Böyük dövlətərin kiçik toplumlara dəstək verərək onlardan öz siyasi maraqları üçün istifadə etməsi hallarına siyasi praktikada tez tez rast gəlinir. Ən bariz nümunə kimi İŞİD-lə mübarizədə kürd icmasının imkanlarından istifadə edən ABŞ-ı göstərmək olar (hazırda ABŞ-nın kürd icmasına əvvəlki dəstəyi müşahidə olunmur, hətta ABŞ-nın Suriya Demokrtaik Qüvvələrinin (SDQ) Suriya dövlət qurumlarına və ordusuna inteqrasiya olunmasına razılığını ifadə etməsi, artıq siyasi dəstəyini azaltması mənasını verir). Öz növbəsində, kiçik toplumlar böyük güclərin onlardan, strateji tərəfdaş, etibarlı müttəfiq, təzyiq və ya təsir elementi kimi istifadəsini anlayaraq siyasi mükafatlandırma müqabilində və ya “yaşamaq uğunda mübarizə” konteksində öz kimliklərini qorumağa çalışır, bunun üçün daha praqmatik və balanslaşdırlmış siyasət yürüdürlər.
Druzlar – Yaxın Şərqin kiçik toplumu olmalarına baxmayaraq, böyük kölgələri ilə diqqətdə olmağı bacarırlar. Onlar strarteji tərəfdaş, etibarlı müttəfiq qismində özlərini doğrulda bildikləri üçün illərdir öz mövcudluqlarını qoruyub saxlaya bilmişlər. Regional münaqişlərdə balanslaşdırıcı rol oynaması, doğru strategiyası, döyüşkənliyi və etibarlılığı baxımından druz icmasını Yaxın Şərqin fəal siyasi aktorlarından biri hesab etmək olar. Bununla belə, druz icmasnın siyasi aktivliyi və siyasi mövqeyi onların mövcud olduqları ölkələrə görə (məsələn Suriya, Livan və İsrailin siyasi sistemindən asılı olaraq) dəyişir. Bunu “çevik diplomatiya” və ya siyasi "xameleonluq" da adlandırmaq olar. Lakin hər üç ölkədə druz icmasının dağlıq ərazilərdə yaşaması (Suriyada əsasən Cəbəl əd Druz dağında, Livanda Şuf və Əla dağlarında, İsraildə Qalileya və Qolan kimi sratjeyi bölgələrdə) onların hər üç ölkə üzrə rolunu daha həlledici və hesablaşılan edir, eyni zamanda onlarla tərəfdaşlığın əhəmiyyətliliyini artırır. Qeyd olunan məqam nəzərə alınaraq, onların imkanları regionun güclü aktorları tərəfindən mühüm tərəfdaş predmeti, təsir vasitəsi kimi istifadə edilir.
Son illərdə Yaxın Şərqdə baş verən siyasi proseslər onu göstərir ki, İsrail ciddi cəhdlə druz icmasını müdafiə edərək beynəlxalq arenada azlıqların hüquqlarının müdafiəçisi imici yartamaqla yanaşı, onların imkanlarından sərhədlərin möhkəmlənməsində və təhlükəsizliyində səmərəli istifadə edir. Hazırda İsraildə yaşayan druzların sayı 150,000 nəfərdən çoxdur və onlar təkcə İsrail vətəndaşlığına deyil, bir sıra hüquqi və sosial statuslara da malikdirlər (baxmayaraq ki, bəzi druz qrupları hesab edirlər ki, sosial və iqtisadi baxımdan eyni hüquqlara malik deyillər). Onlar digər ərəbdilli icmalardan fərqli olaraq, İsrail dövləti və ordusu ilə sıx inteqrasiya olunmuşlar. İsraildə yaşayan druzlar iki qismə bölürnürlər - Şimal druzları və Qolan təpələrində yaşayan druzlar. Şimal druzları hazırda İsrail hökumətində, parlamentində və ordusunda yüksək postlarda çalışır və İsrail dövlətinə qarşı loyallıq və sadiqlik nümayiş etdirirlər, 1948-ci ildən İsrail dövlətinin tam hüquqlu vətəndaşları hesab edilirlər. Qolan druzları isə 1967-ci ildə Suriyadan alınan Qolan təpələrində yaşayan druzlardır ki, onlar uzun illər İsrail vətəndaşlığından imtina edib Suriyaya sadiq qaldıqlarını bildirsələr də, özlərini Suriya vətəndaşları hesab etsələr də, Suriya vətəndaş müharibəsindən sonra İsrail vətəndaşlığına keçənlərin sayı kəskin artırmışdır.
