Son müsahibələrindən də göründüyü kimi, İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” ideyasına bağlılığı bu ideyanı xəyal olaraq görən milyonlarla ərəb üçün həyəcan təbili çalmalıdır.
Netanyahu ötən həftə İsrailin televiziya kanalı “i24News”a müsahibə verərkən bu ideya ilə bağlı fikirlərini səsləndirmişdir. Sağçı müsahibəçi və eks-millət vəkili Netanyahuya üzərində “Böyük İsrail” xəritəsi olan bir amulet vermiş və Baş nazirdən hələ də bu ideyaya bağlı olub-olmadığını soruşmuşdur. Netanyahu isə cavab olaraq “Çox, həm də lap çox bağlıyam”-, deyə cavab vermişdir.
İsrail lideri missiyasını “tarixi” və “spiritual” kimi təsvir etmiş və mövzunu dəyişmişdir. Əslində, o ana qədər danışdığı kifayət idi. Müsahibə zamanı işğal edəcəyi ərazilərin adlarını çəkməsə də, məlum olduğu üzrə “Böyük İsrail” ideyası Qərb Sahili və Qəzza, İordan çayının şərq sahili, Sinay yarımadası və Nil çayının şərq sahillərini əhatə edir.
Təəccüblü deyil ki, onun bu sözləri Misir və İordaniyadan qəzəbli reaksiyalar topladı. Rəsmi Qahirə açıqlama tələb etdi, Əmman isə sadəcə qınamaqla kifayətləndi. Netanyahunu yaxından izləyənlər isə heç təəccüblənmədi. Netanyahunun 1993-cü ildə yazdığı “Millətlər arasında yer: İsrail və Dünya” kitabında tərif və təbliğ etdiyi “yəhudi vətəni” konsepti onun bu müsahibədə səsləndirdiyi fikirlərlə üst-üstə düşür.
O, kitabında Qərbi yəhudi xalqını xəyal qırıqlığına uğratmaqda və vədinə sadiq qalmamaqda (1917-ci Balfur bəyannaməsində İsrailə vəd edilən Fələstin və İordan çayının şərq və qərb sahillərini əhatə edən dövlətin verilməsi. Halbuki, İordan çayı bəyyanəmədə yox idi) ilə günahlandırır.
1993-cü ildə Fələstin və İsrail “Oslo Akkordları”nı yenicə imzalamış, bir-birinin legitimliyini ilk dəfə olaraq tanımış və konfliktlərini danışıqlar yolu çərçivəsində həll etmək üçün işlər görmüşdülər. Danışıqların son nəticəsi isə iki dövlətli həll olmalı idi. Netanyahuya görə bu qorxunc bir addım və satqınlıqdan başqa birşey deyildi.
Netanyahuya görə, milyonlarla fələstinlinin evi olan Qərb Sahili və Qəzzanın işğalı problemi kütləvi yəhudi köçü ilə həll oluna bilər. Beləliklə də, milyonlarla fələstinli İsrailin hakimiyyəti altında öz vətənlərində yad kimi yaşayacaq və əgər özlərini yaxşı apararlarsa, sonralar İsrail vətəndaşı ola biləcəklər. Onun kitabı ərəblərə nə qədər güvənmədiyini və sülhün yalnızca İsrailin güc nümayişi və Ərəb dünyasının köklü transformasiyası ilə əldə oluna biləcəyinə inandığını göstərir.
30 ildən sonra, bu kitab onun İsrailin qonşuluğunda şansı olarsa dərhal necə hərəkət edəcəyini göstərən bir plan kimi görünür. Bu gün ABŞ silahları ilə təpədən-dırnağa silahlanmış, Ağ Ev tərəfindən hədsiz-hüdudsuz dəstəklənən və İran və təmsilçilərinin geri çəkildiyi bir vəziyyətdə, Netanyahunun belə bir şansı var.
Bu kontekstdə dünya İsrailin son təsdiqlənmiş Qəzzanı tamamilə işğal etməyi hədəfləyən planını, həmçinin Suriyanın cənubu və Livanın cənubunda davam edən işğallarını görməlidir. Bəzi İsrail siyasətçiləri hətta Sinay yarımadasını yenidən işğal etməyi təklif edirlər. Belə olacağı təqdirdə də, İsrail Qəzzadakı bütün əhalini zorla köçürəcək.
14 avqustda Qətərə səfəri zamanı, xəbər verildiyinə görə, Mossad rəhbəri David Barnea Qətər əmiri ilə görüşdə bildirib ki, Qəzzanı fəth etmək HƏMAS üzərində təzyiq taktikasından ibarət deyil, bu, Fələstin torpaqlarında İsrailin daimi mövcudluğunu yaratmaq üçün olan real planın bir hissəsidir.
