İran İslam Respublikası yarandığı gündən(1979) bəri inqilabdan əvvəlki dəyərlər sistemini yenisi ilə əvəz etməyi qarşısına məqsəd qoyaraq mədəni inqilab həyata keçirmək üçün hərəkətə keçib. Məqsəd İslam dəyərlərinə əsaslanan bir cəmiyyət yaratmaq və yeni mömin insan tipi ortaya çıxarmaq idi. Elə inqilabdan sonrakı dövrün ən mühüm şüarlarından biri belə idi: “Bizim inqilabımız dəyərlərin inqilabıdır”. Bu xarakterin formalaşdırılmasında məktəbin əhəmiyyətini dərk edən İran hökuməti işinə təhsil sistemində reform etməklə başladı.
Bu yazının məqsədi məktəbləri sosiallaşdırmaqla İslam Respublikasının yeni tip(mömin) gənc nəsil yaratmaq üçün səylərini təhlil etməkdir. Sosiallaşma, bu kontekstdə "insanların mövcud sistem tərəfindən qəbul edilən və həyata keçirilən normaları, dəyərləri, münasibət və davranışları mənimsəməyi öyrənmə prosesi" olaraq təyin olunur.
Məqalənin məqsədi İslam Respublikasının gənc nəslə öyrətdiyi siyasi - mədəni dəyərləri və davranış normalarını xarakterizə etməkdir.
Sosiallaşdırma vasitəsi olaraq istifadə edilən dərsliklər
Siyasi sosiallaşdırma literaturasına görə ailə, dost qrupu kütlə interaksiyası və məktəb dövrünün ən əsas sosiallaşdırma vasitələrindəndir. Məktəb, dərs proqramı, müəllimlər, dərsliklər, məktəb mühiti və dərs xarici fəaliyyətlər vasitəsilə uşaqların dəyər sisteminin formalaşmasında önəmli rol oynayır. Məktəb, rəsmi orqan olması və asanlıqla hökümətin nəzarətinə keçəbilməsinə görə ikinci dərəcəli bir sosiallaşdırma vasitəsi kimi xarakterizə olunur. Dərs kitabları təhsilin təməli və sosial- siyasi dəyərlərin ötürücüsü olduğu üçün xüsusi bir əhəmiyətə sahibdir. Dərsliklər hər bir ölkədə hakimiyyətin uşaqlara öyrətmək istədiklərini ifadə edir və hakim qrupun ideologiyasını əks etdirir. Beləliklə də, ideal bir vətəndaşın arzu edilən forması təsvir olunur. Məktəb kitabları görünən və görünməyən məzmunu ilə gəncləri sosiallaşdırmaqda effektivdir. Humanitar-sosial dərsliklər münasibət formalaşdırmada, tək başına olmasa da, vacib bir rol oynayırlar. 1960-ci illərdən bəri aparılan bir çox araşdırmalarda bu mövzuya toxunulub. Tez-tez sosial və siyasi dəyişikliklərə məruz qalan cəmiyyətlərdə, humanitar-sosial dərs kitabları dəyərlərin mənimsənməsi üçün açar vasitə rolunu oynayır. İran da buna istisna təşkil etmir.
İranın təhsil sistemində kurikulum proqramının dəyişdirilməsi inqilabdan sonra edilən ən təməl yeniliklərdəndir biridir. Təhsil sistemini islamlaşdırmaq və siyasiləşdirmək məqsədilə yaradılmış kurikulum Quran, İslam əqidəsi və konstitusiyaya əsaslanır. Təhsil Nazirliyi dərslikləri yenidən yazmaqla kurrikulumun məzmununu dəyişmişdir. Məqsəd dərslikləri əvvəlki zalım rejimin çürümüşlüyündən və azğınlığından təmizləmək idi. Yuxarı siniflərdə istifadə olunan fizika və riyaziyyat dərslikləri istisna olmaqla, bir çox dərsliklər hərtərəfli İslam perspektivini tanıtmaq və İslam Respublikasının dünyagörüşünü əks etdirmək üçün tamamilə dəyişdirilmişdir. Həmin dərsliklərə tarix, iqtisadiyyat, sosiologiya, psixologiya, dini kitablar, fars ədəbiyyatı, ərəb dili, incəsənət və humanitar-sosial kitablar daxil idi. Hazırkı təhsil rəsmiləri bildirirlər ki, Pəhləvilər dövründə istifadə edilən sosial elmlər dərsliklərinin məqsədi İslamı korlamaq, hətta aradan qaldırmaq və tələbələrin dini inanclarını zəiflətmək olub.
Dərs kitablarının məzmunun dəyişdirmək o qədər vacib idi ki, İnqilabdan cəmi 9 gün sonra, yəni 1979-cu il, 20 fevral tarixində Ayətullah Xomeyni təhsil idarələrindən ibtidai, orta və ali təhsil səviyyələri üzrə dərs kitablarının tamamilə dəyişdirilməsini əmr etmişdi. İmam Xomeyni dərslikləri istismarçı və qəddar formlardan təmizləyərək islami və inqilabi mövzularla əvəz etmək istəyirdi. Bu yolla gənc nəsli şüurlandırmaq mümkün olacaqdı. Hədəf kurikulum proqramlarını dəyişdirərək dərs kitablarını monarxiyanın təsirindən azad etmək və inqilabdan öncəki kitablarda mövcud olan qərbyönümlü və İslam əleyhinə olan mesajları aradan qaldırmaq idi.
Dərs kitablarının yenidən yazılması prosesi İslam Respublikasının qurulmasından 2 il sonra tamamlandı. Əlbəttə ki, bu 2 il ərzində də rejim boş durmamış, inqilab zəfərindən sonrakı aylarda da xırda dəyişikliklər etmişdi. 1981-ci ildən sonra bəzi xırda dəyişikliklər xaric genişmiqyaslı bir dərslik çapı həyata keçirilməmişdir. 1986-ci ilə qədər 636 orta məktəb dərsliklərində 700 mövzu dəyişdirilmişdir. Həmin mövzular xüsusilə humanitar-sosial elmlər, və dini fənlər idi. Hal-hazırda istifadə olunan dəsliklərin 10% inqilabdan sonra 0-dan yazılmışdır. Qalan 90%-i isə inqilabdan əvvəl mövcud olan kitabların dəyişdirilmiş versiyalarıdır. Və bu kitablar daim nəzarətdə saxlanılır. Cəmiyyətin ehtiyac və dəyərləri dəyişdikcə bunla əlaqədar olaraq dərs kitablarının məzmunu da dəyişdirilir.
