Son aylarda hərbi münaqişələrin və geosiyasi gərginliyin artması fonunda siyasi və media diskursunda tez-tez səsləndirilən bir iddia yenidən gündəmə gəlmişdir: beynəlxalq hüququn effektivliyini itirdiyi və mənasız, icrası mümkün olmayan qaydalar toplusuna çevrildiyi fikri. Bu yanaşma əsasən belə bir fərziyyəyə söykənir ki, əgər dövlətlər beynəlxalq hüququn gücdən istifadənin qadağan edilməsi, hərbi və mülki hədəflər arasında fərqləndirmə prinsipi və digər fundamental normalar kimi əsas prinsiplərini pozmaq iqtidarındadırsa, deməli, beynəlxalq hüquq sistemi öz legitimliyini və effektivliyini itirmişdir. Lakin bu qənaət əksər hallarda müasir beynəlxalq böhranların hüquqi təhlilindən daha çox siyasi reaksiyaların məhsulu kimi çıxış edir. Məsələyə daha obyektiv yanaşmaq üçün onu bir neçə mühüm aspektdən qiymətləndirmək zəruridir.
İlk növbədə, hüquq normasının “pozulması” ilə həmin normanın “mövcudluğunu itirməsi” arasında aydın fərq qoyulmalıdır. Heç bir hüquq sistemində hüquq pozuntularının baş verməsi həmin sistemin bütövlükdə legitimliyini və ya qüvvəsini aradan qaldırmır. Daxili hüquq sistemlərində oğurluq, qətl, korrupsiya, zorakılıq və ya vətəndaş hüquqlarının pozulması hallarının mövcudluğu milli hüququn etibarsız olduğunu göstərmir; əksinə, bu hallar hüquq normalarının və onların tətbiq mexanizmlərinin vacibliyini daha da aydın şəkildə ortaya qoyur. Beynəlxalq hüquq da eyni məntiq əsasında fəaliyyət göstərir. Gücdən istifadənin qadağan olunması, beynəlxalq humanitar hüquq və insan hüquqları normalarının pozulması beynəlxalq sistemin siyasi və institusional icra mexanizmlərindəki çatışmazlıqları göstərə bilər, lakin bu, beynəlxalq hüququn “ölümü” kimi qiymətləndirilə bilməz. Əks halda, dünyada heç bir hüquq sistemi effektiv hesab oluna bilməzdi.
Müasir dövrdə beynəlxalq hüququn üzləşdiyi əsas problem hüquq normalarının mövcudluğu deyil, onların selektiv, instrumental və ikili standartlarla tətbiq edilməsidir. Bir çox dövlətlər xarici təhlükələrlə üzləşdikləri zaman BMT Nizamnaməsinə, özünümüdafiə hüququna, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də beynəlxalq humanitar hüquqa istinad edirlər. Lakin həmin dövlətlərin bir qismi eyni zamanda ifadə azadlığı, qadın hüquqları, siyasi azadlıqlar, internet və informasiya əldə etmək hüququ kimi fundamental hüquqlar sahəsində öz üzərlərinə düşən öhdəliklərə görə hesabat verməkdən yayınmağa çalışırlar. Beynəlxalq münasibətlərdə hüququn aliliyinə istinad edən dövlət daxili siyasətdə sistemli repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyətdən kənarda qala bilməz. Beynəlxalq hüquq yalnız siyasi maraqlara uyğun gəldiyi hallarda tətbiq olunan, digər hallarda isə gözardı edilən mexanizmə çevrilməməlidir. Məhz bu ikili yanaşma beynəlxalq hüquq sisteminə ictimai etimadın zəifləməsinin əsas səbəblərindən biridir.
Bu kontekstdə siyasi liderlərin və yüksək vəzifəli şəxslərin hədəfə alınması və ya qətlə yetirilməsi ilə bağlı müzakirələr də emosional siyasi reaksiyalardan daha çox prinsipial hüquqi təhlil tələb edir. Şübhəsiz ki, siyasi liderlərə qarşı sui-qəsdlər beynəlxalq hüququn sabitlik məntiqi ilə, gücdən istifadənin qadağan olunması prinsipi ilə, terror aktlarının yolverilməzliyi ilə və xalqların öz müqəddəratını təyin etmə hüququ kimi fundamental prinsiplərlə ziddiyyət təşkil edir. Bununla belə, burada daha fundamental bir sual ortaya çıxır: beynəlxalq hüquq dövlətlərin və hökumətlərin mahiyyətindən asılı olmayaraq onlar üçün mütləq qoruyucu qalxan rolunu oynamalıdırmı?
