Axtar

İran və Əfqanıstanın su davası

  • Paylaş:
İran və Əfqanıstanın su davası

2021-ci ildə Talibanın Əfqanıstanın bütün əraziləri üzərində nəzarəti tam təmin edərək yenidən hakimiyyətə gəlməsi beynəlxalq ictimaiyyəti bir çox səbəbdən qayğılandırmışdı. Bu səbəblərdən biri də bütün dünyada terror təşkilatı kimi tanınan bir qurumun dövlət aparatını ələ keçirməsinin bölgədə, hətta bütün dünyada gərginliyə gətirib çıxaracağı, Əfqanıstanda hökm sürmüş vətəndaş müharibəsinin qonşu dövlətlərə və daha sonra bütün Yer kürəsinə siraət edəcəyi ilə bağlı narahatlıqlar idi. 2023-cü ildə görünən isə odur ki, sözügedən narahatlıqlar özünü doğrultmayıb və Talibanın hakimiyyətə gəlişi Əfqanıstanda sosial və iqtisadi vəziyyətin kəskin pisləşməsinə, xüsusən qadın haqlarının sərt məhdudlaşdırılmasına səbəb olsa da, regional və ya qlobal miqyasda bir münaqişəyə yol açmamış, Əfqanıstanda illərdir davam edən vətəndaş müharibəsi sona çatmışdır.

Lakin bir neçə gün əvvəl İran-Əfqanıstan sərhədində 2 İran və 1 Taliban əsgərinin ölümüylə nəticələnən toqquşmalar Əfqanıstanı yenidən diqqət mərkəzinə çevirmiş və yeni bir müharibənin ortaya çıxması ehtimallarını artırmışdır. Çaxnaşmaların səngimədiyi Yaxın və Orta Şərq coğrafiyasının iki vacib ölkəsi olan İran və Əfqanıstan arasında tarixi, mədəni və linqvistik bağlar olduqca güclü olsa da, iki ölkə arasında qarşıdurmaların yaşanması da müstəsna hal deyil. Qeyd edilən sərhəd toqquşmalarını da belə hallara misal kimi göstərmək mümkündür. Son baş verən qarşıdurmanı əslində ekoloji problemlərdən qaynaqlanan geosiyasi gərginlik kimi sinifləndirmək daha düzgündür. Bunun üçün baş verənlərə daha yaxından nəzər salmaq yaxşı olar.

27 may, şənbə günü İran-Əfqanıstan sərhədində, daha dəqiq desək, İranın Dost Məhəmməd şəhəri yaxınlığında İslam Respublikasının sərhəd qulluqçuları və taliblər arasında ağır silahların və minaatanların istifadəsilə şiddətli atışmalar yaşanmışdır. Atışmanın yaşandığı İranın Sistan və Bəlucistan ostanı, habelə Əfqanıstanın Nimruz vilayəti iqtisadi olaraq geridəqalmış regionlardır. Hadisə mənbəyi Əfqanıstanda olan Helmənd çayının İrana keçdiyi ərazi yaxınlığında baş verib. Gərginliyin arxasında yatan səbəb də elə bu çayla, daha doğrusu çayın sularından istifadə haqlarıyla bağlıdır.


Hadisənin arxa planı
İran və Əfqanıstan arasındakı toqquşmanın arxasında yatan səbəbləri başa düşmək üçün çox da əvvələ getmədən, 19-cu əsrdə iki ölkə arasındakı qarşılıqlı münasibətlərin gedişatına baxmaq kifayətdir. Sözügedən əsrin ortalarında Qacar İmperiyası və Əfqanıstan Əmirliyi arasında sərhədlərin müəyyənləşdirilməmiş olması, xüsusən də Əfqanıstan ərazisindən başlayıb İrana axan və bölgə üçün böyük iqtisadi əhəmiyyət daşıyan çayların suyundan istifadə mövzusunda fikir ayrılıqlarının mövcudluğu tərəflər arasında qarşıdurmaya yol açırdı. Bu səbəblə də Böyük Britaniyanın arbitrajı ilə 1872-ci ildən bəri sərhəd delimitasiyası həyata keçirilmişdir. Bu proses 2 ingilis və 1 türk generalın rəhbərliyi altında 1935-ci ildə yekunlaşmışdır.