Dərslikləein məzmununu dəyişdirmək Təhsil Nazirliyinin Təhsil Planlaması və Araşdırması Təşkilatının, xüsusilə də, Araşdırma, Kurikulum və Dərs Kitablarının İnkişafı bürosunun səlahiyyətində idi. Büro müəllim yetişdirmə kurslarının kurikulum proqramını müəyyən etdiyi kimi, ibtidai və orta məktəb dərsliklərinin də məzmununu müəyyən edən 20 araşdırma qrupundan ibarət idi. Hər bir qrup öz mütəxəssislik sahəsinə uyğun dərs kitabları formalaşdırırdı. Bu qruplar savadlı kadrlardan ibarət idi. Büroda çalışan şəxslərin hər biri öz sahəsi üzrə mütəxəssis, dərslik yazarları, universitet professorları, məktəb müəllimləri və din alimləri idi. Humanitar-sosial elmlərdə isə dərsliklərin məzmununu İslama uyğun hala salmaq üçün üləmalar da bu qruplara daxil edilirdi.
Bu məqalədə mövzular məktəblilərin xarakter tərbiyəsi və siyasi sosiallaşmasını təsvir etməklə dörd əsas kateqoriyaya bölünür: İdeal vətəndaşın xüsusiyyətləri, siyasi inanclar, mədəni problemlər və rol modelləri.
Yeni tip İslami İnsanın (Mömin) Xüsusiyyətləri
Şəxsi xüsusiyyətlər: İran İslam Respublikasının humanitar-sosial dərs kitabları ideal bir cəmiyyətdə yaşayan örnək bir vətəndaşın arzulanan xüsusiyyətlərini təsvir edir. İran İslam qanunları ilə idarə olunan, İslam əxlaqı qaydalarına və dəyərlərinə bağlı insanların yaşadığı və qeyri-müsəlman iranlıların nadir hallarda adı çəkildiyi bir İslam cəmiyyəti kimi təqdim olunur. Cəmiyyət ədalətin və bərabərliyin mövcud olduğu, hər cür qəddarlığa və əxlaqi deqradasiyaya, qumara, içkiyə, zinaya, başdançıxarıcı musiqiyə, rəqsə və mahnılara, əxlaqsız kitab və jurnallara qarşı amansız mübarizənin aparıldığı bir cəmiyyət kimi təqdim olunur. Bu yolla İran digər müsəlman və məzlum xalqlara özünü örnək göstərir.
Bu cəmiyyətin ideal vətəndaşının ən əsas özəllikləri: Şəxsin Allaha olan inamı, təbiət sevgisi, təqvası və iffəti, dürüstlüyü, güvənilirliyi, tutumluluğu, sadəliyi, bilgisi, məsuliyyət və bağlılıq hissi, təvazökarlığı, primitivliyi, bərabərlik və ədalət arzulamasıdır. Nümunədə göstərilən “kimsə” özünü dünyəvi arzulardan və günahlardan arındırandır. Beləcə həmin şəxs özünü Qərbdə yaşayan insandan fərqləndirir. Qərbdə yaşayanların həyatı Qərbin materialist ideologiyasını müdafiə edən iqtisadi rifah, şəxsi rahatlıq, istəklərinə düşkünlük, rəqabətçilik, iddialılıq və acgözlüyün hər şeydən ali olduğu bir həyat olaraq xarakterizə edilir. İslam həyat tərzi isə yardımlaşmağı, başqalarına yaxşılıq etməyi, əzilmişləri və təklənənləri müdafiə etməyi, mərhəmət və fədakarlığı aşılayır.
Sosial-humanitar dərsliklər vasitəsilə ötürülən ən önəmli dəyərlərdən biri şəhidliyə olan inancdır. Məktəb dərsliklərində İslamda və, xüsusilə də, Şiəlikdə şəhidlik sadəcə dini inancı uğrunda öldürülən bir kimsə deyil, daha ziyadə cəmiyyətin yaxşılığı və xoşbəxtliyi uğrunda canından keçən ali bir mərtəbə kimi təqdim olunur. Şəhid zülm və ədalətsizliyin hər bir formasına qarşı mübarizə aparır. Şəhidlik müsəlmanlar tərəfindən şüurlu şəkildə edilən bir seçimdir. Müsəlman olan kimsə axirəti qazanmağın bu dünyada yaşamaqdan daha mühüm olduğunu anladığı zaman bu yolu seçir və həyatını düşmənə qarşı bir silah olaraq istifadə edir. İran 1979-cu ildən, İnqilabın ilk günlərindən etibarən şəhidlik anlayışının olduğu bir yerə çevrilmişdir. İran-İraq müharibəsinin başlanğıcından etibarən qəzetlər şəhid adları, qəbristanlıqlar isə şəhid qəbirlərilə dolmuşdu. Sosial dərsliklər həmişə şəhidlik mövzusunu əhatə etsə də, 1984-1985-ci tədris ilinin başlaması ilə onuncu sinif mövzuları arasına İslamda şəhadətin mənası və rolunun dərindən təhlili daxil edilmişdir. İranın 1980-ci ildə müharibə başlayandan bəri üzləşdiyi insan itkilərini nəzərə alsaq, bunu İslam və inqilab üçün canından keçməyin şərəf və zəruri məfhum kimi gənclər üçün normallaşdırmağa çalışmaqla əlaqələndirmək olar. Sosial dərsliklərdə şəhadət təkcə mühüm məfhum kimi deyil, daha çox İran inqilabının sütunlarından biri və İslam Respublikasının uğurunun açarı kimi təsvir edilir. Müasir İran cəmiyyətində şəhadət axtarmaq bir dəyərə çevrilib və şəhidlər izindən gedilməli qəhrəmanlar kimi ehtiramla xatırlanır. Gənc tələbələrə deyilir ki, şəhadətə dəyər verilən bir cəmiyyət heç vaxt işğal oluna bilməz; çünki təslim olmaq və məğlub olmaq ölüm qorxusunun nəticəsidir. “Şəhidliyə inanan xalq heç vaxt kölə ola bilməz.
