İran və İsrail arasındakı müharibəni Yaxın Şərqdə regional geosiyasətə təsiri baxımından necə qiymətləndirmək olar?
İran və İsrail arasındakı müharibə Yaxın Şərqin iki əsas regional gücünün son qarşıdurması kimi qiymətləndirilə bilər. Əvvəllər İran İsraildən gələn təhlükəni öz proksi qüvvələri vasitəsilə nəzarətdə saxlayır və eyni zamanda regionda ABŞ ilə rəqabət qabiliyyətini qoruyub saxlayırdı. İranın bu rəqibinə qarşı istifadə etdiyi model, İsrailin sərhədləri boyunca və ətraf mühitində ona mövcudluq baxımından təhlükə yaratmaq üzərində qurulmuşdu.
Hazırda İsrail, 7 oktyabr əməliyyatından faydalanaraq, bölgədə təhlükəsizlik düzənini köklü şəkildə dəyişməyə çalışır. İsrailin məqsədi – İranınkından fərqli olaraq – İranın gücünü onun coğrafi sərhədləri ilə məhdudlaşdırmaqdır. ABŞ-ın dəstəyi ilə həyata keçirilən güclü hərbi zərbə ilə İsrail bu strategiyanı, öz təhlükəsizlik arxitekturasını tam formalaşdırmazdan əvvəl reallaşdırmaq istədi. Lakin İran daxilindəki bəzi amillərin düzgün qiymətləndirilməməsi İsrailin planının uğursuzluğa düçar olmasına səbəb oldu. Bu müharibə sübut etdi ki, İranın regional müttəfiqləri zəifləsə belə, təkbaşına ciddi çəkindirmə qabiliyyətinə malikdir. İranın yalnız öz sərhədləri daxilində qalaraq belə İsrailə ciddi ziyan vurmaq gücünə sahib olduğu 12 günlük müharibədə açıq şəkildə nümayiş olundu.
Qeyd edilməlidir ki, İranın coğrafi ölçüləri, müxtəlif quru, dəniz və hava çıxış yolları, zəngin daxili resursları və çoxsaylı qonşuları nəzərə alındıqda, İsrailin onu sərhədləri daxilində məhdudlaşdırması demək olar ki, mümkün deyil. Bu amillər İranın tam şəkildə izolyasiyasını qeyri-real edir. İranı yalnız İsraillə sıx əməkdaşlıq edən bir və ya bir neçə qonşu ölkə real təhlükə altına ala bilər – lakin bu ssenari hələ ki, gerçəkləşməyib. Bundan əlavə, İraq, Əfqanıstan və Pakistan kimi ölkələrin İsraillə münasibətləri normallaşdırmaq istəməməsi onların İran üçün təhlükə yaratmayacağını göstərir. Əvəzində İranın İsrailə qarşı tətbiq etdiyi model – İsrailin kiçik coğrafiyası və məhdud strateji çıxış imkanlarından istifadə – İsraili bir neçə dəfə siyasi və strateji tənəffüs nöqtəsinə gətirib çıxarıb.
İsrailin son dövrlərdəki birtərəfli və nəzarətsiz hərəkətləri, bölgənin digər mühüm aktorlarının maraqlarını nəzərə almadan yaratmaq istədiyi yeni təhlükəsizlik düzəni, ərəb və türk liderlərində mövcudluq baxımından bir təhdid hissi yarada bilər. Bu, qısa müddətli də olsa, həmin ölkələrin İranla ortaq maraqlar axtarmasına və İsrailin strategiyasına qarşı regional razılaşma yönündə addımlar atmasına səbəb ola bilər.
İran və İsrail arasında baş verən 12 günlük müharibənin nəticəsindən region ölkələri hansı dərəcədə təsirlənə bilər və bu diplomatik münasibətlərə necə təsir göstərə bilər?
12 günlük müharibənin təsiri regionun bütün ölkələrində özünü göstərəcək və bu təsir hər bir ölkənin geopolitik mövqeyinə və strateji əlaqələrinə görə fərqli olacaq. Ərəb ölkələri, xüsusilə də Fars körfəzi dövlətləri, Hörmüz boğazının strateji əhəmiyyətinin tam fərqindədir. Onlar başa düşürlər ki, əgər İran hərbi baxımdan küncə sıxışdırılsa və ABŞ münaqişəyə birbaşa daxil olsa, İran bu boğazda hərəkəti pozmaqla regionun iqtisadi həyat damarını ciddi şəkildə kəsə bilər.
