Axtar

Əbu Ubeydə kimdir?

  • Paylaş:
Əbu Ubeydə kimdir?

Əbu Ubeydə, HƏMAS hərəkatının və onun hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının ən nüfuzlu fiqurlarından biri hesab edilir. Onun əsl kimliyi və zahiri görünüşü yalnız yaxın çevrəsinə məlumdur. İctimaiyyət qarşısında səsləndirdiyi bəyanatlar, hərbi geyimi və üzünü gizlətmək məqsədilə istifadə etdiyi qırmızı kəfiyyə (Yaxın Şərqin ənənəvi baş geyimi) ona geniş populyarlıq qazandırmışdır.

İsrail ordusu ötən gün axşam saatlarında Qəzza şəhərində yüksək rütbəli bir HƏMAS rəsmisini hədəfə aldığını elan etdikdən sonra İsrail mediası hücumun Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydəni hədəfə aldığını bildirmişdir.

Əbu Ubeydənin nüfuzu xüsusilə 2014-cü ildə təxminən 55 gün davam edən İsrailin Qəzza zolağına qarşı hərbi əməliyyatları zamanı əhəmiyyətli dərəcədə artmışdır. Həmin dövrdə o, tunellərdə yerləşən döyüşçülərlə müxtəlif hərbi bölmələr və Qəzza əhalisi arasında, eyni zamanda Qəzza zolağı ilə beynəlxalq ictimaiyyət arasında kommunikativ vasitəçi funksiyasını yerinə yetirmişdir. Əbu Ubeydənin hərbi əməliyyatların təqdimatında ifrat ritorikadan çəkinməsi, ritorika bacarığı və yüksək səviyyəli ərəb dili bilikləri sayəsində Fələstin daxilində və müxtəlif ərəb ölkələrində geniş nüfuz və populyarlıq qazanmışdır.

 

İlk çıxışı
Əbu Ubeydə ilk dəfə 2002 və 2003-cü illərdə Qəssam Briqadalarının sahə komandirlərindən biri kimi ön plana çıxmışdır. Daha sonra, 2004-cü il oktyabrın 2-də Qəzza zolağının şimalında yerləşən Nur məscidində ilk mətbuat konfransını keçirmişdir. Həmin konfransda o, İsrailin Qəzza zolağında həyata keçirdiyi “Peşmanlıq Günləri” əməliyyatına cavab olaraq təşkil olunmuş “Qəzəb Günləri” əməliyyatlarının tərkib hissəsi kimi Qəssam Briqadalarının İsrail qüvvələrinə qarşı hərbi əməliyyatlara başladığını elan etmişdir.

Əbu Ubeydə, mətbuat konfransına gözləri və ağız hissəsi açıq qalan qara maska taxaraq qatılmışdır. O heç vaxt üzünü açıq şəkildə nümayiş etdirməmişdir. Karyerasının əvvəlində qara maska taxdıqdan sonra, gözlərindən başqa üzünün böyük hissəsini örtən qırmızı kəfiyyə geyinməyə başlamış və bu, ona “maskalı adam” ləqəbini qazandırmışdır. O, 1993-cü ildə İsrail tərəfindən öldürülmüş sabiq Qəssam Briqadaları lideri İmad Aqilin yolunu davam etdirmiş və bütün əməliyyatlarını üzünü qırmızı kəfiyyə ilə gizlədərək həyata keçirmişdir. 2005-ci ildə İsrailin Qəzza zolağından geri çəkilməsindən sonra Əbu Ubeydə Qəssam Briqadalarının sözçüsü vəzifəsinə təyin edilmişdir. Onun şəxsiyyəti ətrafında hökm sürən məxfilik mühitinə baxmayaraq, İsrail tərəfi onun həqiqi kimliyini bildiyini iddia edir.

Əbu Ubeydənin İsrail ictimaiyyəti tərəfindən geniş tanınmasına səbəb olan ən məşhur çıxışlarından biri 2014-cü il iyulun 20-də İsrail hərbçisi Şaul Aronun əsir alındığının elan edilməsi olmuşdur.

Müharibə zamanı Əbu Ubeydə Qəssam Briqadalarının həyata keçirdiyi hərbi əməliyyatları təqdim etdikdən sonra, bir sıra zirehli texnikaya qarşı təşkil olunmuş pusqu barədə məlumat vermiş və daha sonra belə ifadə işlətmişdir:
“Düşmən bu əməliyyatda verdiyi real itkilərin sayını etiraf etməkdə tərəddüd edir. Onlar 6092065 nömrəli hərbçi Şaul Aronun yoxa çıxmasını necə gizlədə bilir? Həmin hərbçi bu əməliyyat zamanı Qəssam Briqadaları tərəfindən əsir alınmışdır.”

