İranda baş verən etiraz aksiyalarının şiddətlənməsindən sonra ABŞ Prezidenti Donald Trampın açıqlamalarındakı tonun sərtləşməsi diqqət çəkir. Tramp İran rejiminin etirazçılara qarşı zorakılığı davam etdirəcəyi təqdirdə “çox sərt tədbirlərin” görülə biləcəyi barədə xəbərdarlıq edib. Trampın açıqlamalarında “hərbi müdaxilə” ifadələri tam olaraq işlədilməsə də, hər hansısa formada müdaxilənin ediləcəyi artıq dəqiqdir. ABŞ-nin İrana mümkün hərbi zərbələri ilə bağlı müzakirələr fonunda əsas suallardan biri budur: belə bir addım doğrudanmı İran daxilində etiraz edənlərə kömək edəcək, yoxsa əksinə, onların vəziyyətini daha da ağırlaşdıracaq?
Bir qisim mühacirətdəki iranlı müxalifətçilər hesab edir ki, ABŞ-nin hərbi zərbələri rejimin təhlükəsizlik aparatını zəiflədə, etirazçıların manevr imkanlarını artıra və rejimi geri addım atmağa məcbur edə bilər. Onların fikrincə, xüsusilə İnqilab Keşikçiləri Korpusunun infrastrukturu hədəfə alınarsa, repressiya mexanizmi sarsıla bilər.
Digər tərəfdən, çoxsaylı fəallar və analitiklər xəbərdarlıq edirlər ki, xarici hərbi hücum “rejim ətrafında sıx birləşmə” effektinə səbəb ola bilər. Bu halda rejim milli təhlükəsizlik arqumentindən istifadə edərək etirazları daha sərt şəkildə boğmaq üçün əlavə legitimlik qazana bilər. Belə ki, ABŞ-nin hərbi zərbələri İran hakimiyyətinə etirazları “xarici müdaxilənin aləti” kimi təqdim etmək imkanı verə bilər. Bu isə tərəddüd edən və ya neytral mövqedə olan vətəndaşların rejim ətrafında birləşməsinə yol aça bilər.
İran rejimi keçmişdə də oxşar vəziyyətlərdə xarici təzyiqi daxili legitimliyini möhkəmləndirmək üçün istifadə edib. Buna görə də hərbi müdaxilə etirazçıların moral üstünlüyünü zəiflədə bilər. Analitiklərin fikrincə, ABŞ-nin yalnız simvolik və məhdud zərbələri rejimin davranışını köklü şəkildə dəyişməyə kifayət etməyə bilər. Əksinə, bu cür addımlar İran rəhbərliyinə həm daxildə, həm də regionda eskalasiyanı əsaslandırmaq imkanı verə bilər. Əgər ABŞ-nin məqsədi doğrudan da İran rejiminin etirazçılara qarşı zorakılığını dayandırmaqdırsa, bu, uzunmüddətli və çoxşaxəli strategiya tələb edir. Təkcə hərbi zərbələr bu məqsədə çatmaq üçün yetərli hesab edilmir.
Lakin bu o demək deyil ki, ABŞ-nin daha ağrılı və ya daha dağıdıcı zərbəsi avtomatik olaraq müsbət nəticələrə gətirib çıxaracaq. Məsələn, ali dini lider Əli Xamenei öldürülsə, ən real alternativ onun yerini İnqilab Keşikçiləri Korpusunun rəhbərlik etdiyi hərbi rejimin tutması ola bilər. Etiraz hərəkatı daxilində təşkilatlanma və liderliyin olmaması fonunda belə bir sistem hakimiyyəti ələ almaq üçün daha əlverişli mövqedə olar. Bu isə etirazçılar üçün ağır bir məğlubiyyət anlamına gələrdi. Bu ssenari Trampın işinə yarayarmı? Orası artıq sual altında qalır.