Lakin iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi münaqişəli məqamların tam həlli demək deyildi. Mənbəyini Əfqanıstan dağlarından alan iki böyük çay – Helmənd və Hərirud İran ərazisinə doğru axır və İranın qərb regionları üçün böyük iqtisadi əhəmiyyət daşıyır. Əfqanıstanın kənd təsərrüfatının inkişafı məqsədilə 1936-cı ildə Helmənd çayı üzərində Kamal Xan su bəndinin inşasına başlaması İran tərəfinin narazılığına səbəb oldu. İkinci Dünya müharibəsi səbəbilə bəndin inşası yarımçıq qalsa da, 1952-cü ildə Dəhlə, 1953-cü ildə isə Kəcəki su bəndlərinin inşası ölkələr arasındakı anlaşmazlığın yenidən gün üzünə çıxmasına səbəb oldu. Tərəflər arasında uzun müddət hansısa razılıq əldə olunmadı. 1969-cu ildə Əfqanıstan İrana çaydan daha çox suyun göndərilməsi qarşılığında İranın Çabahar və Bəndər-Abbas limanlarına daha geniş çıxış və iqtisadi yardımlar tələb etdi. 4 il sonra, 1973-cü ildə isə tərəflər arasında Helmənd Çayı Müqaviləsi imzalandı. Müqaviləyə əsasən, İrana çaydan saniyədə 26 kub metr su gəlməli idi. Bunun əvəzində isə İran tərəfi heç bir əlavə şərt olmadan Əfqanıstanın Çabahar və Bəndər-Abbas limanlarına çıxışını təmin etdi. Tərəflərin uzun müddət sonra razılıq əldə etmələrinə baxmayaraq, 1973-cü ildə Əfqanıstanda baş vermiş hərbi çevriliş və 1979-cu ildə İranda yaşanan İslam inqilabı səbəbindən müqaviləni iki ölkə də ratifikasiya etmədi. Müqavilədə göstərilən şərtlərə dəqiqliklə riayət olunmamasına baxmayaraq, ölkələr arasında gərginliyi artıracaq bir hal yaşanmadı. 1995-ci ildə Əfqanıstan vətəndaş müharibəsində üstünlük əldə edən Talibanın ölkə hakimiyyətini ələ keçirməsi isə vəziyyəti qəlizləşdirdi. Belə ki, taliblər İrana su axımının qarşısını ümumiyyətlə almağa qərar verdilər. Daha sonra ABŞ hərbi müdaxiləsi nəticəsində Əfqanıstan İslam Respublikasının əsasının qoyulması ilə İranın su ehtiyacı da əvvəlki qaydada ödənməyə başladı.

Talibanın devrilməsindən sonra məsələ nisbətən yoluna qoyulmuş kimi görünsə belə, problem hələ də tam həllini tapmamışdı. Nimruz-Bəlucistan sərhədi boyunca 2007, 2008 və 2009-cu ildə atışmalar yaşanmış, sonuncuda 1 İran hərbçisi həlak olmuş, digəri isə əsir götürülmüşdü. 12 iyul 2017-ci ildə İranın sabiq prezidenti Həsən Ruhaninin ölkəsində baş vermiş qum fırtınalarını xarici səbəblərlə, xüsusən də Türkiyə və Əfqanıstandakı su bəndi inşasıyla əlaqələndirməsi Kabildə birmənalı qarşılanmamış, prezidentin çıxışına etiraz olaraq Helmənd şəhərində nümayiş baş tutmuşdu. Ruhaninin işarə etdiyi su bəndləri inşası 2016-cı ildə tamamlanmış Hərirud çayı üzərindəki Əfqan-Hindistan Dostluq bəndi və inşası hələ 2021-ci ildə bitəcək olan Helmənd çayı üzərindəki Kamal Xan bəndi idi.

