Səudiyyə Ərəbistanı bölgənin ən mühüm siyasi və iqtisadi güclərindən biri olaraq, illik 70 milyard dollardan çox hərbi büdcəyə malikdir və ÜDM-in böyük hissəsini müdafiə və hərbi layihələrə sərf edən ölkələr sırasındadır. Onun hərbi inkişaf siyasətləri on ildən çox tarixi bir prosesə dayanır. 2015-ci ildə Məhəmməd bin Salmanın hakimiyyətə gəlməsindən sonra isə iqtisadi və sosial inkişaf siyasətləri ön plana çəkildi və nəticədə davamlı təhlükəsizlik ölkənin əsas prioritetlərindən birinə çevrildi.
İlk baxışdan, Pakistanla imzalanan təhlükəsizlik sazişi hər nə qədər ikitərəfli təhlükəsizliyi gücləndirmək məqsədilə elan edilsə də, regionun mürəkkəb geosiyasi reallıqları kontekstində bu razılaşmanın Səudiyyənin təhlükəsizliyinə nə dərəcədə töhvə verəcəyi mübahisəlidir.
Səudiyyə–Pakistan razılaşmasının konteksti
Son illərdə inkişaf yönümlü siyasətin güclənməsi ilə Səudiyyə Ərəbistanı regional gərginlikləri azaltmağa yönəlmiş yanaşma sərgiləyir. Riyad, geosiyasi rəqibləri ilə düşmənçiliyi azaltmaqla yanaşı, müdafiə və hərbi ittifaqları şaxələndirməyə çalışır. Məqsəd – xarici (xüsusilə Qərb) qüvvələrdən asılılığı minimuma endirməkdir. Bunun bariz nümunəsi kimi, İranla münasibətlərdə düşmənçiliyin azaldılması istiqamətində atılan addımları göstərmək olar. Çin vasitəçiliyi ilə əldə olunan İran–Səudiyyə yaxınlaşması nəticəsində Riyad həm İranın yaratdığı təhlükəni tarazlaşdırdı, həm də ABŞ-İran qarşıdurmasından kənarda qaldı.
Eyni zamanda, Səudiyyə Ərəbistanının körfəz ölkələri ilə ortaq hərbi qüvvələrin (Peninsula Shield Forces) gücləndirilməsi və Çindən hərbi texnika alması, təhlükəsizlik siyasətində şaxələndirmənin konkret nümunələridir. Son vaxtlar İsrailin Qətərə etdiyi hava hücumu və Qətərdəki Əl-Udeyd ABŞ hərbi bazasında yerləşən qüvvələrin bu hadisəyə reaksiyasız qalması, həmçinin Qətər rəhbərliyinə məlumat verilməməsi, ABŞ-nin regional təhlükəsizlik təminatına olan etimadı ciddi şəkildə sarsıtdı. Nəticədə, strateji müdafiə tərəfdaşlarını şaxələndirmək ideyası daha da gücləndi. Bu şəraitdə Pakistanla razılaşma Səudiyyə üçün qiymətli fürsətə çevrildi.
Regional təsirlər
“İbrahim Sazişləri”, İsrailin Qətərə müdaxiləsi ilə özünün strateji səhvi nəticəsində təhrif olundu və bu saziş regionda təhlükəsizlik arxitekturasının Karlas Şmitt modelinə uyğun formalaşdırılmış bir nümunəsi idi. Bu model İranın təhlükəsizləşdirilməsi (securitization) prinsipinə əsaslanırdı.
Hərçənd sazişin məqsədi ərəb ölkələrinin təhlükəsizliyini təmin etmək kimi təqdim olunurdu, lakin faktiki olaraq İsrailin hücum və hərbi imkanlarını prioritetləşdirərək, ərəb dövlətlərini ikinci dərəcəli və asılı mövqeyə saldı. Nəticədə bu təşəbbüs, mahiyyət etibarilə, regionun kollektiv maraqlarından çox Təl-Əvivin siyasətindən asılı vəziyyətə düşdü. İndi isə, Riyadın müdafiə əlaqələrini şaxələndirmək təşəbbüsü ilə bu siyasi və hərbi saziş daha da zəifləyir, və bunun əvəzində regional təhlükəsizlik quruculuğuna yönəlik yeni alternativlər getdikcə daha çox güc qazanır.
Səudiyyə Ərəbistanının Yəməndə husilərlə uzunmüddətli qarşıdurma təcrübəsi, eləcə də İranla “Müqavimət oxu” (Axis of Resistance) və regional rəqabətlər kontekstində ziddiyyətli maraqları fonunda, Pakistan kimi nüvə silahına malik bir hərbi güclə əməkdaşlıq Riyad üçün digər regional aktorların aqressiv siyasətlərinin xərcini artırmaq məqsədi daşıyan strateji addım kimi dəyərləndirilə bilər.
