"Vəd edilmiş torpaqlar" olaraq da tanınan "Haaretz ha-Muvtahat" planı İsraildəki bir çox fərqli siyasi təbəqənin ideoloji əsasını təşkil edir. İsrail, 1948-ci ildə dövlət kimi qurulmasından əvvəl də Fələstin və ətraf ərazilərdə "dini və tarixi baxımdan haqlı olduğunu iddia etmə" yanaşmasını mənimsəmişdi.
Bu çərçivədə Fələstin torpaqları sionist çevrələr tərəfindən "Yəhudilərə Tanrı tərəfindən vəd edilmiş torpaqlar" kimi təqdim olunurdu. Əsas sionist liderlərin və İsrailin qurucularının əhəmiyyətli hissəsi dünyəvi və ateist olsa da, bu ritorika geniş şəkildə qəbul edilmişdi.
"Haaretz ha-Muvtahat"
İsrailin quruluşundan sonra, başda "Ultra Ortodoks" olaraq tanınan radikal yəhudilər olmaqla, bölgədəki bir çox yəhudi qrupları bu ritorikalarını daha da artırdılar. Yəhudi dini liderlərinin Tövrata verdikləri şərhlərlə paralel şəkildə, "Haaretz ha-Muvtahat", yəni "vəd edilmiş torpaqlar" ideologiyası da gücləndi.
Bu gün İsraildə radikal sağçı qrupların güclənməsi və dövlət daxilində təsirlərinin artması həmin ideoloji yanaşmanı daha da gücləndirmişdir. Kahanistlər başda olmaqla radikal çevrələrin İsrail daxilində həm əhali, həm də siyasi təsir baxımından artması bu ritorikaların daha açıq şəkildə səsləndirilməsinə səbəb olmuşdur.
Son dövrlərdə İsrail hökuməti və dövlət strukturları içərisində güc qazanan bir çox yəhudi qrupunun "vəd edilmiş torpaqlar" anlayışını ən geniş mənada — hətta Türkiyənin bir hissəsini də əhatə edəcək şəkildə — şərh etdiyi məlumdur.
"Haaretz ha-Muvtahat" haradır?
"Haaretz ha-Muvtahat"un haranı əhatə etdiyi ilə bağlı müzakirələr uzun müddətdir davam etsə də, "vəd edilmiş torpaqların" dəqiq olaraq hansı əraziləri əhatə etdiyi barədə dəqiq məlumat mövcud deyil.
Bunun əsas səbəbi yəhudilərin müqəddəs kitablarının təhrif olunması və içərisində ziddiyyətli ifadələrin yer almasıdır. Bundan əlavə, yəhudi dini liderlərinin fərqli şərhləri də "Haaretz ha-Muvtahat", yəni "vəd edilmiş torpaqlar"ın dəqiq olaraq haraları əhatə etdiyinə dair fikir ayrılıqlarına səbəb olur.
İsrailli intellektual, yazar və aktivist İsrael Şahak (1933–2001) bu ideyanı əsərlərində işləyən önəmli israillilərdən biridir. Şahak, 1994-cü ildə nəşr olunan "Yəhudi Tarixi, Yəhudi Dini" adlı kitabında "vəd edilmiş torpaqlar" məsələsini bu şəkildə izah edir:
Torpaq genişlənməsi axtarışı
"Yəhudi dövləti" olaraq İsrailin öz xalqı, digər yəhudilər və qonşularına qarşı yaratdığı əsas təhlükə, ideoloji baxımdan meydana çıxan torpaq genişlənməsi axtarışı və bu məqsəddən qaynaqlanan qaçınılmaz müharibələr silsiləsidir.
İsrail nə qədər "yəhudiləşərsə" — və ya ivrit dilində deyildiyi kimi, nə qədər "Yahudiliyə qayıdarsa" (bu İsraildə ən azı 1967-ci ildən bəri davam edən bir prosesdir) — faktiki siyasətləri də bir o qədər çox yəhudi ideoloji mülahizələri tərəfindən yönləndiriləcək və rasionallıqdan (məntiqi) xeyli uzaqlaşacaq.