Helmənd çayı hər iki ölkənin quraqlıqdan ən çox əziyyət çəkən bölgələrindən keçir və bu vilayətlər üçün böyük iqtisadi əhəmiyyətə sahibdir. Mənbəyini Əfqanıstanın şərqindəki dağlardan götürən bu çay ölkənin cənub vilayətlərindən keçərək İranın Sistan və Bəlucistan ostanında yerləşən Hamun gölünə axır. Böyük ehtimalla qlobal istiləşmənin nəticəsində bölgədə də temperatur artımının müşahidə olunması çaydakı su səviyyəsinin kəskin azalmasına, nəticədə isə iki ölkə arasında toqquşmaya səbəb olub. Qeyd etmək lazımdır ki, Əfqanıstanın cənubu həşiş və tiryək əkininin geniş yayıldığı bölgədir və dünyadakı ən böyük 3 narkoticarət mərkəzindən biri sayılır. Quraqlığın kəskinləşməsi və Talibanın narkotik əleyhdarı siyasəti səbəbilə Helmənd hövzəsindəki tiryək əkini miqdarı keçən illə müqayisədə 99% azalıb. Bundan başqa, Helmənd Çayı Müqaviləsinə əsasən, hər il İran tərəfinə 820 milyon kub metr su gəlməli olduğu halda, İranın Kabildəki səfirliyinin başçısı Həsən Kazıminin sözlərinə görə, keçən il İrana cəmi 27 milyon kub metr su çatıb.


Talibanın hakimiyyətə yenidən gəlişi

2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstanı tərk etməsi və avqust ayında Talibanın qısa müddətdə ölkəyə nəzarəti təmin etməsi İranla münasibətlərdə də yeni səhifənin açılmasına gətirib çıxardı. 90-cı illərdəki radikallığını xeyli yumşaltmış Taliban İrana da əvvəlki kimi düşmən mövqeyindən yanaşmamağa başladı. 2021-ci ilin dekabr ayında yenə Nimruz-Bəlucistan sərhədində tərəflər arasında sərhəd toqquşması yaşansa və taliblər bir neçə İran postunu ələ keçirsə də, gərginlik bir müddət sonra aradan qaldırıldı və postlar İrana qaytarıldı. Ancaq 100 ilə yaxındır davam edən və hələ də tamamilə həll edilməmiş su haqları məsələsi əvvəl-axır ortaya çıxmalı idi.

2022-ci ilin iyun ayında Əfqanıstan KİV-in yaydığı məlumata görə, Talibanın Enerji və Su Nazirliyi Helmənd Çayı Müqaviləsinə uyğun olaraq İranın sahib olduğu su haqlarının təmin edilməsiylə bağlı göstəriş verdi. Bu, iki tərəfin də ratifikasiya etmədiyi, imzalanma tarixindən 49 il keçmiş müqavilənin hələ də qüvvədə olduğunu və tərəflərin məsələni bu müqaviləyə əsasən tənzimləməkdə istəkli olduqlarını göstərir. Görünən odur ki, hər iki tərəfin qəbul və istinad etdiyi müqavilə hazırki anlaşmazlığı həll etməyə bəs etmir.