Fərd-Dövlət Münasibətləri: İranda İslam dövləti xalq üçün mübarizə aparan və xalq tərəfindən dəstəklənən seçilmiş bir dövlət kimi təqdim edilir. Xalqla hökumət arasındakı münasibətlər birlik, dəstək, etimad və qarşılıqlı yardım üzərində qurulmuş şəkildə təsvir edilir. İranda gənc tələbələrə onların vəzifəsinin höküməti yoxlamaq (denetlemek) və hökumətdə iştirak etmək olduğu təlqin edilir. İdeal vətəndaşlar dövlətlə əməkdaşlıq edir, onu zəiflətməyə çalışmırlar. İslam cəmiyyəti dini liderlər tərəfindən idarə olunduğu üçün onlar şəriət qanunlarına tabe olurlar. Qanuna itaətsizlik günahdır və Allahın və Peyğəmbərin iradəsinə ziddir.
Son olaraq, ideal vətəndaşlar dövlətin gözü və qulağı olan insanlar kimi təsvir edilirlər. Onlar cəmiyyətdə baş verən hadisələri kontrol edirlər. Məktəb uşaqlarına, hökümətin məlumat toplamaq üçün böyük bir kəşfiyyat şəbəkəsinin olduğu öyrədilir. Əslində isə cəmiyyətin 36 milyonluq bir kəsimi həmin “kəşfiyyat xidməti”nin könüllüsü olmaqla hökümətə dəstək olur.
Siyasi İnanclar
Sosial dərs kitablarının məzmunu açıq şəkildə siyasidir və hər bir mövzu siyasi mesaja malikdir. Əsas hədəf uşaqları sosial-siyasi məsələlərdən xəbərdar etmək, yavaş-yavaş hökümətin müdafiə etdiyi dəyərləri uşaqların beyninə yeritmək və siyasi davranışı öyrətməkdir. Əksər hallarda tarixi faktlar dövlət ideologiyasına uyğunlaşdırılmaq üçün təhrif olunur. Reallıq və siyasi şüarlar arasındakı tutarsızlıqlar isə sadəcə gözardı edilir.
Siyasət və Din; Siyasət, din və İslamın siyası quruluşu arasındakı əlaqə ilkin və ən önəmli bir dəyər olaraq gənclərə öyrədilir. Dördüncü sinif dərsliklərdə məscid, dini məsələlərlə yanaşı siyasi mövzuların da müzakirə edildiyi bir məkan olaraq təsvir edilir. Məscid müqəddəs bir yerdir və vətəndaşları, İslam Respublikasının aktiv siyasətinə hazırlayan bir qurumdur. Təhsil sistemində İslamın siyasi bir din olduğu və fərdi inancla məhdudlaşdırıla bilinməyəcəyi şagirdlərə öyrədilir. İslamda ibadət, oruc, həcc və cümə namazı kimi hər bir dini aktivlik siyasi bir hərəkətdir və İslam dininə inananlardan sosial, siyasi və iqtisadi işlərdə fəal iştirak etmələri xahiş olunur.
Siyasəti dindən ayırmaq ideyası Qərbdən gələn bir ideologiya olaraq təqdim edilir. Bu, xristianların “Sezarın haqqı Sezara, Tanrının haqqının Tanrıya” inancının və Avropanın kilsə ilə dövləti ayırmaq uğrunda mübarizəsinin nəticəsidir. Müstəmləkəçilik nəticəsində müsəlman cəmiyyətlərinə sekulyar düşüncə nüfuz etmişdi. İslamla siyasət və siyasətlə maraqlanmaq əqidəsi arasında güclü əlaqə olduğunun fərqinə varan müstəmləkəçi dövlətlər, müsəlmanları tərksilah etməyin ən yaxşı yolunun İslama hücum etmədən və xalqın imanını incitmədən, dini tərəfsizləşdirmək, tədricən siyasətdən uzaqlaşdırıb fərdi inanc səviyyəsinə endirmək olduğunu anladılar.
Təbii ki, müstəmləkəçilik içəridəkilərin köməyini almadan uğur qazana bilməz. Bu içəridəkilər qərbyönümlü savadlı təbəqə idi ki, Qərbin inkişafının dinin dövlətdən ayrılması nəticəsində əldə olunduğuna inanırdılar. İki böyük sekulyar siyasi ideologiya bu təbəqə tərəfindən siyasət meydanına gətirilmişdi. Biri Qərb milliyətçiliyi, digəri isə isə Şərq sosializmi idi. İranlı gənclərə milliyətçilik İslam əqidələrinə birbaşa qarşı olaraq dinin və siyasətin ayrılmalı olduğunu, sadəcə inanc təməli üzərində qurulmuş vəhdət və həmrəylik fikrini rədd edən və milli kimlik üzərinə fokuslanan bir konsept kimi öyrədilir. Millətçiliyin İslam dünyasında parçalanma və milli qıcıqlanmaya səbəb ola biləcəyi izah edilir. Millətçilər şəxsi inanclarına baxmayaraq, İslam kütlələri ilə heç bir əlaqəsi və əlaqəsi olmayan ziyalılar kimi göstərilir. Onların inancları və dəyərləri kapitalist Qərb tərəfindən formalaşdırılmışdır və buna görə də onlar fərqli mədəniyyətlərə qarşı olan insanlardır. Onlar yalnız vətənə pərəstiş edirlər.
Kütlələrdən və onların dini inanclarından daha aydın şəkildə qopanlar isə şərqyönümlü ziyalılar idi. Onlar təkcə şəxsi inancın siyasi fəaliyyətdən ayrılmasını müdafiə etməklə deyil, həm də dini xurafat və kütlələrin tiryəki kimi görüb rədd etməklə xarici qüvvələrin maraqlara xidmət edirdilər. Sosial dərsliklər həm qərbyönümlü, həm də şərqyönümlü ziyalıları müstəmləkəçiliyin birbaşa və ya dolayı yolla tərəfdaşları kimi təqdim edir. Eyni şey 1979-cu ilə qədər İranda qəddar və mənəvi cəhətdən korlanmış siyasi rejimə bilərəkdən və ya bilməyərəkdən xidmət edənlərə də aiddir.