Qəzzanın yenidən yerləşdirilməsi İsrailin böyük dini-sionist bloku tərəfindən dəstəklənir. Bu blokun tərəfdarları son 30 ildə Qərb sahilində məskunlaşmalar qurmaqla məşğul olublar. Çoxları üçün məqsəd, İsraillilərin “Eretz Israel” (İsrail torpaqları) adlandırdıqları ərazini tam şəkildə geri almaqdır. Bibliyada bu ərazilər cənub Levantında yerləşir və Aralıq dənizindən Fərat çayına qədər olan torpaq kimi təsvir olunur.
Keçən həftə işğal altındakı Qərb Sahilində açar ərazidə minlərlə yəhudi məskənlərinin inşası ilə bağlı elan edilən yeni planlar Şərqi Qüdsdən ümidləri üzəcək və mümkün bir Fələstin dövlətinə olan hər hansı ümidləri demək olar ki, birdəfəlik sona çatdıracaq. Getdikcə nəzəri bir təklifə çevrilən bu dövlətin mövcudluğu artıq mümkün olmayacaq, çünki Qərb Sahili artıq kantonlara parçalanıb.
Bununla belə, daha geniş mənzərədə məsələ yalnız Qəzza və ya Qərb Sahili ilə bağlı deyil, bölgənin daha geniş hissəsini əhatə edir. Netanyahu-nun “Böyük İsrail” vizyonuna açıq bağlantısı hər kəs üçün xəbərdarlıq siqnalı olmalıdır. Ərəb dünyasında uzun illərdir bir çoxları İsrailin ərazi ambisiyalarını görməzdən gəlib. Artıq buna bir son vermək vaxtıdır.
Netanyahunun bu vizyonla bağlılığı bilinən halda, İsrail hələ də qonşularla sülh müzakirələrində ciddi qəbul oluna bilərmi? Əgər belədirsə, hansı növ sülh axtarır, nəzərə alsaq ki, Netanyahu sülhün yalnız İsrail gücünün əzici nümayişi və bölgədə radikal dəyişikliklərlə əldə edilə biləcəyinə inanır? Bu, ərəb paytaxtlarının vizyonu ilə tamamilə ziddiyyət təşkil etmirmi?
7 oktyabr 2023-cü il tarixində HƏMAS və digər qruplar tərəfindən edilən hücumlar Netanyahu və onun kabinet üzvlərinə İsrailin gücünü nümayiş etdirmək və Qəzzadan Livana, Suriyadan İrana qədər bölgəni dəyişdirmək imkanı verdi. İsrail bu dəyişikliyin daimi olmasını da istəyir, bunu isə İsrail ordusunun Suriyanın torpağını tərk etmək niyyətinin olmadığı ilə bağlı açıqlamalar sübut edir.
İsrailin baxışları indi yaxın əraziləri əvvəllər olmadığı şəkildə izləyir. Qahirə də onların radarından yayınmayıb. İsrail siyasətçiləri, müharibə vəziyyətində olmadığı halda, Misirin hərbi xərcləri (keçən il 5,2 milyard dollar) barədə sorğu-sual edirlər. 1948–1979-cu illər arasında İsrail və Misir azı dörd müharibə aparıb. Sülh müqaviləsi yeni bir səhifə açmaq məqsədi daşıyırdı. Buna baxmayaraq, 2023-cü ildən sonra şübhələr artmaqdadır.
Misir keçmişdə üzləşdiyi asılılığının qarşısını almaq üçün müxtəlif dövlətlərdən hərbi silahlar tədarük edir. İndi onun arsenalında Amerika, Avropa, Rusiya və Çin silahları var. Bəzi insanlar üçün Misirin müxtəlif və bahalı silahlar alması qərarı, Qahirənin 1979-cu il müqaviləsini sülhdən çox atəşkəs kimi gördüyünə işarə edə bilər.
Misir çox güman ki, Netanyahunun son zamanlar vurğuladığı “Böyük İsrail” konsepsiyasına bağlılığını arqument gətirərək hərbi xərclərinin niyə artdığını əsaslandıracaq. Başqalarının torpaqlarını həm təhlükəsizlik, həm də bibliyada vəd edildiyi bəhanəsilə arzulayan dini bir dövlət hər kəs üçün xəbərdarlıq təbili çalmalıdır. Gücə sahib olanlar kolonialist xəyallarını reallaşdırdığı bir dövrdə, insanların artıq ayılmaq vaxtı çatıb.