İranın önündəki 4 seçim
İran ötən şənbə günü Omanın xarici işlər naziri Bədr əl-Busaidi vasitəsilə ABŞ-yə nüvə proqramı ilə bağlı yeni bir təklif sazişi göndərmişdi və bu sazişinə dair təklifinə rəsmi cavab gözləyir.
Son günlər ortaya çıxan şayiələr göstərir ki, Tehran Vaşinqtonun Oman vasitəçiliyi ilə Muskat və Roma arasında beş raund dolayı danışıqlardan sonra gələn təklifini rədd edə bilər.
Avropalı bir diplomat qeyd edib ki, zaman faktoru İranın əleyhinə işləyir. Halbuki İran əvvəllər bu faktordan öz xeyrinə istifadə etmək bacarığı ilə tanınırdı və bu, son illərdə aydın şəkildə görünürdü.
Livan, Suriya və Qəzza zolağında baş verən son hadisələr, xüsusən də bu ilin əvvəlində ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtmasından sonra İran bir çox təzyiq kartlarını itirdiyi üçün hal-hazırda İranın vəziyyəti əvvəlki kimi deyil.
Açıqca desək, yuxarıda qeyd olunan diplomatik xarakteristikada İran indi 2023-cü ilin payızından əvvəl olduğundan daha “zəif” vəziyyətdədir. Üstəlik, Trampın keçən həftə Netanyahuya İranın nüvə fəaliyyətini pozan obyektlərinə hücum əmrinin qarşısını aldığını iddia etdiyi kimi, İsrail təhdidi artıq əvvəlki kimi “təhdid” kateqoriyasına aid edilmir.
Danışıqlar dalana dirəndiyindən və ABŞ administrasiyası İranın edilən təklifə cavab verəcəyinə ümidini itirdiyindən, İsrailin impulsunun qarşısını almaq üçün Trampın bəhanəsi artıq çökdü və regionda naməlum imkanlara qapı açdı.
Odur ki, ərəb rəsmilərinin, xüsusən də Körfəz ölkələrindən verilən açıqlamalarda onsuz da qeyri-sabitlikdən əziyyət çəkən bölgəyə mənfi təsir göstərəcək müharibə və münaqişələrdən qaçınmağın vacibliyi vurğulanır.
Bu gərgin atmosferə baxmayaraq, İranın xarici işlər naziri Abbas Araqçı dünən Qahirədə bu bəyanatı verməkdən çəkinmədi: “İsrailin İrana hücum etmək kimi bir səhv edəcəyini düşünmürəm”.
İranın zəifləyən mövqeyi
Bu gün Tehran özünü müxtəlif cəbhələrdə diplomatiyasını canlandırmağa vadar edən bir sıra problemlərlə üzləşir. Xüsusilə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və BMT-nin Təhlükəsizlik Şurasının dəstəyini axtarmaq üçün əvvəllər Moskva və Pekinə səfər edən Araqçı ölkəsinin mövqeyini izah etmək və Qərbin təzyiqlərinə müqavimət göstərmək üçün regional səfərə çıxıb.
Tehran “Qlobal Cənub” adlanan ölkələrin siyasi dəstəyinə arxalana bilər. Lakin bu dəstək, istər 2015-ci il sazişi, istərsə də BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əsasında nüvə faylını tənzimləyən hüquqi mexanizmlərə üzərində çox az təsirə malik olduğu üçün məhdud olaraq qalır.
Parisdəki avropalı diplomat hesab edir ki, İranın zəifliyi bu gün onun nüvə faylı ilə birbaşa əlaqəsi olan üç Avropa paytaxtından – Paris, Berlin və Londondan uzaq düşməsindədir.
Tehranla münasibətlərinin əhəmiyyətli dərəcədə pisləşməsinə şahid olan Fransa, 2022-ci ilin may ayından iki Fransa vətəndaşının casusluq ittihamı ilə “özbaşına” həbsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) şikayət edib. Fransa vətəndaşlarının işlərinə baxılıb-baxılmaması məlum deyil.
Bu yaxınlarda Almaniyada kansler Fridrix Merzin rəhbərliyi altında İrana qarşı əvvəlki hökumətdən daha sərt mövqe tutan sağçı hökumət quruldu.
London isə Vaşinqtonla yaxınlaşmasını davam etdirmək istəyir. Bu, ABŞ-nin Tehrana qarşı sərt xəttindən kənara çıxmasını qeyri-real edir.
Bir sözlə, avropalılar danışıqlarda marjinallaşdırılsalar da, İranla vasitəçi rolunu oynamaqdan kənarlaşdırılsalar da, hazırda Avropanın mövqeyi ABŞ-nin mövqeyinə daha yaxındır.
Üstəlik, MAQATE-nin İdarə Heyətinin tələbi ilə keçən noyabr iclasında yaydığı son əhatəli hesabat həm məzmunu, həm də gözlənilən nəticələri baxımından İran üçün yeni uğursuzluqdur.
Digər məqam isə MAQATE-nin Rəhbərlər Şurasının bu ayın 9-13-ü arasında keçirilməsi planlaşdırılan iclasıdır. Məlumata görə, iclasın keçirildiyi kontekst, orada müşayiət olunacağı gözlənilən eskalasiya və bunun İranın nüvə dosyesinin BMT Təhlükəsizlik Şurasına geri göndərilməsi ilə nəticələnə biləcəyi ehtimalı nəzərə alınmaqla, bu görüş İran üçün ən mühüm görüş hesab olunur.