İslam İcması: İslam Respublikası öz gənclərinə İslam birliyini bütün digər birləşdirici qüvvələrdən üstün tutmağı öyrədir. İranlı gənclərə özlərini ümumbəşəri İslam ümmətinin üzvləri kimi xarakterizə etməyi başa salır. Beləliklə, müsəlmanların hüquqlarını müdafiə etmək bir vəzifəyə çevrilir. Fələstinlilərin və ya əfqanların acınacaqlı vəziyyəti hər bir müsəlman iranlını narahat edən məsələyə çevrilir. “Onların kədəri bizim dərdimiz, xoşbəxtliyi sevincimizdir”.
Sosial mövzulu dərsliklərdə təkrarlanan bir digər mövzu isə bütün müsəlmanların milliyyətindən, irqindən, etnik mənsubiyyətindən və danışdıqları dillərdən asılı olmayaraq bərabər olmasıdır. Doqquz yaşlı uşaq IV sinif dərsliyindən öyrənir ki, ağdərili, qaradərili, iranlı, türk, ərəb, afrikalı və ya asiyalı, hətta Avropa, Amerika və Rusiyadan olan bütün müsəlmanlar İslam ümmətinin üzvləridir və buna görə də bir-birinə bərabərdirlər. Onları birləşdirən Allaha iman, peyğəmbərə iman və Qurani-Kərim ayələridir.
Müsəlmanlar bərabər olmaqdan əlavə, birləşməlidirlər. Müsəlman ümməti vəhdətdən uzaqlaşdıqda İslam düşmənlərinə məğlub ola bilər. Müsəlmanlar arasındakı fikir ayrılıqları müstəmləkə hökmranlığına və korrupsiyaya uğramış hökumətlərin hakimiyyətə gəlməsinə yol açır. Gənc tələbələrə deyilir ki, yuxarıda adları çəkilən iki İslam düşməni müsəlmanları dil, irq və dəri rənginə görə parçalamağa, aralarında təfriqə salmağa çalışırlar. Milliyətçi düşüncənin müsəlman xalqlara sızması isə bundan daha təhlükəlidir.
XII sinif humanitar fənn dərsliyinə görə, milliyətçilik müsəlman cəmiyyətinin formalaşmasının qarşısını almaq üçün istifadə edilən sonuncu və ən dağıdıcı müstəmləkəçilik hiyləsidir. Milliyyətçilik müstəmləkəçilərin tətbiq etdiyi və xristian missionerləri, fransız və ingilis şərqşünasları və qərb ziyalıları tərəfindən İslam cəmiyyətlərində həyata keçirilən dağıdıcı bir tədbir idi. Birinci Dünya Müharibəsindən sonra ərəb millətçiliyi, xüsusilə, Misir, Suriya, Livan və İordaniyada təşviq edilmişdir. Bu zaman ərəblərin ilk müsəlmanlar və peyğəmbərin ardıcılları olduqlarını müdafiə edirdilər. Sonralar türklərin digər şərqlilərdən, xüsusən də ərəblərdən üstün olduqlarını, türkçülük və ərəbçiliyin müsəlmanlar arasında parçalanma və düşmənçilik törətməklə yanaşı, Fələstinin işğalına da yol açdığı bildirilir. Sionizmin uğuru imperialist güclərin dəstəyi və müsəlman xalqlar arasında nizamsızlıq sayəsində mümkün oldu. İslam Respublikasının ideal vətəndaşı bütün müsəlmanları bərabər hesab edir və Qərb hökmranlığına qarşı müqavimət göstərmək üçün güclü, vahid İslam icması yaratmağa çalışır.
Müstəqillik: Xarici idarəçilikdən qurtulmağın vacibliyinə duyulan inanc sosial kitablarda təkrar edilən bir mövzudur. İnqilabdan əvvəlki İran dövləti müstəmləkə, Pəhləvi rejimi isə şəfərsiz, etibarsız, İranı xarici ağalarına satan, İranın müstəqilliyini Şah ailəsinin zənginliyi və iqtidarda qalması üçün barter edən zalım, despot, əxlaqsız və ədalətsiz bir idarəçilik olaraq təsvir edilir. Sonuncu şah Məhəmməd Rza Pəhləvi və onun atası Rza Pəhləvi müstəmləkəçiliyin agenti və şərikləri olaraq tanıdılır. İngilis müstəmləkəçiliyinin əlaltısı adlandırılan Pəhləvilər Böyük Şeytan Amerikadan dəstək almaqdan məmnunluq duyurdular.
İranın məktəb kurikulumunda müstəqillik mövsuzu qərarverici vəzifələrin xaricilər və onların havadarlarından təmizlənməsi və iranlıların öz müqəddəratına nəzarəti ələ alması kimi qeyd edilir. Bu, Qərbin təsdiq edib-etməməsindən asılı olmayaraq qərar vermək və hərəkətə keçmək bacarığı deməkdir. Sosial dərsliklərdə gənclərə emosional müraciətlə deyilir: Asılılıqdan qurtulan xalq üzləşdiyi çətinliklərə, məhrumiyyətlərə dözəcək, İslam düşmənlərindən kömək istəməyəcəkdir. “Yalnız pendir və çörək yeyəcəyik, ancaq öz ayaqlarımız üzərində dayanacağıq”.
Qərb: İranda təhsilin ən təməl hədəflərindən biri Qərbə qarşı düzgün bir münasibət ortaya qoymaqdır. Qərb müsəlman dünyasını zəbt etməyə, təbii sərvətlərini istismar etməyə, xalqına zülm etməyə, əzməyə cəhd edən qəddar, cinayətkar bir güc kimi təqdim olunur. İqtisadi anlamda, Qərbin hədəfi üçüncü dünya millətlərinin təbii sərvətlərini soymaq, əzilən insanların ucuz iş gücünü sömürmək və öz istehsal etdiyi mallar üçün təhlükəsiz bir bazar təmin etməkdir. Gənclərə Qərbin öz çıxarları üçün qeyri-humanizm əsasında idarə edildiyi, əxlaqi prinsiplərin qeydə alınmadığı və şeytani bir yolda irəlilədiyi bildirilir.
