Fars körfəzində strateji mövqeyə malik Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları onillərdir ki, İran ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında davam edən, lakin vaxtaşırı səngiyib yenidən alovlanan ərazi mübahisəsinin əsas predmetini təşkil edir. Son dövrlərdə tərəflərdən gələn ardıcıl və sərt bəyanatlar bu məsələni yenidən regional gündəliyin ön sırasına çıxararaq Körfəz boyunca onsuz da həssas olan təhlükəsizlik balansına əlavə təzyiq yaratmışdır.
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) adalarla bağlı İranın mövqeyini tənqid edən bəyanatından dərhal sonra Tehranın da reaksiyası gecikməmişdir. İranın Ali Dini Liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti sərt açıqlama vermiş, ardınca Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi və Parlament sədri Məhəmməd Baqir Qalibaf adaların “mübahisəsiz şəkildə İran ərazisi” olduğunu vurğulayan bəyanatlarla çıxış etmişdilər. Beləliklə də, məsələ diplomatik polemika səviyyəsindən çıxaraq, siyasi elita daxilində konsensusla səsləndirilən bir mövqe nümayişinə çevrildi.
Bu adaların geosiyasi gərginliyin simvolu kimi yenidən ön plana çıxması ilk hal deyil. Lakin bu dəfə zamanlama, ritorikanın sərtliyi və regionda eyni anda baş verən çoxsaylı böhranlar mübahisəyə əlavə strateji bir məna yükləyir. Çünki söhbət yalnız üç kiçik adadan getmir: bu qarşıdurma sürətlə dəyişən Yaxın Şərqdə İran və BƏƏ-nin öz regional rollarını necə oxuduqlarının göstəricisidir.
Əbu Musa, Böyük Tunb və Kiçik Tunb coğrafi ölçülərinə görə məhdud olsa da, Fars körfəzinin strateji mərkəzinə yaxın, Hörmüz boğazının girişinə nəzarət edən kritik nöqtədə yerləşir. Körfəzdən çıxan və daxil olan əsas tanker və ticarət marşrutları məhz Əbu Musa ilə İranın nəzarətində olan Böyük və Kiçik Tunb adaları arasından keçir. Bu amil adalara təkcə siyasi deyil, enerji təhlükəsizliyi və qlobal ticarət baxımından da xüsusi əhəmiyyət qazandırmışdır.
Mübahisənin tarixi qatları isə daha mürəkkəbdir. Əsrlər boyu bu adalar farslar və ərəblər üçün balıqçılıq, mirvari dalğıclığı və ticarət məkanı olmuşdur. Dövlət sərhədləri formalaşmamışdan əvvəl mövcud olan bu qeyri-müəyyənlik, Britaniyanın regiondan çəkilməsi ilə yaranan güc boşluğu fonunda zorakı şəkildə “həll” edildi və bu proses kollektiv yaddaşlarda dərin iz buraxdı. 1971-ci ildə baş verənlər bu gün də tərəflərin tarixi narrativlərinin əsas sütunlarından biri olaraq qalır.
1991-ci il Körfəz müharibəsindən sonra BƏƏ Tehranın mövqeyində müəyyən yumşalma gözləsə də, prezident Haşimi Rəfsəncaninin adaların yalnız “qan dənizi keçildikdən sonra” qaytarıla biləcəyini deməsi bu ümidləri faktiki olaraq puça çıxarmışdı. Həmin ifadə bu gün də BƏƏ-də İranın regional davranışına dair formalaşmış sərt təsəvvürün simvolik xülasəsi kimi xatırlanır.
İran üçün Fars körfəzi tarixi olaraq özünün təbii nüfuz dairəsi sayılıb. Bu yanaşma yalnız İslam Respublikasına deyil, şahlar dövründən miras qalan dövlətçilik düşüncəsinə söykənir. 1979-cu il inqilabından əvvəl Məhəmməd Rza Pəhləvinin özünü “Körfəzin polisi” kimi təqdim etməsi bu özünüdərk forması ilə bağlı idi. Bu baxımdan adaların qorunması Tehran üçün sadəcə ərazi məsələsi deyil, regional güc statusunun və suverenlik hekayəsinin ayrılmaz hissəsidir. İranın siyasi kimliyi milli dövlətçiliklə inqilabi ideologiyanın kəsişməsində formalaşdığı üçün ərazi iddiaları bu sintezin mərkəzində dayanır.
Digər tərəfdə isə özünü suveren, müasir və iddialı regional aktor kimi görən BƏƏ dayanır. Əbu-Dabi 1970-ci illərin güc iyerarxiyasını qəbul etmir və böyük qonşuların kölgəsində mövqe tutmaq niyyətində deyil. Adalar məsələsi BƏƏ üçün həm tarixi narazılıq, həm də milli ləyaqət mövzusudur. Simvolizmin hərbi güc qədər əhəmiyyət daşıdığı bu coğrafiyada BƏƏ, 1971-ci ildən əvvəlki inzibati nəzarətə, ərəb iddialarına və Britaniyanın regiondan çəkilməsi ilə yaranan boşluğun İran tərəfindən ədalətsiz şəkildə doldurulduğu hesab edir.
Bütün bunlar İranın hazırkı regional mövqeyi fonunda daha həssas məna kəsb edir. Tehran eyni anda İsraillə çoxşaxəli qarşıdurma, ABŞ sanksiyalarının ağır iqtisadi təzyiqi, daxili narazılıqlar və getdikcə daha özünəinamlı Körfəz ölkələri ilə üz-üzədir. Belə bir şəraitdə yeni cəbhə açmaq, hətta ritorik səviyyədə belə, riskli addım olaraq qalır və İranın artıq gərgin olan strateji yükünü daha da ağırlaşdıra bilər.
BƏƏ isə son illərdə özünü regionun əsas iqtisadi və diplomatik qovşaqlarından birinə çevirib. Qlobal maliyyə şəbəkələrinə inteqrasiya, Qərblə sıx münasibətlər, İsraillə normallaşma və Afrika ilə Asiyada genişlənən investisiya xəritəsi Əbu-Dabiyə manevr imkanları qazandırmışdır. Bu mövqedən çıxış edən BƏƏ üçün böyük, lakin proqnozlaşdırılması çətin bir qonşu ilə açıq hərbi qarşıdurma əldə edilən sabitliyi riskə atmaq deməkdir.
Məhz buna görə də sərt bəyanatlara baxmayaraq, tərəflərin heç biri gərginliyin nəzarətdən çıxmasında maraqlı deyil. İran ABŞ-a yaxın bir Körfəz dövləti ilə mümkün toqquşmanın nəticələrini yaxşı anlayır, BƏƏ isə hərbi eskalasiyanın onillər boyu qurduğu iqtisadi modelə ağır zərbə vura biləcəyinin fərqindədir.
Qeyd edilənlərin fonunda adalar ətrafında yaşanan polemika Körfəz regionunun nə qədər kövrək balans üzərində dayandığını bir daha nümayiş etdirir. Bu mübahisə artıq sadəcə keçmişdən qalma ərazi problemi deyil: Körfəz boyunca iki fərqli dövlət modeli, iki ayrı siyasi özünüdərk forması və iki zidd regional baxışın yan-yana mövcudluq sınağıdır.
Nəticə etibarilə, üç kiçik ada uğrunda mübarizə Yaxın Şərqdə tarixin heç vaxt tam bağlanmadığını xatırladır. Sərhədlər hələ də kolonial mirasın, dövlət ambisiyalarının və dəyişən geosiyasi balansların izlərini daşıyır və bu izlər zaman-zaman yenidən münaqişə dilinə çevrilir.
