Axtar

Radikallıqdan müttəfiqliyə: Heyət Təhrir əş-Şamın təkamülü

  • Paylaş:
Radikallıqdan müttəfiqliyə: Heyət Təhrir əş-Şamın təkamülü

Bu məqalə 2022-ci ildə "Politicon" saytında dərc olunmuşdur.

Suriyanın şimal-qərbindəki İdlib vilayətinə de-fakto nəzarət edən “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması son zamanlar arxasında daha çox xalq dəstəyi almağa, həmçinin beynəlxalq aktorlar tərəfindən tanınmağa cəhd edir.

HTŞ 10 il əvvəl Suriya prezidenti Bəşər Əsəd hökumətini devirməyə çalışan ən radikal islamçı qrup kimi ad çıxarmışdı. Təşkilat Suriya vətəndaş müharibəsi zamanı gücünü artırmağa və dünyanın hər yerindən ekstremistləri cəlb etməyə başlamışdı. Bununla belə, qruplaşma hazırda diqqətinin Suriyada müxalifətin əlində olan İdlibdə milyonlarla insana xidmət etmək olduğunu deyir. HTŞ əvvəllər bağlılıq andı içdiyi Əl-Qaidə ilə 2017-ci ildə əlaqələrini kəsdiyini açıqlamış və digər ekstremist qruplara qarşı sərt tədbirlər gördüyünü bildirib.

HTŞ lideri Əbu Məhəmməd əl-Colani cari ayın 3-də ABŞ Xüsusi Təyinatlı Birliklərinin Ətmə əməliyyatı nəticəsində İŞİD lideri Əbu İbrahim əl-Haşimi əl-Qureyşinin öldürülməsindən sonra özünü “İdlibin tək rəhbəri” kimi tanıtmağa yaxındır. Bunu bir sıra siyasi göstəricilər sübut edir ki, bunlardan bəlkə də ən qabarıq olanı əməliyyat zamanı HTŞ-nin amerikalılarla sərgilədiyi əməkdaşlıqdır. İŞİD liderinin öldürülməsindən 3 gün sonra Ətmə qəsəbəsinə gələn və burada çıxış edən əl-Colani “yeni bir mərhələ” başladığını bildirmiş və milləti öz izzət və ləyaqətinə qaytaracağına söz vermişdir. O bu cür addım və vədlərlə öz imicini gücləndirməyi planlaşdırmaqdan savayı həm İdlibdəki döyüşçülərin, həm də regiondakı güclərin güvənini də qazanmağı hədəfləyir. Əl-Colani regional və beynəlxalq güclərin arxalana biləcəyi və əməkdaşlıq edə biləcəyi “məqbul lider” imicini qazanmaqla rəhbərlik etdiyi HTŞ-nin də leqal bir quruma çevirməyi düşünür.

Əl-Colani son vaxtlar rəhbərlik etdiyi silahlıların nizami qüvvələrə bənzər ordu sisteminə çevrilməsi və hərbi iyerarxiyaya uyğun bölünməsi üçün planlar hazırlayıb. Bununla yanaşı müxtəlif ərazilərdə onlarla humanitar düşərgə qurulur və bu düşərgələrə təhlükəsizlik nəzarətini HTŞ silahlıları həyata keçirir.

Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin nəzarəti altındakı ərazilərdə döyüşən Azad Suriya Ordusu (ASO) silahlılarının qaçması və onların əl-Colaninin qüvvələrinə qoşulması bir çox səbəblərdən, xüsusən də onların təklif etdiyi nisbətən yüksək maaşlar səbəbindən artıb.

“Heyət Təhrir əş-Şam” bu qruplaşmalarla müqayisədə ödəniş tarixlərinin dəqiqliyi ilə yanaşı, ASO-dakı fraksiyaların ardıcıl maliyyə böhranlarından əziyyət çəkdiyi və bu səbəbdən ödənişlərin bir neçə ay gecikdirildiyi bir vaxtda öz nüfuzunu genişləndirməyi bacardı və döyüşçülərinin sayını artırdı. Türkiyənin dəstəklədiyi qruplaşmaların döyüşçülərə verdiyi maaş 28-50 dollar (Türk lirəsi ilə ödənilir və məzənnədən təsirlənir) arasında olduğu halda, HTŞ öz döyüşçülərinə 150-250 dollar (dollarla ödənilir) maaş verir. Döyüşçülərə vaxtaşırı ərzaq payı və onların ailələri üçün sosial yardım edilməsi, həmçinin digər vilayətlərdən olan suriyalı qaçqınların İdlibdəki HTŞ düşərgələrində yerləşdirilməsi yerli əhalinin bu qruplaşmanın rəhbərlik etdiyi Şura Hökumətinə inamını artırır.