Siyası anlamda isə Qərbli güclər xalqların birliyini pozmaq üçün “parçala və hökmranlıq et” prinsipini izləyir. Qərb yerli agentlərini iqtidara gətirməklə üçüncü dünya ölkələrində həyatın hər bir sahəsinə sızır. Bir tərəfdən insan haqları müdafiəçisi kimi çıxış etdiyi halda, digər tərəfdən də ən iyrənc cinayətləri törədir. Digər millətlərin daxili işlərinə qarışmaq, dünyanı və bütün insanları yox edəcək ölümcül silahlar emal etmək, ədalətsiz müharibələr aparmaq, milli qurtuluş hərəkatlarını, gənc inqilabları bərtərəf etmək üçün müxalif inqilab cinayətkarlarını dəstəkləyib silahlandırması kimi Qərbin insanlığa qarşı törətdiyi cinayətlər silsiləsi İranın məktəb kurikulumunda ələ alınır.
Qərb mədəni imperializmdə və üçüncü dünya xalqlarının şüurunu zəhərləməkdə də günahkardır. Bu cinayətlərə əxlaqsız filmlərin, musiqi və ədəbiyyatın populyarlaşdırılması, həddindən artıq istehlakın təşviqi və Qərbdə istehsal olunan kosmetika və dəbli geyim kimi dəbdəbəli mallardan istifadənin artırılması, ləyaqətli xalqların kimliklərini məhv edilməsi, onların mədəni irsinə hücum və bu irsi Qərb kimliyinin ucuz kopyaları ilə əvəz edilməsi daxildir.
Gənc iranlılara Qərbin niyyətləri barədə xəbərdarlıq edilir və ona qarşı mübarizəyə çağırılır. Bunun yeganə çıxış yolu şüurlu və zəhmətkeş xalqların vahid ümumbəşəri güc kimi birləşərək Qərbin zülm və təzyiqlərinə qarşı mübarizəsidir. Kapitalist Qərb qədər tez-tez danışılmamasına rəğmən, Sosialist şərqə də tənqid edilir. Marksizm-Leninizm ikiüzlü olmasa da, məzlumları əsarətdən azad etmək iddiasında uğursuzluğa düçar olduğu üçün bu ideologiya dəyərsiz bir fəlsəfə kimi görünür.
Xarici siyasət: İranın xarici siyasəti sosial dərsliklərdə dəfələrlə təkrarlanmışdır. Biz hər il ideal bir vətəndaşın dünyaya necə baxmalı olduğuna dair daha dərin təhlillərin şahidi oluruq. İlk cəhd V sinif dərsliyində edilir və İranın xarici siyasətinin əsası bu şüarlarla müəyyən edilir: “Nə Şərq, nə Qərb; İslam Respublikası”. Bu şüar nə sosialist, nə də kapitalist dünyasına bağlı olmayan İslam inancları əsasında İslam hökuməti yaratmaq arzusunu ifadə edir.
Yuxarı siniflər üçün nəzərdə tutulmuş dərsliklərdə şagirdlərə dünyanın iki düşərgədən ibarət olduğunu düşünmək və üçüncü dünya dövlətlərinin sağ qalmaq üçün bu iki düşərgədən birinə qoşulmalı olduğuna inanmağın yalnış olduğu öyrədilir. Reallıq budur ki, hər iki supergüc imperialistdir, onların məqsədi zəif dövlətləri öz maraqları üçün hakimiyyəti altına alıb istismar etməkdir. Kapitalist xalqların(Amerika kimi) imperialist quruluşu Sovet İttifaqının sosial imperializminə bərabərdir. Sovet İttifaqı bu məsələdə öz mövqeyini Şərqi Avropa və Əfqanıstanı işğal etməklə sübut etmişdir. Həll yolu hər iki düşərgəyə münasibətdə müstəqil siyasət yürütmək və hər hansı birinə güvənməkdən imtina etməkdir. Lakin maraqlıdır ki, dərsliklərdə İran-İraq müharibəsindən çox da bəhs edilmir. Süjetlə bağlı heç bir mətn, hətta kiçik bir hissə də yoxdur. Sadəcə digər mövzular arasında müharibədən də qısaca bəhs edilir. Beynəlxalq kütləvi informasiya vasitələrində İran əleyhinə təbliğatın müzakirəsi çərçivəsində məcburi müharibə kimi bəhs edilir. X sinif dərsliklərində müharibənin daha çox siyasi müzakirəsi təqdim edilir. İraqın İrana qarşı təcavüzü qonşunun apardığı adi müharibə kimi təsvir edilə bilməz. Amma müharibə qəddar supergüclərin İran inqilabına qarşı təcavüzüdür. Qeyd etmək lazımdır ki, müharibə İran və İraq xalqlarının düşmənçiliyindən qaynaqlanmayıb. Əgər belə olsaydı, İran hökumətinin güclü şəkildə müdafiə etdiyi İslam birliyinin ən təməl prinsipi aradan qalxardı. Məsələ burasındadır ki, İraqın Baas rejimi yeni yaranan İslam Respublikasına hücum etmişdi. İranın döyüş meydanında şücaət və müqavimət göstərməsinin sirri tarix boyu şiələr arasında formalaşmış şəhadət ruhunun böyüməsi kimi qələmə verilir. Bir çox iranlı ailəyə təsir edən qanlı müharibənin bu qədər qısa və dolayı yolla bəhs edilməsinin səbəbi məlum deyil. Bununla belə, hesab etmək olar ki, gənc məktəbliləri müharibənin sosial, iqtisadi və siyasi səbəbləri və nəticələri haqqında məlumatlandırmaq vəzifəsi digər sosiallaşma vasitələrinə və həyatın özünə həvalə edilmişdir.
