Axtar

Türküstan İslam Partiyası

  • Paylaş:
Türküstan İslam Partiyası

27 noyabrda başlayan suriyalı müxaliflərin hücum əməliyyatı 8 dekabr tarixində 61 illik BƏƏS rejiminin süqutu ilə baş çatdı. 

Əməliyyata Heyyət Təhrir əş-Şam və Suriya Milli Ordusu rəhbərlik etsə də, döyüşlərdə Türküstan İslam Partiyası (TİP) daha çox ön plana çıxmışdır. Əfqan mücahidlərin Sovet İmperiyası üzərindəki qələbəsindən təsirlənən uyğurlar 1988-ci ildə Çində öz partiyalarını yaratmışdılar. Lakin, partiyanın fəaliyyəti Çin tərəfindən qadağan edilmiş və partiyanın liderləri təqiblərdən xilas olmaq üçün Pakistana qaçmaq məcburiyyətində qalmışdır.

TİP 1997-ci ildə silahlı qolunu yaratmış və partiyanın qərargahını Taliban nəzarətindəki Əfqanıstana köçürmüşdür. 11 sentyabr hadisələrini fürsət bilən Çin hökuməti ölkədəki müxalif uyğurlara qarşı antiterror əməliyyatına başlamış və Əfqanıstandakı TİP-i terror təşkilatı kimi tanımışdır. Növbəti ilə isə ABŞ qruplaşmanı terror təşkilatı kimi tanıdığını elan etmişdir. 

2003-2013-cü illər ərzində qruplaşma Taliban və TTP nəzarəti altında Əfqanıstan, Pakistan, Tacikistan və Çində lokal xarakterli döyüşlərdə iştirak etmiş və bir sıra ölkələrdə teraktlar törətmişdir.

2013-cü ildə TİP bir neçə yüz silahlısını Əfqanıstanda qoyaraq, Suriyaya köç etmiş və fəaliyyətinə buradan davam etmişdir. TİP Hələb cəbhəsindəki döyüşlərdən sonra adından söz etdirmiş və Əl Nusra (sonralar HTŞ) ilə ittifaqa girmişdir. 2020-ci ildə isə ABŞ qruplaşmanı terrorçu təşkilatlar siyahısından çıxardığını bəyan etmişdir. Taliban isə 2021-ci ildə Çinlə əlaqələri yaxşılaşdırmaq üçün ölkədən qalan sonuncu TİP silahlılarını da Bədəxşan vilayətindən çıxarmışdır.

2024-cü ilin noyabr ayına qədər İdlibdə fəaliyyət göstərən qruplaşma silahlıların sayını 6 minə qədər çatdırmışdır. İdlibdəki digər silahlı qruplardan fərqli olaraq, TİP-in 500 nəfərlik xüsusi əməliyyatlar üçün elit qüvvələrinin də olduğu bildirilir. Sonuncu əməliyyatlar zamanı TİP-in xüsusi təyinatlı qüvvələrinin Hələb şəhərində küçə döyüşləri taktikası və hərbi təchizatının digər müxalif qruplardan daha yaxşı vəziyyətdə olması diqqət çəkmişdir.