Bununla belə, zərbə istər simvolik, istərsə də ağır olsun, etirazçıları ruhlandıra və rejimi çaşdıra bilər. Bu da rejimin diqqətini və resurslarının bir hissəsini aksiyalardan kənar təhlükələrlə mübarizəyə yönəltməyə məcbur edə bilər. Trampın edə biləcəyi şey sistemin daxilində qorxu yaratmaq üçün ilk atəşi açmaq ola bilər. Çünki, Xamenei və onun ətrafı bu zərbənin birdəfəlik olub-olmadığını, yoxsa daha genişmiqyaslı kampaniyanın başlanğıcı olduğunu bilməyəcək. Ekspertlər düşünür ki, bu qeyri-müəyyənlik bəzi iranlı rəsmiləri öz təhlükəsizliklərini qorumaq naminə sədaqətlərini yenidən nəzərdən keçirməyə vadar edə bilər. Nəticədə sistem daxilində çatlar yarana bilər.
Rejimin eyni anda iki rəqiblə mübarizə aparması, bununla paralel olaraq daxili birliyini qoruması və parçalanmaların qarşısını alması son dərəcə çətin olacaq. Əgər hərbi zərbələr “Bəsic” qüvvələrinin bir hissəsini sıradan çıxarmaq və ölkə üzrə təhlükəsizlik imkanlarını məhv etmək yolu ilə həyata keçirilsə, etirazçılar öz hərəkətlərini daha az risklə davam etdirə bilmə motivasiyası verə bilər. Lakin, hərbi zərbələrin aksiyaların gedişatına heç bir ciddi təsir göstərməməsi ehtimalını da istisna etmək olmaz. Belə olan halda, bu addım nə etirazçılara zərər verər, nə də onlara real dəstək olar. Çünki rejimlə etirazçılar arasındakı bu qarşıdurmada ən həlledici amil hər bir vilayətdə, hər bir məhəllədə və hər bir küçədə formalaşan yerli dinamikalardır. İran rejimi ABŞ-nin hər hansı hücumuna cavab verməyə hazır olduğunu hər zaman bəyan edir, lakin rejim çox yaxşı bilir ki, həqiqi təhdid daxildən gəlir. Bunu isə 12 günlük müharibə zamanı bir daha şahidi olmuşduq.
Tramp hazırda öz variantlarını nəzərdən keçirir və müşavirlərinin böyük bir qismi bu mərhələdə hərbi olmayan addımların atılmasını tövsiyə edir. Bunlara kiber əməliyyatlar, iqtisadi sanksiyaların sərtləşdirilməsi və rejimin ölkədə interneti kəsməsindən sonra etirazçıların əlaqə imkanlarını təmin etmək üçün “Starlink” kimi rabitə vasitələrinin verilməsi daxildir. Görünür, Tramp üçün ən mühüm amil şəxsi xarakter daşıyır: zərbə uğurlu olsa da, uğursuz olsa da, bu addım onun ABŞ daxilində və xaricindəki imicinə necə təsir edəcək?
İran rəhbərliyinə qarşı ardıcıl xəbərdarlıqlar etməklə Tramp özünü küncə sıxışdırmış olur. Öz imicini və etibarlılığını qorumaq üçün hücum əmrini verə bilər. İran rəhbərliyinin etirazları güc yolu ilə yatırmaq metodundan əl çəkəcəyi isə inandırıcı görünmür; əksinə, daha çox etirazçının öldürülməsi ehtimalı var.
İranda qarşıdakı günlər və həftələr ərzində baş verənlər Trampın bu və ya digər istiqamətə meyl etməsində həlledici rol oynaya bilər. Əgər aksiyaların miqyası böyüməyə davam edə və rejim daxilində parçalanmalar başlayarsa, Tramp üçün zərbə daha cəlbedici görünə bilər. Əksinə, əgər rejim təşəbbüsü yenidən ələ ala və etirazlar zəifləməyə başlayarsa, o, ən azı daxili şərait daha əlverişli olana qədər zərbə endirməkdən çəkinə bilər.