Mədəni Dəyərlər: İnqilabın mühüm məqsədlərindən biri də siyasi və iqtisadi müstəqillikdən əlavə, Qərbin mədəni hökmranlığından qurtulmaqdır. İran rəsmilərinin fikrincə, yad ideoloji təsirlərin kökü kəsilməli və İslami dəyərlərlə əvəz olunmalıdır. Beləliklə, aydın olur ki, İranda mədəni dəyişiklik və dəyərlərdə baş verən inqilab İslama qayıdışdan başqa bir şey deyil.
XII sinif sosial elmlər dərsliyində mədəni hökmranlığın geniş müzakirəsi yer alır. Tələbələr üçüncü dünya ölkələrinin Qərb tərəfindən istismarının müxtəlif formaları (müstəmləkəçilik, neokolonializm və imperializm) haqqında məlumatlandırılır. Onlara yeni müstəmləkəçiliyin təhlükələri barədə xəbərdarlıq edilir və bildirilir ki, müstəmləkəçi dövlətin birbaşa siyasi, iqtisadi və hərbi üstünlüyünün hər zaman göründüyü klassik müstəmləkəçilikdən fərqli olaraq, neokolonializm dolayı mədəni vasitələrlə asılılığı təmin edir.
Müstəmləkəçi fiziki olaraq görünməsə də, istismar olunan xalqın mədəniyyəti yad ehtiyac və maraqların xidmətindədir. İmperializm müstəmləkəçiliyin XX əsr davamı kimi qəbul edilir, güclü və zəif dövlətlər arasında qeyri-bərabər, tiran münasibətləri kimi müəyyən edilir. Məhz buna görə də dərsliklərdə müstəmləkəçilik və imperializm anlayışları bir-birini əvəz edə bilər. İran məktəblilərinə öyrədildiyi kimi, “mədəni imperializm” müstəmləkəçi dövlətlərin “beyinlərini yumaq” və üçüncü dünya xalqlarını tənqid yolu ilə mədəni asılılığa nail olması prosesini nəzərdə tutur ki, onlar Qərbi kor-koranə təqlid edib öz dəyərlərini, inanclarını və adət-ənənələrini tamamilə inkar etsinlər.
İmperialist güclər gənc nəslə aşılayırlar ki, Qərb sivilizasiyanın, elm və texnologiyanın mərkəzidir. Bununla da digər xalqların “irəliləmə” və ya “geri qalma” dərəcəsini ölçmək üçün bir meyardır. Bundan əlavə, Qərb digər geridə qalmış və aşağı irqlərlə müqayisədə ağ irqə üstünlük verir. Beləliklə, digər mədəniyyətlərin bütövlüyü pozulur və onların kimliyi sorğulanır. Bu, hər şeydən əvvəl, mədəni bağlılığa və asılılığa səbəb olur. Çünki tək tip həyat tərzinin ən yaxşı və üstün olduğu bir şəraitdə başqalarının “mədəni” və “qabaqcıl” sayılmaq üçün onu təqlid edib ona yaxınlaşmağa çalışmaqdan başqa çarəsi qalmır. Bu, tragik bir prosesin, yəni şəxsiyyətin itirilməsinin başlanğıcından xəbər verir. Gənc nəslə nəyin bahasına olursa olsun bunun aradan qaldırılmalı olduğu təlqin edilir.
Müstəmləkəçiliyin yerli mədəniyyəti zəhərlədiyi başqa bir kanal kütləvi informasiya vasitələri, kitablar, jurnallar, filmlər və digər ünsiyyət vasitələridir. Ən əsası, zehnin kölələşdirilməsi təhsil sistemi vasitəsilə həyata keçirilir. Müstəmləkəçilik təhsilin planlaşdırılmasına, müəllim hazırlığına və dərsliklərin hazırlanmasına nəzarət etməklə uzunmüddətli mədəni asılılığı təmin edir. Onların fiziki yoxluğu zamanı imperialistlər mədəni sədaqəti təmin etmək vəzifəsini yerinə yetirməyi öz “yerli” davamçılarına, qərbyönümlü ziyalılarına və maarifçilərinə həvalə edirdilər.
İslam Respublikası şəxsiyyəti itirməyi və doğma dəyərlərlərdən uzaqlaşmağı böyük biabırçılıq hesab edir. Buna görə də, humanitar-sosial elm dərsliklərindən “uyğun” mədəni dəyərləri aşılamaq və aludəçiliklə mübarizə aparmaq üçün istifadə edir. Məktəblilərə tez-tez müstəmləkə mədəniyyətinə qarşı mübarizədə xalqın öz dəyərləri və mədəni irsi ilə silahlanmadan əsl müstəqilliyə nail olmasının mümkün olmadığı xatırladılır. Mədəni inqilab əldə edilmədikcə, imperializm daim xalqın mədəni həyatına nüfuz edəcək. Pəhləvi hakimiyyəti dövründə müstəmləkə dəyərləri xalqın mədəniyyəti ilə birbaşa ziddiyyət təşkil etdiyi halda dövlət ideologiyasında əks etdirilirdi. Tələbələrə izah edildiyi kimi, şah rejiminin təbliğ etdiyi materialist, dağıdıcı, qəddar və Qərbçi dəyərlər sistemi xalq kütlələrinin müqəddəs, ədalət axtaran ideologiyasına ziddir. Bu kontekstdə 1979-cu il inqilabı xalq mədəniyyətinin dövlət ideologiyası üzərində qələbəsi idi.
Yad ideologiyaları rədd etmədən, öz dəyərləri ilə fəxr etmədən mədəni müstəqilliyə nail olmaq mümkün deyil. İranın təhsil orqanları məktəb şagirdlərini öz yerli mədəniyyətləri və irsləri ilə fəxr etməyə təşviq etmək və Qərbdən fərqli olmağın utanılası bir şey olmadığına inandırmaq üçün tədris proqramının məzmunundan Qərb həyat tərzinin mənfi tərəflərini təsvir etmək üçün istifadə edir. Gənclərə Qərbin maddi dəyərlər sisteminin bir çox sosial problemlərə, o cümlədən yüksək cinayət nisbətlərinə, narkomaniyaya və yetkinlik yaşına çatmayanlar arasında cinayətlərə yol açdığı öyrədilir. Bundan əlavə, insanın yalnız fərqli bir istehsal növü kimi qəbul edildiyi, yalnız zahiri görünüşünə və maddi varlığına görə qiymətləndirildiyi bir mədəniyyətdə insanlar faydasızlıq, yadlaşma kimi psixoloji problemlərdən əziyyət çəkirlər. Yuxarıdakı nümunə Qərbin sirrini açmaq və Qərb sivilizasiyasının bəşəriyyətə gətirdiyi “dağıdıcılığı” təsvir etmək cəhdinin bir hissəsidir. Məktəb şagirdlərinə xəbərdarlıq edilir ki, Qərb yolu mütləq ən yaxşı və yeganə yol deyil.