Burada istifadə etdiyim "rasional" termini nə İsrail siyasətlərinin mənəvi qiymətləndirilməsinə, nə də İsrailin sözdə müdafiə və ya təhlükəsizlik ehtiyaclarına, hətta “İsrailin sağ qalması” kimi sözdə ehtiyaclara aid deyil. Mən burada İsrailin güman edilən maraqlarına əsaslanan imperiya siyasətlərini nəzərdə tuturam. Bu cür siyasətlər əxlaqi baxımdan nə qədər pis və ya siyasi baxımdan nə qədər kobud olursa olsun, "yəhudi ideologiyasına" əsaslanan siyasətlərin qəbul edilməsini — bütün fərqli formaları ilə birlikdə — daha da pis hesab edirəm.
İsrail siyasətin ideoloji müdafiəsi, adətən, ya yəhudilərin dini inancına, ya da sekulyar (dünyəvi) yəhudilərdən bəhs etdikdə, bu inancdan qaynaqlanan və həmin dini inancın dogmatik xarakterini qoruyan yəhudilərin "tarixi haqlarına" əsaslanır.
Hələ Ben-Qurion fanatı olduğum vaxtlarda onun qətiyyətli bir müxalifinə çevrilməyim də məhz bu cür bir məsələ ilə başladı. 1956-cı ildə Ben-Qurionun İsrailin Süveyş müharibəsini başlatması üçün irəli sürdüyü bütün siyasi və hərbi əsasları böyük bir həvəslə qəbul etmişdim — ta ki o, (yəhudi dininin qaydalarını heçə saymaqdan qürur duyan bir ateist olmasına baxmayaraq) müharibənin üçüncü günündə Knessetdə çıxış edərək müharibənin əsl səbəbinin "Davud və Süleymanın krallığının" Müqəddəs Kitabdakı sərhədlərinə geri qaytarılması olduğunu deyənədək.
Onun çıxışının bu hissəsində Knessetin demək olar ki, bütün üzvləri avtomatik olaraq ayağa qalxaraq İsrailin milli himnini oxudular. Bildiyim qədərilə heç bir sionist siyasətçi Ben-Qurionun bu fikrini — yəni İsrail siyasətlərinin (praqmatik mülahizələr çərçivəsində) yəhudi dövlətinin sərhədləri kimi Müqəddəs Kitabdakı sərhədlərin yenidən qurulmasına əsaslanmalı olduğunu — rədd etməmişdi.
Əslində, İsrailin əsas strategiyalarının və ivrit dilində ifadə olunduğu şəkildə xarici siyasət prinsiplərinin dərindən təhlili, İsrailin real siyasətlərini müəyyən edən əsas amilin bütün digər faktorları üstələyərək "yəhudi ideologiyası" olduğunu açıq şəkildə ortaya qoyur.
Həqiqi vəziyyətdə olduğu kimi, yəhudiliyin və "yəhudi ideologiyasının" nəzərə alınmaması, bu siyasətləri — adətən yəhudilik haqqında səthi və müdafiə xarakterli fikirlərdən başqa bir şey bilməyən xarici müşahidəçilər üçün — anlaşılmaz hala gətirir.
Ən şişirdilmiş, lakin dünyəvi xarakterli İsrail imperiya planlaması ilə "yəhudi ideologiyası" prinsipləri arasındakı əsas fərqin daha yaxın tarixli bir nümunəsini verim. Yəhudi ideologiyasını mənimsəyənlərə görə, qədim zamanlarda hər hansı bir yəhudi hökmdarı tərəfindən idarə olunan və ya Tanrı tərəfindən yəhudilərə vəd edilən torpaqlar — istər Müqəddəs Kitabda, istərsə də siyasi baxımdan daha əhəmiyyətli olan İncil və Talmudun ravvin şərhlərində qeyd olunmuş olsun — İsrailə, yəni bir yəhudi dövlətinə aid olmalıdır.
Şübhəsiz ki, bir çox yəhudi “sülhsevər” belə bir fəthin İsrailin indiki dövrdən daha güclü olacağı bir zamana ertələnməsinin daha doğru olduğunu, ya da bunun "sülh yolu ilə fəth" şəklində olacağını düşünür — yəni, ərəb rəhbərlərinin və ya xalqlarının yəhudi dövlətinin onlara təqdim edəcəyi faydalar qarşılığında həmin torpaqlardan könüllü şəkildə imtina etməyə "inandırılacaqlarını" güman edirlər.
