pezeşkian hökumətindən adekvat addımlar gözləyirlər. İkincisi isə Pəhləvilər sülaləsini hazırki rejimə alternativ kimi görmürlər. Müstəqil araşdırmalar onu göstərir ki, aksiyaların əsas hərəkətverici qüvvəsi olan gənclər artıq İran siyasətindəki keçmiş aktorlara etimad göstərmir və siyasət meydanında yeni simaları görmək istəyirlər.