Axtar

Yeni Sövdələşmə? Tramp, İran və Nüvə Məsələsi

  • Paylaş:
Yeni Sövdələşmə? Tramp, İran və Nüvə Məsələsi

ABŞ prezidenti Donald Trampın nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçı arasında keçirilən iki görüşdən sonra Vaşinqton və Tehran arasında yeni nüvə sazişinin hazırlana biləcəyinə dair ümidlər artmaqdadır. Omanın vasitəçiliyilə Maskat və Romada keçirilən müzakirələrdə öncəki görüşlərdən daha əsaslı təkliflər irəli sürülüb.  Danışıqlar qrupuna yaxın mənbələrin bildirdiyinə görə, İran nümayəndə heyəti Maskatda keçirilən ilk görüşdə üç mərhələdən ibarət plan təqdim edib. Bu planın yekun formasının 2015-ci ilin Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) bənzədiyi bildirilir ki, 2018-ci ildə prezident Tramp elə həmin razılaşmadan geri çəkilmişdi. ABŞ-ın keçmiş mövqeyindən fərqli olaraq Vitkoffun bu planı dəstəkləməsi isə İran tərəfini təəccübləndirib.


Vitkoffun açıq bəyanatları bir qədər ziddiyyətli olsa da (əvvəlcə İranı bir qədər məmnun edən uranın zənginləşdirilməsini məhdudlaşdırması tələbi, sonra isə uranın zənginləşdirilməsinin tam ləğvində israr etməsi kimi) danışıqları yaxından izləyənlər düşünür ki, sərt ritorika vəziyyəti gərginləşdirməkdən çox, yerli tənqidçiləri sakitləşdirməyə yönəlib. Tramp Oval ofisə qayıtdıqdan sonra İranla razılaşmanın təmin edilməsində açıq maraq göstərir. Məlumata görə, Tramp prezidentlik müddətinin birinci rübündə razılaşma əldə etməyi dəstəkləyib. Danışıqlara Marko Rubionun deyil, Vitkoffun rəhbərlik etməsi də hazırda administrasiya daxilində dominantlığın hansı qrupda olduğundan xəbər verir. Qlobal məsələlər üzrə Trampın əsas nümayəndəsinə çevrilmiş Vitkoffun, hətta güzəştə getsə belə, razılaşmanı təmin etmək üçün çox səy göstərdiyinə inanılır. Tramp üçün İranla müharibədən qaçmaq prioritetdir və İran regional siyasət və ya hərbi imkanların daha geniş şəkildə yenidən qurulmasından çox dar, nüvə mərkəzli razılaşmanın əldə edilməsindən yanadır.

Bununla belə, danışıqların üzərində tarixin böyük təsiri görünür. ABŞ-ın 2015-ci il sazişindən çıxması Tehran üçün əsas problemdir. İran rəsmiləri gələcək administrasiyanın bir daha geri çəkilməyəcəyinə dair zəmanət istəyirlər. Hətta yeni saziş Senat tərəfindən ratifikasiya olunsa belə, aşağı inam mühitində və gələcək prezidentləri bağlamaq üçün aydın hüquqi mexanizmlər olmadan belə bir zəmanəti təmin etmək çətindir. ABŞ konstitusiyası birtərəfli geri çəkilmə ilə bağlı qeyri-müəyyən olaraq qalır.

Mənbələr iddia edir ki, Ayətullah Xameneinin danışıqlara razılıq verməsinin səbəblərindən biri İranın hərbi potensialını bərpa etmək üçün vaxt qazanmaqdır. Keçən il İsrailin İranın hava hücumundan müdafiə sistemlərinə hücumundan sonra Tehranın diplomatik pəncərədən müdafiəni bərpa etmək və İsrailə endirilən iki raund zərbələri zamanı tükənmiş raket ehtiyatlarını artırmaq üçün istifadə edəcəyi düşünülür. Bu səylərə baxmayaraq, İrana təzyiqlər intensiv olaraq qalır. İqtisadi sanksiyalar ölkəyə ağır təsir göstərməkdə davam edir və hərbi təhdidlər, xüsusən də İsraildən gələn təhlükələr nəzəriyyədən daha çox real təhlükə təşkil edir. Təl-Əviv danışıqların iflasa uğrayacağı təqdirdə potensial açılışı görsə də, Tramp hələlik İsrailin İranın nüvə obyektlərinə birbaşa zərbələr endirmək təkliflərini kənara qoyub. Buna baxmayaraq, o, 2015-ci il danışıqları zamanı Prezident Obama ilə müqayisədə İsrailin maraqlarını daha çox müdafiə edir. İsrail və Amerika rəsmiləri arasında yüksək səviyyəli koordinasiya pərdə arxasında davam edir. İsrailin strateji işlər naziri Ron Dermer və Mossad rəhbəri David Barnea Romada danışıqların ikinci raundu başlamazdan əvvəl Parisdə Vitkoffla görüşüb. Dermer, həmçinin Vitkoffun Romadakı otelində də görülüb və bu da, İsrailin prosesi birbaşa idarə etməsə də, yaxından izlədiyini göstərir.


Müxtəlif səbəblərdən belə olsa, nətiəcədə hər iki tərəf ciddi görünür. Tramp qələbə kimi qeyd edə biləcəyi bir razılaşma istəyir. İran isə əsaslı dəyişiklik etmədən sadəcə rahatlıq və nəfəslənə biləcəyi bir mühit istəyir. Kartlar hələ də bağlı olduğu üçün hansı ssenarinin reallığa çevriləcəyi hələki qeyri-müəyyən olaraq qalır. Hələlik isə həm Vaşinqtonun, həm də Tehranın mesajı aydındır: razılaşma mümkündür. Ancaq hər zaman olduğu kimi, Yaxın Şərqdə imkanlar heç nəyə zəmanət vermir.