Haaretz ha-Muvtahat haradadır?
Ravvinlik (hahamlıq) strukturlarının “ideal olaraq yəhudi dövlətinə aid” kimi şərh etdikləri İsrail torpaqlarının Müqəddəs Kitabdakı sərhədləri ilə bağlı bir sıra ziddiyyətli versiyalar mövcuddur. Bu sərhədlər arasında ən geniş şəkildə təqdim olunan variantlar aşağıdakı bölgələri əhatə edir:
- Cənubda: Sina yarımadasının tamamı və Qahirə ətrafına qədər Misirin şimalının bir hissəsi.
- Şərqdə: İordaniyanın tamamı, Səudiyyə Ərəbistanının böyük bir hissəsi, Küveytin tamamı və Fərat çayının cənubunda İraqın bir hissəsi.
- Şimalda: Livanın tamamı, Suriyanın tamamı və Türkiyənin böyük bir hissəsi (Van gölünə qədər).
- Qərbdə: Kipr adası.
Bu sərhədlərə əsaslanan, atlaslarda, kitab və məqalələrdə, eləcə də daha populyar təbliğat materiallarında əks olunan geniş tədqiqat və məlumat müzakirələri toplusu, çox vaxt dövlət dəstəyi və ya digər formalarda dəstəklə İsraildə dərc olunur.
Şübhəsiz ki, öldürülən Meir Kahane və onun davamçıları ilə yanaşı, Quş Emunim kimi təsirli qurumlar bu torpaqların İsrail tərəfindən təkcə fəth edilməsini istəmir, eyni zamanda bunu ilahi bir əmr olaraq qəbul edir və Tanrı tərəfindən dəstəklənəcəyi üçün mütləq uğurla nəticələnəcəyinə inanırlar.
Əslində, bəzi nüfuzlu yəhudi dini liderləri İsrailin belə bir "müqəddəs müharibəyə" girməkdən imtina etməsini, daha da pis halda isə Sina yarımadasının Misirə geri verilməsini Tanrı tərəfindən ədalətli şəkildə cəzalandırılan milli bir günah kimi qiymətləndirirlər.
Quş Emunim hərəkatının ən təsirli hahamlarından biri olan və Kiryat Arba və El Xəlil (Hebron) yəhudi məskənlərinin dini rəhbəri Dov Lior, İsrailin 1982–1985-ci illərdə Livanı fəth edə bilməməsinin səbəbini, "İsrail torpaqlarının bir hissəsini — yəni Sina yarımadasını — Misirə vermə" günahı ilə izah etmiş və bunun Tanrı tərəfindən göndərilən ilahi cəza olduğunu dəfələrlə bildirmişdir.
Hər nə qədər “yəhudi dövlətinə aid” olan İsrail torpaqlarının Müqəddəs Kitabdakı sərhədlərini radikal bir nümunə olaraq seçmiş olsam da, bu sərhədlər dini-milli çevrələrdə olduqca populyardır. Müqəddəs Kitabdakı bu sərhədlərin bəzən “tarixi sərhədlər” olaraq adlandırılan daha az radikal versiyaları da mövcuddur. Bununla yanaşı, İsrail və diasporadakı yəhudi tərəfdarları arasında — bir yəhudi dövlətinin varlığına qarşı çıxan kiçik bir azlıq istisna olmaqla — yəhudilərə aid olan torpaqların sərhədlərini müəyyən edən bu “Müqəddəs Kitab sərhədləri” və ya “tarixi sərhədlər” anlayışı prinsipial olaraq rədd edilmir.
Əks halda, bu cür sərhədlərin müharibə yolu ilə həyata keçirilməsinə yönəlik etirazlar tamamilə praqmatik səbəblərə əsaslanır. Məsələn, deyilə bilər ki, İsrail artıq “yəhudilərə aid” olan bütün torpaqları fəth etmək üçün çox zəifdir və ya belə bir genişmiqyaslı müharibədə yəhudilərin həyatı (ərəb həyatları yox!) torpağın fəthindən daha mühümdür. Lakin normativ yəhudilikdə sərhədləri nə olursa olsun, “İsrail torpaqlarının hamısının yəhudilərə aid olmadığı” iddia edilə bilməz.
