“212 Gənclik Hərəkatı”nın Mərakeşdəki etirazlara rəhbərlik etməsi ölkədə geniş rezonans doğurmuşdur. Hərəkat, cəmi bir həftə öncə səhiyyə və təhsil sektoruna qarşı təşkil etdiyi aksiyalarla Mərakeş ictimaiyyətini təəccübləndirmişdir. Bu aksiyaların ardınca baş verən qarşıdurmalar isə üç nəfərin ölümü ilə nəticələnmişdir. Bəs biz bu hərəkat haqqında nələri bilirik və o, necə yaranıb?
Hərəkatın adı üzvlərinin əsasən “Z” nəslinə mənsub olması və Mərakeşin beynəlxalq telefon kodu olan “212”-nin birləşməsindən yaranmışdır. İlkin üzvlərin sözlərinə görə, hər şey Aqadir şəhərində ardıcıl səkkiz hamilə qadının ölümünə dair xəbərin yayılmasından sonra başlayıb. Bu hadisədən sonra “Discord” platformasında müzakirə qrupları açılmış və gənclər arasında təşkilatlanma prosesi sürətlənmişdir.
Rəsmi mənbələr hamilə qadınların ölümü ilə bağlı istintaq başladıldığını bildirsə də, aradan bir il keçməsinə baxmayaraq nəticələr hələ də açıqlanmamışdır. Anonim mənbələrin məlumatına əsasən, hərəkatın ilk mərhələdə təxminən üç min üzvü olmuşdur.
Bu üzvlər arasında ötən həftə Rabatda keçirilən etirazlarda iştirak edən 20 yaşlı Fatimə Zəhra da var idi. O, “Agence France-Presse”ə verdiyi açıqlamada bildirmişdir: “Aqadirdə baş verənləri gördük. Buna görə də haqlarımızı müdafiə etmək üçün küçələrə çıxmışıq.”
Necə oldu ki etirazlar “Discord” platformasından küçələrə yayıldı?
Hərəkatın qurucuları və üzvləri hələ də şəxsiyyətlərini gizli saxlayırlar. Onlar hər gecə “Discord” üzərindən müzakirə qruplarına qatılaraq hərəkatın tələblərini, bu tələblərin necə ifadə olunacağını müzakirə edir və səsvermə yolu ilə yekun qərarlar qəbul edirlər.
Son həftələrdə hərəkat bir neçə şəhərdə etiraz aksiyaları təşkil etmiş, lakin əvvəlcə cəmiyyət və rəsmilər tərəfindən ciddi qəbul edilməmişdir. Rəsmilər nümayişlərin icazəsiz olduğu əsas gətirilərək onları qadağan etmiş, bu isə ictimaiyyət arasında gözlənilməz reaksiya doğurmuşdur. Qadağalardan sonra hərəkatın üzvlərinin sayı sürətlə artaraq 170 min nəfərə çatmışdır. Bununla belə, bu üzvlərin nə qədərinin real və aktiv iştirakçı olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil.
Nümayişlər nə üçün səhiyyə və təhsilə fokuslanır?
Bu iki sektor, Mərakeşdə sosial bərabərsizliyin ən bariz nümunəsini təmsil edir. Orta təbəqə daha yaxşı təhsil təklif edən özəl məktəblərə baş vurmaq məcburiyyətində qalır. Dövlət məktəbləri isə dolub-daşır. Rəsmi rəqəmlərə görə, ümumi yoxsulluq səviyyəsi 2014-cü ildə 11.9%-dən 2024-də 6.8-ə düşsə də, yoxsulluğun 47.5%-nin təhsil yetərsizliyindən qaynaqlanır. Digər tərəfdən də, 2021-dən ümumi tibbi sığorta tətbiqinə rəğmən, dövlət səhiyyəsi xəstə yatağı, həkim və tibbi təchizat əskikliyindən əziyyət çəkir, bu da tibbi xidmətləri vətəndaşlar üçün əlçatmaz edir.
AFP-yə müsahibə verən Zəhra dövlət xəstəxanasında yataq tapmaq üçün bəzən rüşvət vermək məcburiyyətində qaldıqlarını bildirib. Nümayişlərdən sonra Mərakeşin səhiyyə naziri Emin Tehravi ötən həftə parlamentdə çıxışı zamanı səhiyyədə reforma başladıqlarını açıqlamış. Lakin bu addımların da səhiyyədəki boşluqları doldurmaq üçün yetərsiz olduğunu qeyd etmişdi. Tehravi Tibb fakültələrində kvotanın artırılmasını tələb edib. Hərəkat, həmçinin son nümayişlərində hökümətin istefasını tələb edərək yekun tələblərini yayımlayacaqlarını açıqlayıb.
Hərəkat 2030 Dünya Kubokunun keçirilməsini həqiqətən rədd edir?
Hərəkat, 35 illik uğursuz cəhdlərin ardından Mərakeş üçün böyük uğur sayılan və İspaniya ilə Portuqaliya ilə birgə təşkil ediləcək 2030 Dünya Kuboku barədə rəsmi mövqe bildirməmişdir. Bununla belə, bəzi icazəli aksiyalarda “Dünya Kuboku istəmirik” və “Stadionlarımız yaxşı vəziyyətdədir, bəs xəstəxanalarımız haradadır?” kimi şüarların səsləndirilməsi hərəkatın bu layihəyə qarşı olduğu təəssüratını yaratmışdır.
Lakin hərəkatın daxili mənbələrindən əldə edilən məlumata əsasən, bu şüarlar Dünya Kubokunu tamamilə rədd etmək məqsədilə deyil, stadionların tikintisi və yenilənməsinə göstərilən diqqətin səhiyyə infrastrukturuna da yönəldilməsini tələb etmək üçün səsləndirilmişdir.
Rəsmi rəqəmlərə görə, altı stadionun yenilənməsi və 2028-ci ilə qədər bir meqa stadionun inşası təxminən 1,5 milyard dollara başa gələcək. Bundan əlavə, Mərakeş hökuməti 2030-cu ilə qədər dəmiryolu xətlərinin genişləndirilməsinə təxminən 9 milyard, 5G internet şəbəkəsinin inkişafına 8 milyard və hava limanlarının modernləşdirilməsinə isə 3,8 milyard dollar ayırmağı planlaşdırır.
Etirazlar rəsmiləri nə üçün təccübləndirdi?
Mərakeşdə sosial etirazların geniş yayılmasına baxmayaraq, siyasi xarakter daşımayan bir gənclik hərəkatının ortaya çıxması siyasi təbəqədə gözlənilməz qarşılanmışdır. Siyasət elmləri professoru Məhəmməd Şukayr bu barədə belə demişdir: “Gənclərin illərdir futbol stadionlarında qəzəblərini ifadə etdiklərini və siyasi təşkilatların bu faktı qəbul etmədiyini unutmamalıyıq.”
2011-ci il Ərəb baharının yaratdığı siyasi impulsdan sonra Mərakeşdə siyasətçilərin təsir imkanları azalmağa davam etmiş, əvəzində texnokratların və iş adamlarının rolu güclənmişdir. Bu proses fonunda jurnalistlərin və ictimai fəalların təqib edilməsi hüquq müdafiə təşkilatlarının tənqidinə səbəb olmuş və hakimiyyəti ifadə azadlığını məhdudlaşdırmaqda ittiham edilmişdir. Fələstinlilərlə həmrəylik kimi mövzulara göstərilən ümumi dəstək istisna olmaqla, siyasi təşkilatların cəmiyyəti səfərbər etmək gücü son illərdə ciddi şəkildə zəifləyib.