Məsələn, 2019-cu ildə “Aramco” neft obyektlərinə edilən pilotsuz təyyarə hücumları o zaman hücum edən tərəf üçün qısamüddətli nəticələr doğurmasa da, bu gün eyni hadisə baş versə, onun təhlükəsizlik və siyasi mənaları daha mürəkkəb şəkildə qiymətləndirilərdi. Bu kontekstdə bəzi təhlilçilər hesab edirlər ki, İsrail bu razılaşmanın formalaşmasında dolayı açar rola malik olub. Çünki Çin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında əldə edilmiş diplomatik balans artıq hər iki tərəfin mövqelərini sabitləşdirdiyindən, Riyad üçün İsrailin regiondakı siyasətləri yeni təhlükə mənbəyi kimi nəzərdən keçirilir.
Körfəz ölkələri arasında aktiv liderlik mövqeyinə malik olan Səudiyyə Ərəbistanı, son illərdə dövlətlərin geosiyasi rolunu gücləndirmək, buna qarşılıq olaraq isə qeyri-dövlət aktorlarının təsirini azaltmaq istiqamətində siyasət yürüdür. Bu yanaşmanın nəticəsi kimi, “İslam NATO-su” və ya “Ərəb NATO-su” ideyaları meydana çıxmışdır. Qısamüddətli perspektivdə bu təşəbbüslərin tam reallaşması çətin görünsə də, uzunmüddətli dövrdə regional güc bloklarının formalaşması üçün potensial baza yaradır.
Regiondankənar nəticələr
Ənənəvi olaraq, İran Çinin Yaxın Şərqdəki geosiyasi mövcudluğunda mühüm rol oynayırdı, Səudiyyə Ərəbistanının Çinlə apardığı genişmiqyaslı ticarət əlaqələri isə Pekinin regiondakı geoiqtisadi təsirini nümayiş etdirirdi. Hazırda isə Pakistanın ağır və müasir silah sistemlərinin böyük hissəsi Çin texnologiyasına əsaslandığı, o cümlədən döyüş təyyarələri kimi aerokosmik avadanlıqların birbaşa Çindən alındığı nəzərə alınarsa, Pakistanın Səudiyyə Ərəbistanı ilə həyata keçirdiyi müdafiə əməkdaşlığı Çinin Səudiyyənin müdafiə siyasətinə dolayı təsiri kimi şərh olunur. Bu geosiyasi dinamikanın dəyişməsi xüsusilə diqqətəlayiqdir, çünki Səudiyyə Ərəbistanı uzun illərdir ABŞ ilə dərin müdafiə inteqrasiyasına malikdir. Beləliklə, Pakistan vasitəsilə Çinin bölgədə təsir imkanlarının genişlənməsi, Riyadın təhlükəsizlik balansında yeni çoxqütblü istiqamətin yaranması kimi qiymətləndirilə bilər.
Çinin Səudiyyə Ərəbistanı ilə Pakistan arasında imzalanmış müdafiə sazişində pərdəarxası iştirakı, Pekinin Yaxın Şərqin enerji bazarının mərkəzinə geostrateji nüfuzunun bir forması kimi qiymətləndirilə bilər. ABŞ-nin Əfqanıstandakı Baqram hərbi bazasını yenidən ələ keçirmək səyləri, və bu addımın Çin sərhədlərinə yaxınlaşmaq məqsədi ilə atıldığını açıq şəkildə bildirməsi, bu prosesə birbaşa reaksiya kimi şərh olunur. Nəticə etibarilə, Çinin artan regional təsiri ilə bağlı narahatlıqlar, ABŞ-ın “offshore balancing” (uzaqdan balanslaşdırma) strategiyasını daha da zəiflədə və Vaşinqtonu Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağa məcbur edə bilər.
Hindistan və Pakistan arasında uzun illər davam edən tarixi münaqişələr və bu iki nüvə silahına malik dövlət arasında son illərdə artan hərbi rəqabət, eləcə də IMEC dəhlizinin uğursuzluğa uğrama ehtimalı, Hindistanın Pakistan və Səudiyyə Ərəbistanı arasındakı hərbi əməkdaşlığa qarşı xüsusi həssaslıq göstərməsinə səbəb olur.
Mövcud vəziyyəti balanslaşdırmaq məqsədilə Hindistanın Səudiyyə Ərəbistanının regional rəqibi ilə əlaqələrini gücləndirməyə çalışması mümkündür. Bu kontekstdə, Hindistan Baş nazirinin ABŞ-dən illər sonra ilk dəfə İranın neft bazarına daxil olmağa icazə istəməsi də bu proseslə bağlı ola bilər. Bundan əlavə, ABŞ sanksiyaları səbəbindən İran üzərindən keçən Hindistan ticarət dəhlizinin bağlanmasından sonra IMEC layihəsinin gündəmə gəlməsi, Hindistanın İsraillə əlaqələrini dərinləşdirməsini — yəni dəhlizin əsas komponentlərindən biri olan bu ölkə ilə daha sıx əməkdaşlıq qurmasını — təşviq edə bilər.