Hadisələrin xronikası
Bu ilin 18 mayında, İran prezidenti Həsən Ruhani Sistan və Bəlucistan ostanına ziyarəti zamanı belə bir çıxış edib: “Əfqanıstanın idarəçilərinə demək istəyirəm ki, mənim sözlərimi adi qarşılamasınlar, əksinə, xeyli ciddi qəbul etsinlər. Əfqanıstan idarəçiləri və rəsmilərinə Sistan və Bəlucistan əhalisinin haqlarını geri qaytarmaqla bağlı xəbərdarlıq edirəm”. Bu cür sərt tonda çıxış isə Taliban tərəfindən birmənalı qarşılanmamış və elə həmin gün Kabildən cavab xarakterli açıqlama gəlmişdir. Əfqanıstan İslam Əmirliyinin mətbuat xidmətinin yaydığı məlumatda İran rəsmilərindən Helmənd çayındakı vəziyyət haqda biliklərini təkmilləşdirmələri və tələblərini daha uyğun sözlərlə ifadə etmələri istənilir. Açıqlamada yaranmış su çatışmazlığı haqda isə qeyd olunur ki, 1973-cü il müqaviləsinə sadiq qalsalar belə, Əfqanıstanın bir çox vilayəti quraqlıqdan əziyyət çəkir və suyun səviyyəsi aşağı düşüb. İranın Əfqanıstanla münasibətlər üzrə xüsusi nümayəndəsi və Kabildəki İran səfirliyinin başçısı Həsən Kazımi Qumi isə 20 may tarixində bildirib: “Əgər su anbarlarında suyun olduğu və İran tərəfinin haqqını əlindən aldığı sübuta yetirilsə, Taliban əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır. İran üçün müzakirə bitib və hökumət nə etməli olduğunu bilir”. Bundan əlavə, Əfqanıstanın Müdafiə Nazirliyi Herat bölgəsində iranlı sərhəd keşikçiləriylə taliblər arasında mübahisə çıxdığını, İran qüvvələrinin Əfqanıstanla sərhədin 0 xətti boyunca uzanan yoldan keçdiyini açıqlayıb.

Elə həmin gün, İran Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini Bəhram Hüseyni Mütləqin rəhbərliyindəki heyət Kabilə səfər edib. Hüseyni burada əfqanıstanlı həmkarı Hacı Mali Xan Sədiqlə görüşüb və tərəflər sərhədboyu anlaşmazlıqların müvafiq kanallar vasitəsilə həll olunmasını və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bu, Talibanın hakimiyyəti yenidən ələ keçirməsindən bəri İran hərbi heyətinin Əfqanıstana ilk səfəri idi.

İranın Enerji naziri Əli Əkbər Mehrabiyan isə İran tərəfinin Helmənd Çayı Müqaviləsi çərçivəsində Kəcəki və Kamal Xan su bəndlərinə monitorinq qrupu göndərməyə və su haqlarıyla bağlı məsələyə aydınlıq gətirməyə hazır olduğunu bildirib. İran Xarici İşlər naziri Hüseyn Abdullahiyan da bənzər təkliflə çıxış edib: “Bizim təcili xahişimiz odur ki, texniki komandamız Kəcəki su bəndinə baş çəksin və anbarda kifayət qədər suyun olub-olmadığına qərar versin”.

Növbəti gün – 21 mayda, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf çıxış edərək Əfqanıstan rəsmilərini “iki ölkə arasındakı münasibətlərdə ciddi problem yaratmaqdan çəkinməyə” çağırmışdır. Bundan başqa, Taliban rəsmiləri quraqlıq səbəbilə kifayət qədər suyun qalmadığını ifadə etsələr də, SEPAH-a yaxın media qurumları peyk görüntülərinə istinad edərək bildiriblər ki, bir neçə yerdə əfqan hökuməti suyun qarşısını kəsərək İrana axmasına mane olub.

