Türkiyənin daxili siyasi gündəliyi son dövrlər olduqca gözlənilməz xəbərlərə səhnə olmaqdadır. Uzun müddətdir davam edən konstitusiya dəyişikliyi müzakirələrinin parlament sədri Numan Kurtulmuş tərəfindən yenidən qaldırılması, onun xüsusən də dəyişdirilməsinin təklif belə oluna bilməyən 3-cü maddəni hədəfə alması, qısa bir müddət sonra isə iqtidarın millətçi koalisiya ortağı Milliyətçi Hərəkat Partiyası (MHP) sədri Devlet Bahçelinin Kürdüstan İşçi Partiyasının (PKK) qurucusu Abdullah Öcalanın parlamentdə çıxış edərək təşkilatın ləğvini elan etməsi təklifini səsləndirməsi, əsas müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) isə baş verənləri sükunətlə qarşılaması bütün Türkiyə ictimaiyyətini təəccübləndirib. İllər əvvəl Öcalanı edamını tələb edərək mitinqdə ip sallayan Bahçelinin indi onu parlamentə dəvət etməsi Türkiyə siyasətində taleyüklü dəyişikliklərin yaşanmaqda olduğundan xəbər verir. Sözügedən prosesləri bu cür izah etmək mümkündür:
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ümid haqqı konsepsiyasına əsaslanaraq Türkiyə Respublikasını həbs dövründə Öcalanın haqlarını tapdalamaqda günahlandırır. Bu konsepsiyaya əsasən, ömürlük həbs almış PKK rəhbəri ilə bağlı hər 25 ildən bir təxliyə qərarına baxılmalıdır. Türkiyənin hazırki qanunvericiliyi isə Öcalanı bu haqdan məhrum edir. AİHM tərəfi də Ankaranı qanunvericilikdə islahat aparmağa və təxliyə məsələsini nəzərdən keçirməyə çağırır. Öcalanın 1999-cu ildə həbs edildiyini nəzərə alsaq, yuxarıda qeyd olunan vədə bu il tamamlanıb. Ona görə də bu məsələ Türkiyə gündəliyində məhz bu il aktuallaşıb.
ABŞ diqqətini Yaxın Şərqdən Uzaq Şərqə yönəltməklə bağlı strateji qərarını icra etməzdən əvvəl bölgədə ikinci bir kürd dövlətçiliyi yaratmaqda maraqlı görünür. Suriyanın şimal-şərqini əhatə edən ərazidə Rojava de-fakto bir dövlət kimi fəaliyyət göstərsə də, İraq Kürdüstanından fərqli olaraq qanuni bir muxtariyyətə sahib deyil və ən əsası, Türkiyə Rojavanı terror təşkilatı və öz ərazi bütövlüyünə başlıca təhdid kimi qiymətləndirir, hətta Suriya ərazisindəki hərbi əməliyyatlarını bununla əsaslandırır. Lakin görünən odur ki, ABŞ öz NATO müttəfiqi olan Türkiyənin tələblərinə görə Rojava dövlətçiliyi ideyasından əl çəkmək fikrində deyil. Ankara da Vaşinqtonun bu məsələdəki qərarlılığını və kürd dövlətçiliyinin ortaya çıxışına mane olmağın qəlizliyini anlayır. Buna görə də, gələcəkdə Rojava və Türkiyə arasında İraq Kürdüstanına bənzər yaxın münasibətlərin təməli qoyula bilər. Bunun əvəzində isə Türkiyəyə ya PKK-nı hərbi təşkilat olmaqdan çıxarıb dinc siyasi partiya kimi Türkiyə siyasətinə daxil etmək, ya da PKK-nın ləğvinə nail olmaq, onun yerinə isə dinc kürd siyasi hərəkatının güclənməsinə imkan vermək təklif olunub. Bəzi iddialara görə isə, sonda Türkiyə parlamentində güclü kürd təmsiliyyətinin təminindən sonra ölkənin unitar quruluşu da federal sistemlə əvəzlənə bilər.