Nüvə silahına malik ölkələrdən müdafiə dəstəyi istifadəsi uzun müddətdir ki, təhlükəsizlik böhranlarını və ərazi təhdidlərini aradan qaldırmaq, həmçinin nüvə silahlarının yayılmamasını təmin edən müqaviləni (NPT) qorumaq vasitəsi kimi qiymətləndirilir. Hazırda bu cür dəstəkdən faydalanan ölkələr mövcuddur: məsələn, Yaponiya, Cənubi Koreya və Avstraliya ABŞ tərəfindən təqdim edilən nüvə çətirindən yararlanır, həmçinin Belarus da Moskvanın nüvə çətirilə qorunur. Lakin Səudiyyə Ərəbistanının hazırkı vəziyyətdə NPT-yə üzv olmayan bir ölkənin nüvə çətirindən istifadə etdiyi iddia edilir. Bu, qlobal miqyasda nüvə yayılmaması rejiminə ciddi pozuntu kimi qiymətləndirilə bilər və beynəlxalq təşkilatlar tərəfindən reaksiyaya səbəb ola bilər.
Mümkün ssenarilər
Səudiyyə rəsmi şəxsləri bəzən Pakistanın nüvə çətirinə istinad etsələr də, bunun Riyadın müdafiə strategiyasının əsas dayağı halına gəlməsi ehtimalı aşağıdır. Səbəb isə Pakistanın daxili siyasi qeyri-sabitliyi, qeyri-müəyyən xarici siyasət kursu, NPT-yə üzv olmaması və digər daxili məhdudiyyətlərdir. Bu amillər belə bir asılılığı həm riskli, həm də siyasi baxımdan baha başa gələn edir. Buna görə, hər iki tərəfin mətbuata verdiyi bulanıq və qeyri-müəyyən açıqlamalar nəzərə alınaraq, Riyad üçün nüvə qeyri-müəyyənliyi (nuclear ambiguity) daha təhlükəsiz və real bir strategiya kimi qiymətləndirilə bilər.
Daha real və inandırıcı yol isə Çinlə müdafiə əlaqələrinin dərinləşdirilməsidir. Çin sistemlərinin dolayı yolla əldə edilməsi Səudiyyənin Vaşinqton qarşısındakı danışıqlar mövqeyini gücləndirə, regiondakı məhdud təhlükələrə qarşı dayanıqlılığını artıra və hərbi tədarük zəncirlərini şaxələndirərək ABŞ-yə strateji asılılığı azalda bilər.
Aydın bir ehtimal, Körfəz ölkələrinin Pekinlə əlaqələri strateji siqnal kimi istifadə etməsidir. Məqsəd ABŞ-ı regionda güclü mövcudluğunu qorumağa məcbur etmək və Amerikanın davamlı müdafiə təminatlarını təmin etməkdir. Bu vəziyyətdə Çin alternativ qoruyucu rolundan daha çox, ABŞ-nin öhdəliklərini gücləndirmək üçün bir təzyiq aləti funksiyasını yerinə yetirir.
Az ehtimal edilən bir ssenari belədir ki, Səudiyyə Ərəbistanı yeni müdafiə sazişlərini ABŞ-nin “Abraham Sazişləri” çərçivəsində İsraillə münasibətləri normallaşdırmaq təzyiqinə qarşı müqavimət göstərmək üçün istifadə etsin, xüsusilə Vaşinqtondan hərbi təminat almadan. İsrailin regiondakı təcrid vəziyyətindən istifadə edərək və dövlətlərarası əməkdaşlığı ön plana çıxararaq, Riyad qeyri-dövlət aktorları üzərində qurulmuş təhlükəsizlik modelini zəiflədə və Vaşinqton ilə Təl-Əviv arasındakı fikir ayrılıqlarını incə şəkildə üzə çıxara bilər.
Nəhayət, daha az ehtimal edilən, lakin təhlükəni artıran ssenari, Səudiyyə Ərəbistanının Pakistanın nüvə deterrentinə yenidən maraq göstərməsidir—bu dəfə fokus daha çox İrana yox, İsrailə və ya hətta ABŞ-yə yönələ bilər. Hərçənd bu ehtimal azdır, belə bir addım Riyad–Vaşinqton münasibətlərinə və regional caydırıcılıq dinamikasına yeni qeyri-müəyyənlik gətirər.
Əliəsgər Pirhadi