Gərginliyin getdikcə yüksəldiyi vaxtda, Paktiya vilayətinin Əhmədabad rayonunun icra başçısı Əbdülhəmid Xorasaninin bir tviti mübahisəyə səbəb olub. Tvitdə deyilir: “Uzun müddətdir döyüşməmişik, döyüşə susadıq. Allahın iznilə, zərdüştilərin nəvələriylə döyüş meydanında üzləşəcəyik. İnşallah, Qərbin məğlubiyyətindən dərs çıxarmayan ölkələrə dərs verəcəyik. Atəşpərəstlərin nəsli yer üzündən silinməlidir. Onlar bizim düşmənlərimizdir, özü də digərlərindən betər”. Əslən tacik olan, əvvəllər narkotik alveri, Kabildə yerli sakinlərin təhdid olunması, Əfqanıstan bayrağının yandırılması kimi iddialarla günahlandırılan Xorasani bu iddiaları inkar etmiş və daxili işlər nazirinin onla şəxsi qərəzinin olduğunu, bildirilən iddiaları əsaslandıracaq dəlillərin göstərilməli olduğunu ifadə etmişdi. Talibanın hakimiyyətə gəlişindən sonra bu qrupa qoşularaq Pəncşir vilayətinin təhlükəsizlik komandanı təyin edilmiş, lakin qısa müddət sonra bu postdan azad olunmuşdur. Talibanla anlaşmazlıqları getdikcə böyüyən Xorasani keçən il pekul (taciklərin milli baş geyimi) taxdığı üçün 3 adamının həbs edildiyini bildirmişdi. Pənçşirdəki vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Paktiya əyalətinə keçən və çoxlu pəncşirli ailənin yaşadığı Əhmədabad rayonunun idarəsini ələ alan Xorasani bu tvitdən sonra istefa verib, istefasına səbəb kimi isə Taliban idarəçiləriylə mövqelərinin uzlaşmadığını göstərib. Əbdülhəmid Xorasaniyə Talibanın münasibəti ümumən birmənalı olmasa belə, bu istefanın səbəbi, böyük ehtimalla, İranla gərginliyin yersiz artmasının qarşısını almaqdır.

22 may tarixində isə Əfqanıstan tərəfi Helmənd çayı üzərindəki Bəxşabad su bəndinin tikintisini yenidən başlatdı. Tədbirdə İslam Əmirliyinin iqtisadi məsələlər üzrə baş nazir müavini Əbdülqani Bəradər də iştirak etmişdi. Bu proyekt vətəndaş müharibəsi zamanı təhlükəsizlik təhdidləri səbəbilə təxirə salınsa da, İranla gərginliyin artması fonunda yenidən reallaşdırılmağa başlanmışdır.

Gərginliyin getdikcə artması və ciddi deeskalasiya cəhdinin olmaması isə sonda hərbi toqquşmayla nəticələndi. 27 may tarixində Sistan və Bəlucistan əyalətinin şimalındakı Dost Məhəmməd şəhəri yaxınlığında Taliban əsgərləri və iranlı sərhəd keşikçiləri arasında şiddətli toqquşmalar baş tutdu, tərəflər ağır silahlardan və minaatanlardan istifadə etdi. Yayılan videoların birində taliblərin İrana məxsus sərhəd postunu yaxın məsafədən atəşə tutduğu görünürdü. Rəsmi mənbələrə görə, İran tərəfi 2 hərbçisini itirmiş, daha 2 hərbçi isə yaralanmışdır. Taliban tərəfi də 1 əsgərinin ölümünü təsdiqləyib. Elə həmin gün Taliban hökumətinin xarici işlər nazirliyi sözçüsü Ziya Əhmədin açıqlamasına görə, nazir Əmir Xan Motəği səhər saatlarında İranın Əfqanıstan üzrə xüsusi nümayəndəsi ilə görüşərək Helmənd çayıyla bağlı su haqları məsələsini müzakirə edib.

Atışmaların növbəti günü – 28 may tarixində, İranın 2 yüksək vəzifəli şəxsi – İran İslam Respublikası Güc Strukturları Komandanlığının sədr müavini Sərdar Qasım Rzai və Quru Qoşunları komandanı Əmir Kiyomərd Heydəri bölgəni ziyarət etdilər. Ziyarət zamanı Rzai ölkəsinin sərhədlərini qorumağa davam edəcəklərini və heç kimin sərhədi pozmasına icazə verməyəcəklərini ifadə etdi. Heydəri də vəziyyəti izah edərkən bildirib ki, Əfqanıstanla sərhəd İran sərhəd qoşunlarının tam nəzarəti altındadır. Daha sonra toqquşmalar səngisə də, gərginlik aradan qalxmayıb. 31 may günü yayılan xəbərə görə, Taliban tərəfi sərhəd bölgəsinə ağır texnika, o cümlədən tankları cəlb edib. Qasım Rzainin 4 may tarixli açıqlamasında isə sərhəd bölgəsində sükunətin hökm sürdüyü və münaqişənin Taliban silahlılarının məsuliyyətsiz davranışları ucbatından başlandığını ifadə edib.