Artıq 22 ildir ki, Türkiyədə hakimiyyətdə olan Erdoğan sözsüz ki, Türkiyə tarixində silinməz iz qoymuş bir lider kimi qalacaq, lakin Erdoğan bu izini yeni konstitusiya miras qoymaqla institusionallaşdırmağı arzulayır. Türkiyədə hazırda qüvvədə olan konstitusiya 1980-ci ildə baş vermiş çevrilişdən sonra hərbi xunta tərəfindən tərtib olunub, buna görə də ona dəfələrlə dəyişikliklər olunub və legitimliyi hələ də sual altına qoyulur. Erdoğan isə məsələni yekun şəkildə həll edərək yeni bir konstitusiya hazırlamağı, bununla da Türkiyə siyasətinin təkcə mövcud vəziyyətinin yox, həm də gələcəyinin memarı kimi yadda qalmağı planlaşdırır. Lakin başda iqtisadi vəziyyətin pisləşməsi olmaqla bir çox səbəbə görə Erdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) xalq dəstəyinin ciddi hissəsini artıq itirib və hər seçkidə bir əvvəlkindən daha pis nəticə göstərir. Belə olan halda Erdoğan öz yekun planını icra etmək üçün başqa bir siyasi hərəkatın dəstəyinə ehtiyac duyacaq ki, başlıca namizəd Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) və xitab etdiyi kürd seçicilərdir. DEM-lə tam əks qütbdə yer alan, Erdoğanın hazırki iqtidar ortağı MHP isə yeni konstitusiyaya razı olsa da, kürd siyasi hərəkatı ilə olan barışmaz düşmənçilik böyük maneə olaraq qalır.
Kürd siyasi hərəkatının başlıca iki fiquru olan DEM və daha əvvəlki partiyalarla PKK arasında kommunikasiyanın və kifayət qədər yaxın əlaqələrin olduğu, bu iki qurumun əsasən ortaq məqsədlər istiqamətində hərəkət etdiyi danılmazdır. Ona görə də, Bahçeli daha mülayim variant olan DEM-lə yaxınlaşmanı seçərək bu partiyanın deputatlarıyla əl-ələ görüşsə və bu jest qarşı tərəfdəki bir çox vacib şəxs (Ahmet Türk, Sırrı Sakık) tərəfindən xoş qarşılansa da, MHP daxilində başa düşürlər ki, tənlikdə PKK-nı görməzdən gəlmək olmaz. Ona görə də Bahçeli birbaşa Öcalana çağırış edərək kürd siyasi hərəkatınə bütöv halda yaxınlaşmağı seçib. Güman ki, MHP tərəfi kürdləri ana dildə təhsil, siyasi təmsilçilik, muxtariyyət, Öcalana azadlıq kimi vədlərlə yenə şirnikləşdirərək sonradan köhnə düşmənçilik status-kvosuna qayıtmağı hesablayır.
