Nüvə danışıqları bərpa edilirmi? ABŞ və Avropa ilə münasibətlər bərpa edilə bilərmi? İranın müxtəlif siyasi dairələrində nüvə danışıqlarına münasibət necədir?
Nüvə danışıqları qeyri-müəyyən müddətdə heç bir perspektiv vəd etmir. Buna baxmayaraq, xüsusilə Avropa tərəfilə, bəlkə sadə danışıqlar gedə bilər. Tehranın perspektivindən baxsaq, bu cür maksimalist tələblərlə ABŞ razılaşma yox, mütləq təslimiyyət istəyir. Üstəlik, məsələ artıq təkcə nüvə danışıqları da deyil, regional nizam və Vaşinqtonun İsrail hegemoniyasını möhkəmləndirmə ambisiyasını da əhatə edir. Amerika tərəfi zorla öz maksimalist tələblərini dirətməkdən əl çəkməyənədək Tehran nüvə danışıqlarını mənasız hesab edir. Lakin hər hansı bir razılaşma əldə edəcəyinə ümid etməsə belə, İran heç vaxt diplomatiya qapısını bağlamır, xüsusilə də Avropayla (‘’snapback’’ mexanizminə görə).
Sadalanan səbələrdən dolayı, Avropa troikası ilə münasibətlər nəinki yaxın zamanda bərpa olunmayacaq, hətta daha da soyuyacaq. Avropanın ABŞ ilə davamlı əməkdaşlığı İrana olan təzyiqi artırmağa və onu kapitulyasiya imzalamağa məcbur etməyə hesablanıb. İran Avropanın ‘’snapback’’- aktivləşdirmə cəhdlərini həm qeyri-qanuni və ədalətsiz, həm də düşmən tədbiri kimi hesab edir.
İran daxilindəki yanaşmaları üç əsas qrupa bölmək olar:
I. Optimistlər - ABŞ-nin tələblərinin arxasında həqiqətən də nüvə probleminin durduğuna, danışıqlar və inisiativlə hələ də bir razılaşma əldə oluna biləcəyinə inanırlar.
II. Mülayimlər (Moderates) - ABŞ-nin fundamental olaraq heç bir nüvə razılaşması əldə etmək niyyətində olmadığını və ortaq məxrəcə gəlməyin mümkünsüz olduğunu müzakirə edirlər. Bununla belə, onlar İranın cavab və tədbirlərinin regional reallıqlar və Çin və Rusiya kimi müttəfiqlərlə kordinasiya çərçivəsində həyata keçirilməli olduğunu müdafiə edirlər.
III. Sərt xətt tərəfdarları - Qərblə olan qarşıdurma ilə bağlı mülayimlərlə eyni pessimizmdədirlər, lakin onlar digər qrupun əksinə, Vaşinqtonun İranın imkanları haqqında təsəvvürünü dəyişdirmək və güc balansı yaratmaq üçün daha sərt addımlar atılmalı olduğunu müdafiə edirlər.
Müharibədən sonra regiondakı ölkələrlə, xüsusilə də qonşu ölkələrlə münasibətlərdə hansı dəyişikliklər baş verib?
İran qonşuları ilə aşağı gərginlikli və ya müsbət münasibətləri davam etdirməyi praqmatik imperativ(məcburiyyət) kimi qəbul edir və bu, hətta müharibədən sonra da davam etməlidir. Bununla belə, Tehranın bəzi qonşu dövlətlərə münasibətində hər hansı perspektiv düzəlişlər təkcə on iki günlük münaqişənin dinamikası ilə deyil, daha çox, onların daha geniş regional davranışı və strateji addımları ilə əlaqələndirilə bilər.
“Zəngəzur dəhlizi” ilə bağlı İranın müxtəlif siyasi dairələrində hansı fikirlər var? “Zəngəzur dəhlizi” ilə bağlı Prezident Pezeşkian və ali dini liderin müşavirləri arasındakı dilemmaya səbəb nədir?
İranda demək olar ki, bütün ciddi siyasi dairələrdə Zəngəzur dəhlizi milli maraqlara üç fərqli prizmadan təhdid kimi qiymətləndirilir. Birincisi, bu, İran–Ermənistan sərhədinin kəsilməsi ehtimalını yaradır ki, Tehran bunu ən yüksək həssaslıq dərəcəsinə malik milli təhlükəsizlik məsələsi hesab edir. İkincisi, dəhliz regiondan kənar güclərin — xüsusilə ABŞ və NATO-nun — Cənubi Qafqaza daxil olmasını asanlaşdıra bilər. Üçüncüsü, geo-dəhliz baxımından Orta Dəhliz faktiki olaraq İranı kənarda qoya bilər və bununla da onun strateji əlaqəliliyini zəiflədə bilər.