İranın Qətərdə yerləşən ABŞ hərbi bazasına zərbə endirməsi, Amerika bazalarına ev sahibliyi edən ərəb ölkələrinə açıq və ciddi bir xəbərdarlıq oldu. Bu addım göstərdi ki, dost və qardaş münasibətləri belə, əgər İranın təhlükəsizliyi bu ərazilərdən pozularsa, həmin ölkələrin də təhlükəsizliyi və sabitliyi risk altına düşə bilər. Bu səbəbdən Fars körfəzi ölkələri öz diplomatik mövqelərini balanslaşdırmağa çalışır və münaqişədən uzaq qalmaq üçün İranla münasibətləri normallaşdırmağı prioritetə çeviriblər.
Bu ölkələr anlayır ki, əgər İranın təhlükəsizliyi getdikcə daha çox pozularsa, o da bölgə təhlükəsizliyini nisbətli şəkildə təhdid edə bilər. Digər tərəfdən, ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi olan İsraili belə İran qarşısında tam qorumağa qadir olmaması, bu ölkələrin Vaşinqtonun hərbi dəstəyinə olan inamını zəiflədir. İranın öz təhlükəsizliyini qorumaq məqsədilə ABŞ hədəflərinə hərbi zərbə endirməyə hazır olduğunu nümayiş etdirməsi, Körfəz ölkələrinin daha ehtiyatlı davranmasına səbəb olub.
Son xəbərlər də göstərir ki, Səudiyyə Ərəbistanı son hadisələrin fonunda "İbrahim Sazişlərinə" (Abraham Accords) qoşulmağa və İsraillə münasibətləri normallaşdırmağa tərəddüd edir. Bu da bölgədə diplomatik münasibətlərin yeni müstəviyə keçdiyini göstərir.
"Müqavimət Oxu"nun gələcəyi necə görünür? İran bu aktorları dəstəkləmək qabiliyyətini qoruyub saxlayırmı?
Müqavimət oxu hazırda yenidən qurulma mərhələsindədir, lakin onun davamlılığını təmin edən əsas amil – xalq əsaslı strukturudur. Suriyadan başqa – harada ki, İran bir dövlət aktoruna sərmayə yatırıb – İran digər ölkələrdə təsir gücünü ideoloji və dini yaxınlıqlar üzərindən, yerli əhali ilə dərin əlaqələr quraraq möhkəmləndirib. Bu yanaşma İranın təsir dairəsinin hərbi varlıqdan çox, ictimai və mədəni zəmin üzərində qurulmasına səbəb olub.
Bu cür ideoloji bağlara əsaslanan model asanlıqla sıradan çıxarıla bilməz. Müvəqqəti zəifləmələr baş versə də, Müqavimət oxu bu sosial bazaya söykənərək yenidən güc toplaya bilər. İranın bölgədəki təsiri ərazi nəzarətindən və ya rejim dəyişikliklərindən çox, ortaq dəyərlər əsasında formalaşmış icmaların səfərbər olunması üzərində qurulub. Son illərdə Yəmən, İraq və Livanda bu dinamikanın müxtəlif formalarda təzahür etdiyini görmək mümkündür: bəzi dövrlərdə kiçik miqyaslı hücumlar, bəzən isə təşkilatlanma və güc topladıqdan sonra geniş hərbi əməliyyatlar həyata keçirilir.
Suriyada isə davam edən daxili qarşıdurmalar, Müqavimət oxuna bağlı yeni paramilitar qrupların yaranması üçün münbit zəmin yaradır. Bu qüvvələr formal dövlət ordusu olmasalar da, bölgədə yaranmaqda olan düzəni pozmaq və dəyişdirmək gücünə malikdirlər.
Ən önəmlisi odur ki, Müqavimət oxu mahiyyət etibarilə xalq əsaslı bir hərəkatdır. Yerli icmalar müqavimət modelinə sadiq qaldıqca – bu bəzən zəif, bəzən güclü formada özünü göstərsə də – bu hərəkat mövcudluğunu qoruyacaq. O, zamanla formasını və gücünü dəyişə bilər, lakin ideoloji dayaqları və ictimai dəstəyi onun uzunmüddətli perspektivdə regionda qalmasını təmin edir.
M. Sadeqi