2024-cü ildə Suriyada Bəşər Əsəd rejimin devrilməsiindən sonra ölkədə yaranan boşluqdan əhəmiyyətli şəkildə istifadə edən İsrail Suriyada milli azıqların hüquqlarının qorunması, xüsusilə druzların “hamisi” rolunda çıxış etməyə başladı. 2025-ci ildə Suriyanın Süveydə bölgəsində bədəvi ərəblərlə druz icmasının nümayəndələri arasında baş vermiş toqquşma zamanı Suriya müvəqqəti hökuməti tərəfindən əraziyə ordu yeridilməsinə cavab olaraq İsrail Suriyada druzların hüquqlarının qorunması bəhansi ilə Dəməşqdəki hökumət binalarına ağır hava zərbələri endirməklə druzların müdafisəinə qalxdığını elan etdi.
Bəs İsrailin Suriya druzlarını müdafiə etməsinin səbəbi nədir? İsrailin azlıqlarla bağlı apardığı milli strategiyası ilə yanaşı, aşağıda sadalanan bəzi məqamlar da İsrailin Suriya druzlarını müdafiə etməsinin səbəbləri kimi izah oluna bilər:
- İsraildə yaşayan və siyasi elitada yüksək mövqe tutan druzların etibar və inamına cavab olaraq - “biz hər zaman sizin arxanızdayıq” mesajını vermək;
- Süveydanın rəsmi Dəməşqdən asılı olmayan muxtar və ya tam müstəqil bir subyektə çevrilməsini siyasi cəhətdən dəstəklədiyini bildirməklə, Bəşər Əsəd rejimi devrildikdən sonra qonşuluğunda güclü Suriya modelinin yaramasında maraqlı olmaması;
- İsrail şimal sərhədində sünni radikallara qarşı "druz bufer zonası" yaratmaq, Suriyadakı druz icmasının imkanlarından qalxan rolunda istifadə etməklə stareteji hədəflərindən biri olan “Davud dəhlizi”ni reallaşdırmaq istəyi.
Qeyd olunmalıdır ki, “Davud dəhlizi” İsrailin nəzarətindəki Qolan təpələrindən başlayaraq Suriya və İraq ərazilərindən keçməklə İraq Kürdüstanına qədər uzanan nəhəng bir zolağı əhatə edəcəyi nəzərdə tutulan bir layihədir. Bundan məqsəd İsrailin şimal sərhədlərini qorumaqla yanaşı, İran və Türkiyə kimi rəqiblərinə qarşı münasibətdə təhlükəsizlik zolağı yaratmaq, İranın Suriya və Livanla əlaqələrini kəsmək, habelə Türkiyənin cənubunda buferzona yaratmaqdır. “Davud dəhlizi”nin xəritəsi - Qolan təpələrindən başlayaraq - Suriyanın cənubundakı Kuneytra, Dəra və druzların sıx yaşadığı Süveyda vilayətləri - əvvəllər ABŞ hərbi qüvvələrinin yerləşdiyi Əl-Tənf (Al-Tanf) bazası və onun ətrafı - əvvəllər Suriya Demokratik Qüvvələrinin (SDQ/YPG) nəzarətindəki Deyr əz-Zor (hazırda böyük hissəsi Suriya hökümət qüvvələrinin nəzarətindədir) və Fərat çayının şərqindəki ərazilər - İraqın şimalındakı İraq Kürdüstanı (Erbil/Kərkük) bölgəsini əhatə edir.