Burada aşağıdakı suallar ortaya çıxır: Üçüncü dünya ölkələri üçün həll yolu nədir? Onlar özlərinə inam və mədəni müstəqilliklərini necə əldə edəcəklər? IX sinif sosial elmlər dərsliyi müsəlmanlar və qeyri-müsəlmanlar üçün cavablar hazırlayır. Bütün məzlum xalqlar öz doğma kimliklərinə, mədəniyyətlərinə qayıtmalı, yad ideoloji təsirlərə qarşı mübarizə aparmalıdırlar. Həll yolu, Frants Fanonun dediyi kimi, “Özünə Qayıdış”dır. İran timsalında mədəni müstəqillik ancaq xaricdən gətirilən ideologiyalardan imtina edərək, Qərb modellərindən qaçaraq, öz mahiyyətinə, yəni İran-İslam kimliyinə qayıtmaqla əldə edilə bilər.
Modellər (Simvollar)
İran dərsliklərində həqiqi əqidə və düzgün hərəkət nümunəsi kimi təqdim olunan personajların hamısı ədalətsizliyə, zülmə və istibdada qarşı mübarizə aparan dini/siyasi liderlərdir və bu kateqoriyada ən çox adı çəkilən və qiymət verilən əlbəttə ki, “Ən böyük şəhid” İmam Hüseyndir. Onun həyatı cəsarət və mərdliklə yoludur və bu yoldan getməyə can atmaq dərsliklərdə ən şərəfli yol kimi təqdim olunur.
Peyğəmbər və imamlar “ədalətli” məqsədlər uğrunda mübarizə aparan siyasi xadim olmaqla yanaşı, həm də ideal şəxsi keyfiyyət və davranış nümunələri göstərmişlər. Hz. Məhəmməd (s) “mükəmməl bir nümunə” kimi təqdim olunur. O, ən mərhəmətli ər və ata, ən mərhəmətli hökmdar, zəif və ehtiyacsızların ən səmimi dostu, ən cəsur döyüşçü, ən səxavətli, vicdanlı və bilikli insan, ən ədalətli hakim, ən zahid və dindar müsəlman, zalımlara qarşı barışmaz və sərt şəkildə təsvir edilmişdir. İmam Əli də müsəlman əxlaqının ideal bir nümunəsi olaraq göstərilir. Gənc oxucular İmam Əlinin həyatı və xilafəti haqqında qısa hədislər vasitəsilə onun sadəliyi və təvazökarlığı, maddi sərvətlərə biganəliyi və təqvası haqqında məlumatlanırlar.
Sosial-humanitar dərsliklərin ikinci model qrupu İslamın həqiqi müdafiəçiləri, xalqın əsl təmsilçiləri, yerli despotizmin və xarici müstəmləkənin barışmaz düşmənləri olaraq təqdim edilən “üləma”ları əhatə edir. Onlar “əxlaq, saflıq, təqva və təvazökarlıq simvolları”, cəmiyyətdə hörmət və güvənin qaynağı kimi təsvir edilir.
İranın sosial elmlər tarixindəki üləma mübarizələri haqqında da məlumatlar verilir. Ayətullah Şirazinin 1891-1892 Tütün qiyamındakı rolu, 1905-1911 Konstitusiya İnqilabinda üləmanın rolu və liderliyi mövzularında bir çox dərs mövzuları məktəb proqramlarında əhatə edilir. Heç bir dini liderin həyatı və mübarizəsi Ayətullah Xomeyni qədər geniş müzakirə olunmamışdır. Onun şəxsi xüsusiyyətləri, sosial baxışları, siyasi əqidə və hərəkətləri, nitq və yazıları sosial elmlər dərsliklərinin mühüm bir hissəsini təşkil edir. Ayətullah Xomeyni 1979-cu il İslam İnqilabının lideri, İslam Respublikasının qurucusu, İranı müstəmləkədən və daxili agentlərdən azad edən xilaskar kimi təqdim olunur. IX sinif dərsliklərində Musanın Firona, İsanın Sezara və Məhəmmədin Fars kralı Xosrov Pərvizə meydan oxuması kimi dövrünün zalımlarına qarşı mübarizə apardığı üçün peyğəmbərlərin və şiə imamlarının “haqlı varisi” kimi göstərilir. Onun xarakteristikası gənclərin örnək alması üçün bir model təşkil edir. O, təqvalı, fədakar, sədaqətli, qətiyyətli, ədalətli, şərəfli, , səxavətli, alim və təvazökar kimi təsvir edilmişdir. Xalqı anlamaq və onlarla ünsiyyət qurma bacarığına görə onu İran cəmiyyətinin psixoloqu və sosioloqu adlandırırlar.
Dini liderlər məktəblilərin örnək almalı olduğu nümunə, rejimin tərəfindən dəyər və inancları boş hesab edilən şərqpərəst ziyalıları isə əks nümunələri təşkil edir. İslam cəmiyyətində “üləma” qəhrəman kimi səciyyələndirildiyi halda, Qərbdə təhsil almış ziyalılar satqın kimi göstərilir. Onlar xarici tiraniyanın agentləri, müstəmləkəçiliyin siyasi, iqtisadi və mədəni asılılığı təmin etmək üçün istifadə etdiyi oyuncaqlar, imperializmin maşası kimi təqdim edilir. Tələbələrə öyrədilir ki, ilk qərbpərəst ziyalılar 19-cu əsrdə öz ölkələrini tərk edərək xaricə oxumağa gedən iranlılardır. Qayıtdıqdan sonra Qərb adət-ənənələrini, ideyalarını və dəyərlərini gətirib İran cəmiyyətində yaymağa başlamışdılar. Onlar qərbin texnoloji inkişafını görəndə İranın üzləşdiyi problemlərin yeganə həlli yolunun Qərb üsullarını təqlid etmək olduğuna qərar verdilər. Sekulyar və qərbçi azlığın ənənəvi islam kütlələrindən, müxtəlif həyat tərzi və digər sistemlərdən tədricən uzaqlaşdırılması son nəticədə İranda “ikili mədəniyyət”in formalaşmasına gətirib çıxardı.