Buna uyğun olaraq, Tehran bu narahatlıqların hər birini proporsional şəkildə idarə etməyə çalışır və müxtəlif maraqlı tərəflərlə vasitəsilə əməkdaşlıq edir və müxtəlif diplomatiya alətlərindən istifadə edir. Təbii olaraq, İranda bu məsələyə münasibətdə düzgün cavab addımı barədə müxtəlif yanaşmalar mövcuddur. Bu fikir ayrılıqları, əslində, Tehranın regional təhdidlərə necə cavab verməli olduğu sualına dair yanaşmalardan qaynaqlanır. Və məsələ ətrafında iki düşüncə məktəbi arasındakı davam edən rəqabəti əks etdirir.
Müharibədən sonra İranda Təhlükəsizlik Şurası nəyə görə yaradıldı? Bu qurum İranın müdafiə və təhlükəsizlik problemlərini həll edə bilərmi?
Müharibə şəraiti özünəməxsus şərtlər diktə edir və xüsusi tədbirləri zəruri edir. İran hazırda elə bir müharibə vəziyyətindədir ki, onun nə vaxt bitəcəyinə dair aydın bir zaman çərçivəsi yoxdur və yeni gərginliklərin başvermə ehtimalı isə yüksək olaraq qalır. Birbaşa hərbi toqquşmalardan kənarda belə aydındır ki, İranın ABŞ və İsraillə qarşıdurması müxtəlif formalar altında davam edəcək, çünki bölgədə sabit bir nizam hələ formalaşmayıb.
Bütün bunlar fonunda Tehran Ali Müdafiə Şurasını yaratdı; bu şura xüsusi tədbirlər qəbul etmək, qərarverməni mərkəzləşdirmək və müdafiə, təhlükəsizlik və hərbi sahələrdə əlaqələndirməni gücləndirmək vəzifəsini daşıyır. Xüsusilə hədəfli qətl riskinin yüksək olduğu bir mühitdə mərkəzləşdirilmiş bir şuranın və yeni institut strukturunun yaradılması müsbət bir addım kimi qiymətləndirilir. Lakin bu qurumun İranın müdafiə çağırışlarını nə dərəcədə effektiv şəkildə həll edə biləcəyi yalnız zamanla aydın olacaq.
İsrailin yeni müharibə çağırışları İran cəmiyyətində necə qarşılanır?
On iki günlük müharibə zamanı İran cəmiyyəti — bir çox analitiklərin və siyasi fiqurların gözləntilərinin əksinə olaraq — İsrailə və hətta ABŞ-a qarşı güclü reaksiya nümayiş etdirdi; bu, İsrail rəsmilərini təəccübləndirdi. Bunu baş nazir Netanyahu, onun müşavirləri və bir neçə İsrail nazirinin açıqlamalarından görmək mümkündür. Bu gün isə həmin reaksiya daha da güclənmişdir və əvvəlcə İsraillə əməkdaşlıq edən elementlər də daxil olmaqla, müxalifətin böyük bir hissəsini əhatə edir.
Buna görə də əminliklə demək olar ki, Netanyahunun militarizmi bir daha İran cəmiyyəti tərəfindən güclü müqavimətlə qarşılanacaq. Beləliklə də, Tehran rəhbərliyinə daha sərt cavab tədbirləri görmək və ya nüvə siyasətinin bəzi aspektlərini yenidən nəzərdən keçirmək təzyiqini artıracaq.
Lakin görünür ki, İsrail rəsmiləri bu ritorikanın Tehranda iğtişaş yaratmasını və ya daxildə hərbi hücumlar üçün dəstək formalaşdırmasını həqiqətən gözləmirlər. Əksinə, bu hekayələr bir neçə məqsədə xidmət edir və İran cəmiyyəti kontekstində əsasən Tel-Əvivin İranın daxili siyasətində müharibə atmosferini saxlamaq və daxili deqradasiyanı tədricən artırmaq strategiyasını əks etdirir.
İ.Pazhuhande