Axtar

Tənəzzül və tarazlıq: İranın İraqdakı təsirinin yeni reallığı

  • Paylaş:
Tənəzzül və tarazlıq: İranın İraqdakı təsirinin yeni reallığı

 

2023-2025-ci illər ərzində Yaxın Şərqdə baş verən hadisələr regionun strateji xəritəsini dərin şəkildə dəyişdirdi. Qəzzada uzunmüddətli hərbi əməliyyatlar, İsrail-Hizbullah qarşıdurması və 2025-ci ilin iyununda baş vermiş qısa, lakin dağıdıcı İran-İsrail müharibəsi təkcə təhlükəsizlik mühitini deyil, həm də regional güc balansını yenidən formalaşdırdı. Bu dəyişikliklərin önəmli təsirlərindən biri İranın illərdir mühüm strateji dayaq nöqtəsi hesab etdiyi İraqdakı nüfuzuna dəyən zərbə oldu. İran üçün İraq uzun müddət “strateji dərinlik” anlayışının mərkəzi, İsrail və ABŞ təsirinin qarşısında isə geosiyasi tampon kimi qəbul edilirdi. Lakin son iki ildə baş verən proseslər göstərdi ki, İran bu təsir modelini qorumaqda getdikcə daha çox çətinlik çəkir, İraq isə milli prioritetlərinə əsaslanan daha müstəqil siyasi trayektoriyaya yönəlir.

ABŞ-nin 2003-cü ildəki işğalından sonra İran İraqı öz regional təhlükəsizlik arxitekturasına daxil etməyə nail olmuşdu. İran Şiə siyasi blokları, dini liderlik strukturları və onlara bağlı silahlı milislər vasitəsilə İraqda çoxşaxəli təsir mexanizmi qurmuşdu. Xüsusilə “Koordinasiya Çərçivəsi” adlanan şiə koalisiyası və Xalq Səfərbərlik Qüvvələri (Həşdi-Şabi, PMF) vasitəsilə İran həm siyasi, həm də təhlükəsizlik sisteminə dərin nüfuz etmişdi. Lakin son illərdə baş nazir Məhəmməd Şia əl-Sudani hökumətinin davranışı bu təsir modelinə yenilik gətirib. Sudani Tehran və Vaşinqton arasında balanslı xətt tutaraq, İraqın milli maraqlarını prioritet edən yeni siyasət formalaşdırmağa çalışır. Bu siyasət xüsusilə 2025-ci ilin iyunundakı İran-İsrail müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. İraq İranmeyilli qrupların münaqişəni öz ərazisinə daşımasının qarşısını aldı, PMF üzərində nəzarəti gücləndirdi və ABŞ bazalarına hücumlara imkan vermədi. Bu, İran üçün ciddi xəbərdarlıq siqnalı idi.

İraqdakı İranmeyilli milislər də artıq əvvəlki kimi monolit deyil. Qəzza müharibəsinin ilk mərhələsində ABŞ hərbi obyektlərinə hücumların artması İranın təlimatlarının icra olunduğunu göstərsə də, sonrakı aylar tam fərqli mənzərə yaratdı. 12 günlük İran-İsrail müharibəsi dövründə bu qruplar demək olar ki, passiv qaldılar. Bu, təkcə əməliyyat səviyyəsində deyil, psixoloji planda da ciddi dəyişiklik idi. Artıq İranın göstərişləri mütləq əmrlər kimi qəbul edilmir. Milislər öz maliyyə mənbələrini, daxili struktur maraqlarını və yerli siyasi əlaqələrini nəzərə alaraq daha müstəqil davranış modeli formalaşdırırlar. Bu vəziyyət İranın “vahid müqavimət cəbhəsi” ideyasını zəiflədir və İraqı Livan və Suriyadan fərqləndirən yeni reallıq yaradır.

Eyni dövrdə ABŞ diplomatik fəallığını artıraraq bu prosesi öz xeyrinə yönəltməyə çalışır. Dövlət katibi Marko Rubionun Bağdadla intensiv təmasları və xüsusi elçi Mark Savayanın həm şiə, həm də sünni bloklarla paralel danışıqları ABŞ-nin məqsədinin sadəcə İranın təsirini azaltmaq deyil, eyni zamanda İraqı öz siyasi orbitinə qismən qaytarmaq olduğunu göstərir. ABŞ-nin “Hərəkət ən-Nücəbə”, “Kətaib Seyid əş-Şühəda” və “Kətaib əl-İmam Əli” kimi qrupları terrorçu qruplaşmalar siyahısına salması bu strategiyanın praktiki alətlərindən biridir. Təzyiqlərin hərbi deyil, diplomatik və hüquqi vasitələrlə həyata keçirilməsi Vaşinqtona həm beynəlxalq legitimlik qazandırır, həm də İraq hökumətinə bu siyasəti “xarici diktə” kimi deyil, “dövlət suverenliyinin qorunması” kontekstində təqdim etməyə imkan verir. Nəticədə, Sudani administrasiyası bu prosesi öz mövqelərini gücləndirmək üçün istifadə edir, həm Qərb, həm də İranla münasibətlərdə manevr imkanlarını qoruyur.