Qəssam Briqadalarının səsi
Əbu Ubeydə mövcud bütün vasitələrdən istifadə edərək dünya ilə ünsiyyət qurmağa xüsusi diqqət yetirmişdir. O, bəzən mesajlarını Qəzza zolağı, İordan çayının qərb sahili və ya İsraildəki fələstinlilərə, bəzən isə İsrail ictimaiyyətinə yönəltmişdir. Əksər hallarda İsrail hökumət başçılarının və siyasətçilərinin fəaliyyətini tənqid etmiş, eyni zamanda ərəb xalqlarına və beynəlxalq təşkilatlara da müraciət etmişdir.

Əbu Ubeydə “əl-Əqsa” televiziyası tərəfindən yayımlanan və digər kanallar vasitəsilə təkrar nümayiş etdirilən çıxışlarla yanaşı, mesajlarını daha geniş auditoriyaya çatdırmaq məqsədilə sosial mediadan da istifadə etmişdir. O, “Facebook” səhifəsi və müxtəlif “Twitter” (indiki X) hesabları açmış, lakin bu hesabların hamısı qısa müddət sonra (bəzən yaradıldıqdan dərhal sonra) silinmişdir.

Əbu Ubeydə, 2016-cı ilin aprel ayında “X” hesabının bağlanmasına cavab olaraq belə bildirmişdir:
“Twitter düşmənin təzyiqinə boyun əydi. Bu isə bizə göstərir ki, bu şirkət Fələstin işinə qarşı neytral və ədalətli davranmır, siyasi təzyiqələrə boyun əyir və Fələstinli zərərçəkmişlərin əleyhinə Sionist zalimlərin yanında yer alır.”

“Facebook” və “Twitter” hesabları dəfələrlə bağlandıqdan sonra Əbu Ubeydə Teleqram vasitəsilə mesajlar göndərməyə və müxtəlif televiziya kanallarında yayımlanan qeyd olunmuş video və ya səsli çıxışlarda iştirak etməyə başlamışdır.

Əbu Ubeydə, “əl-Əqsa” məscidini müdafiə etmək, İsrail hərbçilərini əsir götürərək daha sonra İsraildəki fələstinli girovlarla mübadilə etmək kimi məsələlərdə HƏMAS-ın mesajlarını ictimaiyyətə çatdırmağa xüsusi diqqət yetirmişdir. Onun bir çox ifadəsi diqqət çəkib, məhşur olmuşdur. Həmin ifadələrdən biri də Qəzza zolağındakı müxtəlif toqquşmalarda Qəssam Briqadaları döyüşçüləri ilə İsrail qüvvələri arasında yaxın döyüşləri təsvir etmək üçün tez-tez istifadə etdiyi “sıfır məsafədən döyüş” ifadəsidir.

Mövcud müharibə dövründə Əbu Ubeydə Qəzza zolağındakı İsrail əsirləri ilə bağlı mesajlar yayımlamışdır. Zaman keçdikcə onun çıxışlarının tezliyi azalmışdır. Əbu Ubeydənin son dövrdə yalnız yazılı bəyanatlarla kifayətlənməsi, sui-qəsd cəhdləri və 2023-cü ilin oktyabrından etibarən İsrailin Qəzza zolağına qarşı həyata keçirdiyi bombardımanlar fonunda onun sağ qalması ilə bağlı suallar yaratmışdır.

 

Üzünü və adını bilirik
İsrail Ordusunun sözçüsü Anviçay Adrae tez-tez Əbu Ubeydəni cavablandıraraq onun çıxışlarını, mesajlarını və üzünü kəfiyyə ilə gizlətməsini tənqid etmişdir.

Əl-Əqsa televiziyası əvvəlcə İsrail tərəfindən hek olunmuş və həmin vaxt İsraillərin Əbu Ubeydə olduğuna inandıqları şəxsin fotosu göstərilərək onun həqiqi adının Hüzeyfə əl-Kahlut olduğu iddia edilmişdir. Sonradan Adrae eyni ad və fotonu bir neçə dəfə istifadə etmişdir.

İsrail xəbər saytı Ynet dünən xəbər verib ki, İsrail Qəzza şəhərində Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydəni hədəf alan hava zərbəsi endirmişdir. İsrail ordusu Qəzza şəhərində bir HƏMAS liderinə hücum etdiyini bildirmiş, lakin hədəfin kimliyini açıqlamamışdır.

Hazırkı vaxta qədər HƏMAS İsrailin həyata keçirdiyi hücumda Əbu Ubeydənin öldüyünü təsdiqləməmişdir. Ölümü təsdiqlənərsə, bu, 20 ildən artıq müddət ərzində Əbu Ubeydənin çıxışlarını dinləyən kütlənin onu itirməsi ilə yanaşı, HƏMAS üçün həm siyasi, həm də hərbi baxımdan mənəvi zərbə olacaqdır.