İşin maraqlı tərəfi də odur ki, İran dərsliklərində elm adamları, yazıçılar və ya şairlər kimi dini personaj olmayan şəxsiyyətlər heç vaxt örnək kimi təqdim edilməmişdir. Frants Fanon istisna olmaqla, hətta iranlı olmayan İslam alimləri və dini liderlər də dərsliklərdə yer almır. Cəmiyyətin dini və dindən uzaq üzvləri arasına çox kəskin bir sərhəd çəkilmişdir. Birinci qrup şərəfli, vicdanlı, digər qrup isə xain və satqın olanları təmsil edir.
Nəticə
Humanitar-sosial elm dərsliklərinin məzmununun tədqiqi göstərir ki, İranda təhsil açıq-aşkar siyasi xarakter daşıyır və hər bir fənn şüurlu şəkildə siyasi məqsədlər üçün istifadə olunur. Kurikulumun məzmunu rejim ideologiyasını əks etdirir və gənclərə asayişi qorumaq üçün “uyğun” davranış, dəyərlər və inanclar aşılayır. Həmçinin məktəb şagirdlərinin liderlərə sədaqətini təmin etmək və rejimə sadiq bir nəslin yetiştirilməsi üçün təhsil işçilərindən istifadə edir. Bəlkə də ən önəmli məqam İslama bağlılığın təbliğ edilməsidir ki, bununla gəncləri hər cür sıxıntı, məhrumiyyət və fədakarlıqlara hazırlayırlar.
İran məktəblərində sosiallaşma prosesinin son məqsədi ideal İslam cəmiyyətində yaşamaq üçün zəruri keyfiyyətlərə malik nümunəvi vətəndaş yetişdirməkdir. “Yeni Mömin Şəxsiyyət” dini, siyasi şüurlu və hər şeylə maraqlanandır. O, öz irsi ilə fəxr edir, İslam və inqilab üçün özünü qurban verməyə hazırdır. Ölkəsinin dini və siyasi liderlərinə qarşı hörmətli və itaətkardır, inqilabdan əvvəlki rejimə nifrət edir, Qərbdən asılılığın bütün formalarını rədd edir, qeyri-müsəlman dünyasına inanmır, Qərb metodlarına çox tənqidi yanaşır, bütün məzlum xalqlara, xüsusən də müsəlmanlara sempatiya duyur, şəhidləri, dini və siyasi liderləri qəhrəman, qərbyönümlü ziyalılarını satqın kimi qəbul edir.
İranda məktəb şagirdlərinə dindar, cəsur, barışmaz, şərəfli, əxlaqi cəhətdən üstün müsəlmanlar və sekulyar, ədalətsiz, iddialı, anti-humanist, qəddar qərblilər arasında bölünmüş dünya təsvir olunur.
Üləma rəhbərliyi altında gələn gələcək şərəf və mərifəti təmsil etdiyi halda, Pəhləvi sülaləsinin hakimiyyəti altında inqilabdan əvvəlki İran həyatı isə bütün pisliklərin simvolu kimi səciyyələndirilir. Haqqla batilin mübarizəsində İslam, Ayətullah Xomeyni və İslam Respublikasının təmsil etdiyi nur həmişə Pəhləvi hökmdarları və xarici hökmranlıq kimi təsvir edilən zülmətə qalib gələcək. Baxmayaraq ki, “biz”lə “onlar”, xeyirlə şər, işıq və zülmət ayrı-seçkiliyi çox qərəzli və birtərəfli olsa da, daxili siyasi təlatümlərə, xaricdən tətbiq edilən sanksiyalara, müharibələrə baxmayaraq, indiyədək inqilabi ruhu diri saxlaya bilmişdir. İdeoloji ayrılıq, siyasi müxalifət, hətta silahlı üsyanlar belə şəhidlərin tikdiyi, qanla, inancla qorunan quruluşun bünövrəsini hələ də sarsıtmayıb.
Bu məqalədə, məktəblər və dərsliklərin mühüm sosiallaşma vasitələri olduğu və onların əsas funksiyasının nizam-intizamlı və rejimə sədaqətli fərdlər yetişdirilməsini təmin etdiyini araşdırır. Bunun məktəb proqramı rejimin siyasi dəyərlərinə hörmət və inam aşılayacaq şəklində formalaşdırılmışdır və mövcud siyasi sosiallaşma nəzəriyyəsini dəstəkləyir. Bu reformların aparılmasında təhsil sisteminin təsirini müəyyənləşdirərkən(bu, məqalənin əhatə dairəsindən aşan bir vəzifədir) siyasi sosiallaşmada gündəlik reallığın və siyasi şüarların doğurduğu münaqişə və sosiallaşma vasitələrinin müxtəlifliyi nəzərə alınmalıdır.
Rəsmi siyasi təhsili qiymətləndirərkən, gənc iranlılar üçün mövcud olan digər təhsil resursları gözardı edilməməlidir. Ailə və dost qrupları kimi qeyri-rəsmi siyasi məlumat mənbələri gənclərin sosiallaşmasında həmişə məktəblərlə rəqabət halındadır. Müasir İranda sosiallaşma prosesində əldə edilən uğurun yekun dəyərləndirməsini zaman və hadisələrin gələcək gedişatı müəyyən edəcək. Bütün bunlardan sonra sekulyar və ya Qərb təhsilli ailələr tərəfindən ötürülən ziddiyyətli sosial, siyasi və mədəni dəyərlərlə, təhsil sisteminin verdiyi mesajın bərabər çəkidə olub-olmaması və ikili mədəniyyət ənənəsinin İranda davam edib-etməyəcəyi sual olaraq qalır.
Gülnar Mehran