“Heyət Təhrir əş-Şam” döyüşçüləri fəaliyyət göstərdikləri ərazilərdə güc və toxunulmazlığa malikdirlər ki, bu da onları digər qruplaşmaların nəzarətində olan ərazilərdə döyüş vəziyyətindən uzaqlaşdırır. Buna görə də, digər qruplaşmalardan ayrılan döyüşçülər təhlükəsizlik səbəbiylə daha çox HTŞ-yə qoşulmağı seçirlər. HTŞ-yə yeni qoşulan üzvləri radikallıqdan uzaqlaşdırmaq və hökumətləşmə yolunda onları təhlükəsizlik qüvvələrinə çevirmək üçün İdlib şəhərində 1 aylıq “reabilitasiya kursları”na cəlb edirlər.

Əl-Colani ona qarşı irəli sürülən ittihamları rədd etməyə çalışsa da, onunla əl-Qureyşiyə sui-qəsdi həyata keçirən ABŞ qüvvələri arasında koordinasiya var idi. “Əxbar” qəzetinə danışan cihadçı səhra komandirinin məlumatına görə, İŞİD liderinin yaşadığı yer “Təhrir əş-Şam”a məxsus təhlükəsizlik qərargahının yaxınlığında yerləşib və əl-Colani ABŞ-nin hücumundan təxminən yarım saat əvvəl döyüşçülərinə həmin müddət ərzində heç bir təyyarə və ya helikopteri hədəf almamaq göstərişi verib. Məlumata görə, onlara “təyyarələr müttəfiq qüvvələrə məxsusdur” - deyə bildirilib. 

Ətmə əməliyyatından əvvəl HTŞ-yə bağlı döyüşçülər tərəfindən həyata keçirilən təhlükəsizlik əməliyyatları zamanı daha əvvəl HTŞ-dən ayrılan Əl-Qaidəyə bağlı “Tənzim Hurras əd-Din” (Din Keşikçiləri) qruplaşmasının döyüşçüləri hədəf alındı və digər cihadçı qruplaşmalara da xəbərdarlıq edildi.

Xəbərdarlığa görə Ətmə qəsəbəsində yaşayan digər qruplaşmaların yaraqlıları və mühacirlər evlərini dərhal boşaltmalı və ucqar kənd yerlərinə köç etməli idilər. Bu da “cihadçı mənbələr” tərəfindən İŞİD liderinə qarşı sui-qəsdə hazırlıq üçün yoxlama prosedurları kimi şərh edilmişdir.

Əl-Colaninin hazırkı siyasətini incələyəndə ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefrinin ötən ilin iyununda əl-Colaninin son iki ildə ABŞ administrasiyası ilə sıx əlaqə saxlaması və Vaşinqtonun “HTŞ-yə xələl gətirməməkdə qətiyyətli olması” barədə verdiyi açıqlamaları yada düşür. Ceyms Cefri “PBS” media qurumuna verdiyi müsahibədə "HTŞ İdlibdəki müxtəlif variantlar arasında ən az pis variantdır və İdlib hazırda Suriyanın və Yaxın Şərqin ən vacib yerlərindən biridir. ABŞ İdlibdəki vəziyyəti olduğu kimi, davamlı şəkildə saxlamaq istəyir" - deyə vurğulamışdı. O, həmçinin əl-Colaninin ABŞ ilə əlaqə quraraq etibar qazanmaq istədiyini, həm də bəzi əməliyyat və sui-qəsdlərdə köməklik etmək məqsədilə kəşfiyyat məlumatları ötürə biləcəyini də qeyd etmişdi.

ABŞ-nin İdlibdə ASO yerinə HTŞ-ni seçməsinin başqa bir səbəbi də iqtisadi, sosial və maliyə məsələləri göstərilə bilər. HTŞ-nin zeytun və yanacaq  ticarəti və vergilər sayəsində öz büdcəsini yaratması, qruplaşmanın özünü maliyyələşdirməsi və bunun sayəsində döyüşçüləri tək bir mərkəzdən asılı hala salması onun güc təsirini artıran əsas amillərdən biridir. Həmçinin, İdlibdəki əhalinin də maddi cəhətdən HTŞ-nin nəzarəti altında olduğunu nəzərə alsaq, yaranmış böhran situasiyasının həllinin məhz elə əl-Colaninin əlində olduğunu qeyd edə bilərik. HTŞ öz imicini düzəltmək üçün səhiyyə, təhsil və aztəminatlı xalqa xitab edən digər sahələrin yaxşılaşdırılmasına çalışır. ASO daima maliyyə və digər dəstəklərə ehtiyac duysa da, HTŞ hətta öz büdcəsi hesabına neft və yanacaq tələbatını Suriyanın şimal-şərqində yerləşən ABŞ nəzarətindəki zavodlardan satın alaraq ödəyir.

Görünür ki, əl-Colani artıq özünün və qruplaşmasının radikal və ekstremist imicini örtbasdır etmək, qərbin dəstəyini alaraq ASO-nun gücünü itirdiyi mövqeyə yiyələnmək, HTŞ-ni İdlibdəki Qurtuluş Hökumətinin "əvəzolunmaz" aktoru etmək və münaqişədən sonrakı Suriyada hakimiyyət uğrunda mübarizə aparan tərəflər arasında seçilməsini təmin etmək istəyir.