ABŞ rəhbərliyi İsraili öz şimal sərhədlərini radikal qruplaşmalardan qorumaq üçün hər cür təhlükəsizlik tədbirləri görmək, o cümlədən bufer zonalar yaratmaq hüququna malik olduğunu desə də, rəsmi Ankara İsrailin druz icmasıın imkanlarından istifadəni sui istifadə, siyasi maraqlar kimi qiymətləndirərək bu cür etnik anklavların gələcəkdə qeyri-stabillik mənbəyi olacağını bildirmişdir .
Etnik və dini azlıqlarla tərəfdaşlıq münasibətləri qurmaq, onları himayə etmək İsrailin regional siyasətinin əsas tərkib hissəsi olduğu üçün o, təkcə Suriya druzlarını deyil, eyni zamanda Livandakı druz icması ilə də əlaqələrini möhkəmləndirərək onları strateji tərəfdaş kimi dəyərləndirir. Bununla belə, Suriyadan fərlqi olaraq, İsrailin Livan druzlarını birbaşa və ya açıq şəkildə müdafiə edə bilməməsi aydın müşahidə olunur. Buna səbəb sadalanan ölkərlərin müxtəlif siyasi idarəçilik prinsipinə əsaslanmasıdır. Belə ki, Suriyayada müvəqqəti hökumətin mövcudluğu, idarəçilk sistemində bəzi boşluqların olması İsrailə daha geniş hərəkət imkanları verir. Eyni zamanda Suriya druzlarının lideri Şeyx Hikmət əl-Hicrinin Süveydə hadisələri zamanı druzlara qarşı yönələn hücumlar və mərkəzi hökumətin təzyiqləri qarşısında İsrail hökumətinə rəsmən müraciət etməsi İsrailə eyni zamanda hüquqi əsas vermiş oldu.
Nəzərə alsaq ki, Yaxın Şərqdə ən böyük druz icması (təxminən 700 min) Suriyadadır, o zaman bunu İsrailin məqsədyönlü və planlı siyasəti də hesab etmək olar. Livanda isə vəziyyət nisbətən fərlqidir (Livan drzularını sayı 250-300 min), İsrailin Livan druzlarına açıq dəstək göstərə bilməməsinin səbəbləri - Livanın siyasi idarəçilk sisitemində milli azlıqların hökumətdə, parlamentdə, siyasi partiyalarda təmsil olunmaq hüququna malik olmaları, "Hizbullah"ın hərbi basqısı, habelə Livan druzlarının lideri hesab olunan Valid Cumblatın İsrali “druzlardan siyasi maraqları üçün istifadə etməkdə ittiham etməsi” kimi məqamlar hesab oluna bilər. Buna baxamayaraq, İsrail Livan druzlarını diplomatik təzyiqlər və kəşfiyyat xəbərdarlıqları səviyyəsində müdafiə edə bilir. Gərgin dövrlərdə sərhəd bölgəsindəki druz icmalarına tibbi yardımların çatdırılması və humanitar dəhlizlərin açılması İsrailin Livandakı druzları öz tərəfinə çəkmək strategiyasının tərkib hissəsi, habelə gələcək əməkdaşlıq üçün İsrailin burada möhkəm əasas yaratmağa çalışmasının göstəricisi hesab olunur.
Yuxarıda qeyd olunan məqamlar druzların etibarlı müttəfiq və strateji tərəfdaş kimi özlərini doğrultduğunu deməyə əsas verir.
Qeyd: “Davud dəhlizi” layihəsi İsrail dövləti tərəfindən təsdiqlənmiş real layihə deyil, yalnız regional araşdırmaçıların gəlidiyi qənaətidir.
AMEA-nın Fəlsəfə İnsitutunun dissertantı
Səfiyeva Həcər Kamal qızı