MAQATE-nin baş direktorunu “qərəzli” olmaqda günahlandıran bir sıra İran rəsmilərinin sərt reaksiyaları göz önünə gətirildikdə, İranın qorxusu aydın görünür. Rəsmi Tehran bundan əvvəl sənədlərinin BMT Təhlükəsizlik Şurasına göndərilməsinə qəti cavab veriləcəyi ilə hədələmişdi.
Digər tərəfdən, BMT Təhlükəsizlik Şurasının Birgə Hərtərəfli Fəaliyyət Planı Sazişini (JCPOA - nüvə sazişi) təsdiq edən 2231 saylı qətnaməsinin müddəti bitənə (oktyabra) qədər Qərb ölkələrinin çox mühüm qərarlar qəbul etməsi ehtimallar daxilindədir.
Tehranın dörd seçim variantı
Yuxarıda sadalananlar nəzərə alındıqda, İranın alt ssenariləri ilə birlikdə dörd əsas variantının olduğu aydındır. ABŞ-nin təklifinə rəsmi cavabını gözləyən birinci variant, görünür, bütün danışıqlar prosesinin sonu demək olan “radikal rədd” və ya danışıqlar qapısını açıq saxlayacaq “ötəri rədd” olacaq.
Başqa sözlə, İranın maraqlarına və vizyonuna uyğun gəlməyən razılaşmanın əsas məqamları ilə bağlı “şərtini” bildirməsi, bəzi dəyişikliklər etməsi və rabitə kanallarının açıq qalacağı təqdirdə ABŞ-ın reaksiyasının necə olacağını görmək üçün qapı açıq qala bilər.
İranın uranın zənginləşdirilməsi və nüvə proqramını öz torpağında davam etdirməkdə israrlı olması və Vaşinqtonun isə bunun əskini istəməsi əsas çaxnaşma nöqtəsidir. İstənilən halda danışıqlar mahiyyət etibarı ilə o demək deyil ki, bir tərəf öz mövqeyini tamamilə digər tərəfə təlqin edir.
Tehran nüvə məsələsi kimi bəzi məsələlərdə qəti mövqedə olsa da, digər mövzularda, məsələn, regional siyasətində nisbətən yumşalma göstərə bilər. Ya da, Vaşinqtonla qol güləşi prosesində istifadə edə biləcəyinə inandığı Husilər kimi tərəflərlə sövdələşmələr apara bilər.
Bununla belə, İran rəsmiləri sövdələşmədən qəti şəkildə imtina etmək və danışıqları dayandırmaq qərarına gəlsələr, ki bu da ciddi gərginlikdən xəbər verən ssenaridir, bu zaman sonrakı hadisələr aydın olacaq. Bu halda gözlənilən ilk reaksiya ABŞ-nin sanksiyalarının sərtləşdirilməsi və ola bilsin ki, 2015-ci il razılaşması və 2231 saylı qətnamədə nəzərdə tutulan “snapback” mexanizminin işə salınması olacaq. Bu da nüvə sazişindən sonra dayandırılmış altı BMT sanksiyalarının bərpası deməkdir.
Belə olduqda vəzifə üç Avropa ölkəsinin üzərinə düşəcək: Fransa, Almaniya və Böyük Britaniya. Çünki Tramp administrasiyası 2018-ci ilin mayında sazişdən çıxdıqdan sonra ABŞ “snapback” mexanizmini işə salmaq hüququnu rəsmən itirib.
İranın avropalılara xəbərdarlıqları son günlər artıb. Araqçı bazar günü MAQATE-nin baş direktoru Rafael Qrossi ilə telefon danışığında İranın “Avropa tərəflərinin hər hansı uyğunsuz hərəkətinə cavab verəcəyini” deyib və Qrossidən hesabatın İrana qarşı “siyasi məqsədlərə xidmət etmək” üçün istismar edilməsinin qarşısını almasını istəyib.
Digər tərəfdən, Avropa siyasi ədəbiyyatı Rusiyaya hərbi dəstək verməkdə və İsraili hədəfə almaqda ittiham olunan Tehrana qarşı daha sərt olmağa doğru gedir.
Bu kontekstdə Fransanın xarici işlər naziri Jan-Noel Barrot MAQATE-nin İranın 10 nüvə bombası yaratmağa çatacaq qədər (yəni 60% zənginləşdirilmiş) urana malik olduğunu göstərən son hesabatına uyğun olaraq, "İranın nüvə təhlükəsi" kimi təsvir ediləcəyi təqdirdə "snapback"in aktivləşdirilməsini tələb etməkdə "bir an belə tərəddüd etməyəcəyini" bildirib.
Ən pis ssenari, şübhəsiz ki, İsrail və yaxud ABŞ-nin İranın nüvə obyektlərini hədəf alan hərbi əməliyyatları olacaqdır. Bu da Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlaması deməkdir. Belə bir eskalasiya, region ölkələrinin regionun təhlükəsizliyi və sabitliyinə dağıdıcı təsirlərinə görə istəmədiyi bir şeydir.
Prezident Tramp indiyədək İranla birbaşa hərbi münaqişədən yayınmağa diqqət edirdi və İran da hələki Trampın bu ehtiyatlılığından yararlanır. Digər tərəfdən isə İsrailin baş naziri İranın nüvə proqramından tamamilə qurtulmaq və ya ən azı bir neçə il təxirə salmaq üçün fürsət güdür.
Hərbi gərginliyin artması halında İranın ən çox ehtimal olunan cavabı Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq olacaq ki, bu da regiondakı digər ölkələri nüvə yarışına girməyə təşviq edə bilər.