1993-cü ilin may ayında Ariel Şaron, Likud Konqresində çıxışı zamanı İsrailin “Müqəddəs Kitab sərhədləri” anlayışını rəsmi dövlət siyasəti kimi qəbul etməsini rəsmi şəkildə təklif etmişdi. Bu təklifə, istər Likud daxilində, istərsə də kənarında, çox az etiraz oldu və onların hamısı da praqmatik səbəblərə əsaslanırdı. Heç kim Şarondan bu Müqəddəs Kitabdakı sərhədlərinin dəqiq olaraq haralar olmasını soruşmadı belə.
İsrailin təməl missiyası (SSRİ-nin dağılmasından bəri) heç vaxt dəyişməyib və həyati əhəmiyyətini qoruyur. İsrailin Ərəb-müsəlman Yaxın Şərqinin mərkəzindəki coğrafi mövqeyinə görə, İsrail özünü ətrafındakı bütün ölkələrdə sabitliyin sədaqətli qoruyucusu olmasını öngörür. İsrailin rolu mövcud rejimləri qorumaqdır: radikallaşma proseslərinin qarşısını almaq və ya onları dayandırmaq, həmçinin dini təfriqəçiliklərin yayılmasının qarşısını kəsməkdir.
Bu məqsədlə İsrail, sərhədlərinin xaricində baş verən və dözülməz hesab etdiyi dəyişikliklərin qarşısını alacaqdır. Hətta bu dəyişiklikləri önləmək və ya aradan qaldırmaq üçün bütün hərbi gücündən istifadə etmək məcburiyyətində olduğunu hiss edəcəkdir.
Başqa sözlə, İsrail digər Yaxın Şərq dövlətlərinə hegemoniya tətbiq etməyi hədəfləyir.
Keçmiş Hərbi Kəşfiyyat Komandanı Şlomo Qazitə görə, İsrailin ərəb rejimlərinin sabitliyi ilə bağlı yaxşı niyyətli bir narahatlığı olduğunu deməyə ehtiyac yoxdur. Qazit bildirir ki, İsrail Yaxın Şərq rejimlərini qoruyaraq, “hamısı Yaxın Şərqdə sabitliyi təmin etməklə Şərqlə yaxından maraqlanan, sənaye baxımından inkişaf etmiş dövlətlər” (yəni qlobal güclər) üçün həyati bir xidmət yerinə yetirir. O iddia edir ki, əgər İsrail olmasaydı, bölgədəki mövcud rejimlər çoxdan dağılmış olardı. Onlar yalnız İsrailin təhdidləri sayəsində mövcudluqlarını davam etdirirlər.
"Ordu təlimində istifadə olunur"
“İsrail torpaqları” termininin tam coğrafi tərifi Talmudda və Talmud ədəbiyyatında geniş müzakirə olunmuşdur və bu müzakirələr müasir dövrdə sionist baxışın müxtəlif fraksiyaları arasında davam edir. Maksimalist baxışa görə, İsrail torpaqları (Fələstinlə yanaşı) yalnız Sina, İordaniya, Suriya və Livanın tamamını deyil, həmçinin Türkiyənin mühüm bir hissəsini də əhatə edir. Bu baxış H. Bar-Droma tərəfindən 1958-ci ildə nəşr olunan "Wezeh Gvul Ha'aretz" (Və Bu Torpağın Sərhədi) kitabında müdafiə olunur. Son illərdə bu kitab İsrail ordusu tərəfindən zabitlərinin təlimində tez-tez istifadə olunur.
Daha çox yayılmış “minimalist” təfsir şimal sərhədini “yalnız” Suriya ilə Livan arasında, Homs enliyində yerləşdirir. Bu fikir Ben Qurion tərəfindən dəstəklənmişdi. Bununla belə, Suriya-Livanın bəzi hissələrini belə istisna edənlər belə etiraf edirlər ki, bu torpaqlar Davudun səltənətinə daxil olduğu üçün bu ərazilərdə yəhudi olmayanlara qarşı müəyyən xüsusi ayrı-seçkilik qanunlarının (İsrail Torpağındakılardan daha az)olduğunu qəbul edirlər. Bütün Talmud təfsirlərində İsrail torpağına Kipr də daxildir.