Legitimlik böhranı məhz bu nöqtədə meydana çıxır. Sistemli repressiyalar həyata keçirən, insan hüquqlarını pozan, əsas azadlıqları məhdudlaşdıran, ekstremist ideologiyaları təşviq edən və öz vətəndaşlarının iradəsinə məhəl qoymayan hökumətlər yalnız suverenlik və beynəlxalq immunitet prinsiplərinə istinad etməklə beynəlxalq məsuliyyətdən yayınmağa nail olduqda beynəlxalq hüququn legitimliyi sual altına düşür. Beynəlxalq hüququn əsas zəifliyi də məhz burada özünü göstərir: problem yalnız müharibələrin və ya hərbi hücumların baş verməsində deyil, öz vətəndaşlarının hüquqlarını sistemli şəkildə pozan hökumətlərlə effektiv şəkildə mübarizə aparmaq imkanlarının məhdud olmasındadır. Əfqanıstanda Taliban rejiminin təcrübəsi və buna bənzər nümunələr göstərir ki, bəzi hallarda beynəlxalq sistem insan hüquqlarını qorumaqdan daha çox mövcud hakimiyyət strukturlarının davamlılığını təmin edən mexanizm kimi fəaliyyət göstərə bilir. Özləri beynəlxalq hüququ və fundamental insan hüquqlarını sistemli şəkildə pozan hökumətlərin beynəlxalq sistemin bütün hüquq və imtiyazlarından qeyri-məhdud şəkildə yararlanması legitimlik baxımından ciddi suallar doğurur. Çox vaxt beynəlxalq hüququn əsas məqsədləri olan beynəlxalq sülh və təhlükəsizliyin qorunması, insan hüquqları və fundamental azadlıqların müdafiəsi məhz belə rejimlərin mövcudluğu səbəbindən tam şəkildə reallaşa bilmir.
Eyni zamanda beynəlxalq hüququn aktuallığını və əhəmiyyətini göstərən ən mühüm göstəricilərdən biri dövlətlərin öz hərəkətlərini davamlı olaraq hüquqi arqumentlərlə əsaslandırmağa çalışmalarıdır. Demək olar ki, heç bir dövlət açıq şəkildə beynəlxalq hüququn əhəmiyyətsiz olduğunu bəyan etmir. Əksinə, bütün aktorlar öz fəaliyyətlərini özünümüdafiə hüququ, beynəlxalq sülh və təhlükəsizlik, hərbi zərurət, humanitar müdaxilə və ya terrorizmlə mübarizə kimi hüquqi konsepsiyalar vasitəsilə legitimləşdirməyə çalışırlar. Hüquqi əsaslandırma ehtiyacının davam etməsi beynəlxalq hüququn qlobal sistemdə legitimliyin əsas dili olaraq qaldığını göstərir. Əgər beynəlxalq hüquq həqiqətən mənasız olsaydı, dövlətlərin öz davranışlarını hüquqi çərçivədə izah etməyə ehtiyacı olmazdı.
Bu baxımdan müasir vəziyyət beynəlxalq hüququn mövcudluğu böhranı kimi deyil, onun bərabər və ardıcıl tətbiqi böhranı kimi qiymətləndirilməlidir. Problem hüquq normalarının olmamasında deyil, onların qərəzsiz şəkildə tətbiqi üçün zəruri siyasi iradənin çatışmazlığındadır. Dövlətlər beynəlxalq hüququ qarşılıqlı öhdəliklər sistemi kimi deyil, yalnız siyasi maraqların müdafiəsi aləti kimi qəbul etdikləri müddətdə hüquqi normalarla siyasi reallıq arasındakı uçurum qalmaqda davam edəcəkdir. Bununla belə, legitimlik uğrunda mübarizənin hələ də hüquqi arqumentlər və hüquq dili vasitəsilə aparılması göstərir ki, beynəlxalq hüquq nəinki mövcudluğunu qoruyub saxlayır, hətta müasir beynəlxalq nizamda siyasi, etik və normativ mübarizənin əsas meydanlarından biri olaraq qalmaqda davam edir.
Sara Famuri