Hadisələr İran cəmiyyətinin gözündə
Yaşanan gərginliyə İran KİV-nin reaksiyası heç də birmənalı olmayıb. İlk vaxlarda sərhəd bölgəsində atışma yaşanması iddiasını belə inkar edən dövlətə yaxın media qurumları, daha sonra gərginliyin varlığını qəbul edərək, İran tərəfinin hərbi itkilər verdiyini təsdiqləyiblər. Müxalif mətbu orqanları isə hadisələrlə bağlı ilk gündən bəri ortaya çıxan iddiaları işıqlandırmaqda idilər. Hadisələr hökumətə yaxın media qurumlarında daha geniş kontekstdə – xarici düşmənlərin iki qonşu müsəlman ölkəsi arasında nifaq toxumu əkmək cəhdi kimi şərh olunurdu.

Bu hadisə yaxın tarixlərdə İranın yaşadığı ilk sərhəd toqquşması deyil. 21 mayda yenə Bəlucistan əyalətində, lakin bu dəfə Pakistan sərhədinə yaxın ərazidə silahlı toqquşma yaşanmış, nəticədə 5 iranlı sərhəd qulluqçusu həlak olmuşdur. Hadisəylə bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməmişdi. Ümumiyyətlə, 2013-cü ildən bəri sərhədyanı bölgələrdəki silahlı toqquşmalar zamanı İran ən azı 50 hərbçisini itirib. Hərbi təcrübəsi olmayan çağırışçı gənclərin sərhəd xidmətinə göndərilməsi və bu cür toqquşmalarda həyatlarını itirməsi isə İran ictimaiyyətində narazılıqlara, hətta məcburi hərbi xidmət praktikasının mübahisələndirilməsinə səbəb olub.


Nəticə
Əfqanıstan və İran arasındakı son gərginlik qısa müddətdə səngimiş kimi görünsə də, hər iki ölkədə dəfələrlə hakimiyyət və üsuli-idarə dəyişikliyi olmasına baxmayaraq, 100 ilə yaxındır ki, həllini tapmayan dərin bir problemin nişanəsidir və problemin kökündə dayanan su haqları məsələsinə hər iki tərəfin razılaşacağı şəkildə aydınlıq gətirilməsə, gec-tez bənzər gərginliklərin yenə ortaya çıxması qaçılmazdır. Həmçinin bu hadisə iqlim dəyişikliyinin vaxt keçdikcə geosiyasi çəkişmələrə səbəb olacağı proqnozunun da haqlı çıxdığını deməyə əsas verir.

Həm Taliban, həm də əvvəlki əfqan hökuməti hadisəni milli maraqlar kontekstində ələ alır və İranın Əfqanıstandan asılı olması faktından optimal dərəcədə istifadə etməyə çalışır. İran İslam Respublikası hərbi baxımdan şərqdəki qonşusundan daha güclü görünsə də, Kabil İran tərəfinin Əfqanıstana genişmiqyaslı hərbi müdaxilə başlatmağa cəhd etməyəcəyini yaxşı bilir. Bu səbəbdən də, su haqları ilə bağlı məsələni İranın dəniz limanlarına çıxış və Tehranın əfqan miqrantlarla bağlı siyasətinin yumşaltmasını təmin etmək üçün üstünlük kimi istifadə edir. Lakin iki tərəf arasında qarşılıqlı asılılığın mövcudluğu, habelə Talibanın 90-cı illərdə qazandığı qəddar və aqressiv terror qruplaşması imicini dağıdaraq Taliban hakimiyyətindəki Əfqanıstanın əslində sülhsevər və qonşularıyla dostluq münasibətlərini qoruyan bir ölkə olduğunu dünya ictimaiyyətinə sübut etməyə çalışması anlaşmazlıqların getdikcə böyüyərək müharibə xarakteri qazanması ehtimalını xeyli aşağı salır.