Suriyada Əhməd əş-Şəraanın rəhbərliyi altında yeni hökumət formalaşdırılıb. Açıqlanan kabinetdəki nazirlərdən 16-sı müsəlman ərəb, digər 4-ü isə xristian, dürzi, kürd və nüseyridir.
Əş-Şəraa hakimiyyət dəyişikliyindən sonra Əsəd rejimindən fərqli olaraq, Yeni Suriya hökumətində və konstitusiyasında ayrı-seçkiliyə yer verilməyəcəyini və ölkədəki bütün dini və etnik qrupları qucaqlayacaqlarını bildirmiş və bu məqsədlə azlıqlara kabinetdə yer ayırmışdır. Lakin, açıqlanan kabinetdə Suriyanın ən böyük etnik azlıqlarından biri sayılan türkmanlara yer verilməyib.
Suriyada əhalinin siyahıyaalınması prosesində insanların milliyyəti qeydə alınmadığı üçün türkmanların sayı dəqiq bilinmir, lakin müxtəlif mənbələrə görə onların sayı 1-4 milyon civarındadır. Əsəd rejiminə qarşı illərdir müxalif cəbhədə vuruşan və Suriyanın ayrılmaz parçası olan türkmanlar isə yeni hökumətdə təmsil olunmadıqları üçün etiraz edirlər.