İran isə dəyişən reallığa qarşı daha az aqressiv, lakin bir o qədər də kompleks cavab strategiyası seçib. Tehranın İraqda hərbi təsir vasitələrinə qoyulan məhdudiyyətlər fonunda dini diplomatiya və iqtisadi alətlər ön plana çıxır. Nəcəf və Kərbəla seminariyaları vasitəsilə dini nüfuzun qorunması, enerji ixracı və infrastruktur layihələri kimi iqtisadi asılılıq mexanizmlərinin möhkəmləndirilməsi hazırda İranın əsas prioritetlərindəndir. Lakin bu strategiyanın effektivliyi məhduddur, çünki İraq cəmiyyəti getdikcə daha çox dövlət mərkəzli milli ideya ətrafında birləşir və xarici patronajın legitimliyi zəifləyir.

İraqın 2025-ci il noyabr seçkiləri bu transformasiyanın əsas sınağı olacaq. “Koordinasiya Çərçivəsi” daxilində parçalanma, Faleh əl-Fəyyad, Hadi əl-Ameri, Qais əl-Xəzali və Əmmar əl-Həkim kimi fiqurların fərqli platformalarla seçkilərə qatılması İranın illərlə qorumağa çalışdığı “vahid şiə cəbhəsi” modelini faktiki olaraq dağıdıb. Müqtəda əs-Sədrin seçkiləri boykot qərarı vəziyyəti daha da mürəkkəbləşdirir. Onun çəkilməsi Sudani üçün həm risk, həm də fürsət yaradır: bir tərəfdən Sədrin kütləvi dəstəyinin olmaması parlamentdəki balansı dəyişə bilər, digər tərəfdən hökumət müstəqillik dərəcəsini artırmaq üçün əlavə manevr imkanı qazanır. İran isə bu yeni siyasi xəritədə artıq yönləndirici deyil, müşahidəçi rolundadır.

İranın illərdir İraqda tətbiq etməyə çalışdığı “Hizbullah modeli” də sarsılıb. Livanda uğurla işləyən bu modelin İraqda eyni nəticə verməməsinin əsas səbəbi struktur fərqlərdir. İraqda Xalq Səfərbərlik Qüvvələri daxilində korrupsiya, paralel maliyyə şəbəkələri və saxta şəxsi heyətlərin çoxluğu sistemi səmərəsizləşdirib. Demokratiyaları Müdafiə Fondunun məlumatına görə, PMF-nin 238 min üzvündən yalnız 48 mini aktiv xidmətdədir; qalanları isə kağız üzərində mövcud olan, lakin maaş alan “ölü ruhlar”dır. Bu, həm maliyyə yükü, həm də legitimlik itkisi yaradır. Hökumətin bu struktura nəzarəti artırmaq cəhdləri isə Tehranın manevr imkanlarını daha da məhdudlaşdırır.

Bütün bu proseslər fonunda İranın İraqdakı təsiri tədricən tənəzzül mərhələsinə daxil olub. İran hələ də dini və mədəni kanallar vasitəsilə müəyyən təsir imkanlarını saxlayır, lakin artıq İraqın daxili və xarici siyasətini formalaşdıran əsas güc deyil. Sudani hökumətinin balanslı siyasəti, ABŞ-ın koordinasiyalı diplomatik fəallığı və şiə elitası daxilindəki parçalanma birgə şəkildə İranın “strateji dərinlik” konsepsiyasını faktiki olaraq sıradan çıxarıb. Nəticədə, İraq indi öz təhlükəsizlik, iqtisadi və siyasi prioritetlərini müəyyənləşdirən nisbətən müstəqil aktora çevrilməkdədir. Bu tendensiyanın davamı təkcə İraqın deyil, bütövlükdə Yaxın Şərqin yeni güc balansının gələcək konturlarını müəyyən edəcək.