Proseslərdə vacib rol oynayan digər bir sima isə Mehmet Uçumdur. 2015-ci ildə prezidentin baş məsləhətçilərindən biri təyin olunan Uçum Qars vilayətində anadan olub və əslən kürddür. Keçmişdə bir müddət Türkiyə Kommunist Partiyasına üzv olsa da, hazırda islamçı və kürd kimliyi ilə seçilir. Kürd siyasi hərəkatında isə həm siyasi karyerasındakı bu manevrə, həm də iqtidarın kürdlərə qarşı ən sərt mövqe nümayiş etdirdiyi dövrdə yüksək vəzifə tutmasına görə sevilən biri deyil. İddialara görə, yeni konstitusiyanın əsas müəlliflərindən biri də Uçumdur. O, Bahçelidən fərqli olaraq DEM-lə yox, PKK ilə yaxınlaşmağı, təşkilatı tərksilah edərək dinc siyasi partiyaya çevirməyi və daha sonra DEM partiyasını aradan qaldırmağı üstün tutur. Bahçelinin variantı isə PKK-nı tərksilah edərək DEM-i kürdlərin yeganə siyasi təmsilçisinə çevirmək və dialoqu sadəcə DEM-lə qurmaqdır. Abdullah Öcalanın çağırışı ilə PKK-nın tamamilə tərksilah olunacağı da çox şübhəlidir. Belə ki, PKK-nı faktiki olaraq Murat Karayılan və Cemil Bayık kimi Qəndil dağlarındakı liderlər idarə edir və bu şəxslər Öcalanın çağırışına qulaq asmayıb münaqişəni davam etdirə də bilərlər. MHP bu ehtimalda dinc kürd siyasi hərəkatı ilə silahlı mübarizəni davam etdirməkdə qərarlı olan PKK rəhbərliyi arasında əlaqəni tamamilə qoparmağı hədəfləmiş ola bilər.
CHP tərəfi isə proseslərdəki təşəbbüsün AKP və MHP-də olmasına baxmayaraq, gedişata etiraz etmir. Partiyanın sədri Özgür Özelin bir neçə gün əvvəl HDP-nin keçmiş sədri, kürd siyasi hərəkatının ən populyar liderlərindən biri və bəzən Abdullah Öcalana rəqib kimi göstərilən Selahattin Demirtaşı ziyarət etməsi isə CHP ilə AKP-MHP xətti arasında fərqlərdən xəbər verir. Belə ki, müxaliflər Öcalan yerinə Demirtaşla dialoq qurmaqda və onu kürd siyasətinin başbiləni roluna oturtmaqda daha istəklidirlər. Bununla belə, Selahattin Demirtaşın yazdığı son məktubda da iqtidara sərt tənqid yer almayıb və bu, ümumi gedişatın əsas aktorlar tərəfindən ən azından qismən razılaşdırıldığından xəbər verir. Proseslərdən kənarda qalan və baş verənlərə etiraz edən əsas siyasi aktorlar isə İYİP, Ümit Özdağ və Muharrem İnce kimi müxalif millətçilərdir. Bu cəbhənin əsas qayğısı Türkiyənin unitar quruluşunun yekunda təhdidlə üzləşəcəyi, PKK-nın ləğvini elan edəcəyi halda bu qərarın YPG-yə təsir etməyəcəyi, bir çox dövlətin terror təşkilatı kimi tanıdığı bu qruplaşmanın ləğvi halında Türkiyənin İraqdakı hərbi fəaliyyətinin legitimliyini itirəcəyi, habelə YPG-nin üzərindən terrorçu ittihamının da tam götürüləcəyidir.
Baş verənlər onu deməyə əsas verir ki, kürd partiyaları dəfələrlə bağlansa, 2015-ci ildən bəri kürd siyasi hərəkatına təzyiqlər yenidən artsa, qələbə qazandıqları bələdiyyələri dövlət tərəfindən qəyyum təyin olunsa, hətta son seçkilərdə kürd partiyaları daha az səs alsalar belə, bu qrup Türkiyə daxili siyasətində kritik anlarda açar mövqedə olmağı bacarır və kürd kimliyi və hərəkatı Türkiyə siyasi mühitinin ayrılmaz parçasına çevrilib. Əvvəllər bu hərəkatı görməzdən gəlməyə və aradan qaldırmağa çalışan Ankara artıq onu dəyişməz reallıq kimi qəbul edir və həm güzəşt, həm də təzyiq yolu ilə özü üçün daha məqbul mövqeyə gətirməyə çalışır. Sözsüz ki, bu reallığın yaranmasında güclü xarici dəstəyin də əvəzolunmaz payı olub və bu dəstəyin davam etməsi Türkiyəni də müvafiq islahatlara getməyə məcbur edir.