Axtar

Çin-Ərəb yaxınlaşması: İran niyə tərk edildi?

  • Paylaş:
Çin-Ərəb yaxınlaşması: İran niyə tərk edildi?

Çin rəhbəri Si Cinpinin bir neçə gün öncə Səudiyyə Ərəbistanına səfəri Yaxın Şərq və İran üçün yeni bir dövrün başlanğıcı sayılır. Si Cinpin və Salman bin Əbdüləziz arasında paytaxt Ər-Riyadda keçirilən görüşdən sonra dərc edilən Çin və Səudiyyə Ərəbistanının birgə bəyanatında hər iki tərəf İrandan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyə, mehriban qonşuluq və qeyri-məxsusluq prinsiplərinə riayət etməyə və region ölkələrinin daxili işlərinə qarışmamasına çağırıb. Bəyanatın verilməsindən sonra Çinin artıq regionda ən yaxın tərəfdaş kimi İran əvəzinə niyə Səudiyyə Ərəbistanını seçdiyi barədə suallar yaranır.

Çin dünyanın ən böyük enerji istehlakçılarından biridir və gündə on milyon bareldən çox neft idxal edir, Səudiyyə Ərəbistanı isə dünyanın ən böyük neft ixracatçısıdır. Səudiyyə Ərəbistanının 2021-ci ildə Çinə ümumi ixracının dəyəri təxminən on milyard dollar təşkil edib ki, bunun da böyük hissəsi enerjidir. Həmçinin Səudiyyə Ərəbistanının Çindən idxalının dəyəri 7 milyard dollara yaxın olub. 2021-ci ildə İran və Çin arasında idxal-ixracın ümumi dəyəri isə cəmi 14,8 milyard dollar təşkil edib. Digər məsələ odur ki, Səudiyyə Ərəbistanı Ərəb Liqası ölkələrinə, əsasən də Fars Körfəzi Əməkdaşlıq Şurasının bütün ölkələrinə və onların iqtisadiyyatına təsir göstərmək qabiliyyətinə malikdir. Lakin İranın təsir dairəsində olan ölkələrə yalnız Suriya və İraqın bir hissəsi daxildir.

Digər bir məsələ isə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilmir və Səudiyyə Ərəbistanı Çinlə asanlıqla ticarət edir, lakin İrana qarşı beynəlxalq sanksiyalara görə İran və Çin arasında ticarət çətinləşir. Növbəti məsələ İranın valyutasının sabit olmamasıdır və bu məsələ Çin ixracatçılarının mal ixracını çətinləşdirir. İran tərəfi düşünür ki, Çinin siyasi realizminin əsas prioriteti iqtisadi diplomatiyadır ki, bu da Səudiyyə ilə Çinin ortaq nöqtəsidir. İranda isə iqtisadiyyat siyasi diplomatiyanın gerisində qalmış olur. Bu səbəbdəndir ki, iranlı politoloqlar potensial İran-Türkiyə müharibəsində Çinin daha genişhəcmli ticarət dövriyyəsinə malik əməkdaş olan Türkiyənin tərəfini tutacağını bildirirlər.

İran fundemantal prinsiplərə sadiq olsa da, Səudiyyə Ərəbistanı bu məsələdə daha müasir davranır. Ölkədə artıq xarici dil kimi Çin dilinə daha çox yer verilir, həmçinin gələcəkdə dövlətin təşəbbüsü ilə Konfutsi məktəblərinin açılacağı gözlənilir.

Səudiyyə Ərəbistanının yeni diplomatiyası da Çini cəlb etməyə bilməzdi. Yuxarıda da qeyd etdiyimiz kimi Səudiyyənin region ölkələrinə və iqtisadiyyatına təsir qabiliyyəti Çin üçün ən önəmli priorietlərdən biridir. Səudiyyə Ərəbistanı Çin liderinin və bundan öncə ABŞ prezidentinin qarşılanması və ziyafət mərasiminə digər ərəb ölkələrini də dəvət etmişdi. Səudiyyə Ərəbistanının bu yeni diplomatiyası təkcə özünə deyil, həm də dəvət olunmuş bütün ölkələrə fayda verən ən mühüm nailiyyətlərdən biridir. Səudiyyə Ərəbistanı tərəfindən tətbiq edilən bu diplomatiya və ərəb ölkələrinin liderləri ilə koordinasiya yalnızca dünya liderlərinin qarşılanma, ziyafət və yola salma tədbirləri ilə bağlı protokollarla məhdudlaşmır, həm də qarşılıqlı müzakirə, anlaşma və birgə bəyanatları da özündə ehtiva edir.

Səudiyyə bu diplomatiya sayəsində ərəb dünyasına rəhbərlik etmək və qarşıya çıxan əngəlləri aradan qaldırmağa çalışır. Ümumi maraqlar konsepsiyası ilə çıxış edən Səudiyyə bu diplomatiya ilə öz müttəfiqlərini idarə etmək üçün yeni zəmini yaratmış olur və bunun vasitəsilə onlar arasındakı əlaqələrinin möhkəmliyini və davamlılığını təmin edir. Xüsusilə Çinin bu regionun yerləşdiyi ərazi, təbii xammal ehtiyatları və bazar baxımından bölgə ilə bir çox ortaq maraqları var. Digər tərəfdən, bölgənin də texnologiyaya və müxtəlif silah resurslarına ehtiyacı var və onlar da öz ehtiyaclarını Çinlə əməkdaşlıq etməklə birlikdə qarşılaya bilərlər. Belə ki, ərəb ölkələri kollektiv sövdələşmə yolu ilə istədiklərini əldə edə biləcəklər, Çin isə biznes mühiti asan olan vahid sistem vasitəsilə planlaşdırdığı işləri görə biləcək.

Bayden adminstrasiyasının Səudiyyə və BƏƏ-yə qarşı yürütdüyü siyasət də onların xarici siyasətlərindəki kursun dəyişməsinə səbəb olmuşdur. Səudiyyə Ərəbistanının regionda artan nüfuzu və ərəb dünyasında yeni tətbiq etdiyi diplomatiya bu regiona Çinin daha böyük güc və nüfuzla daxil olmasına səbəb olmuşdur. İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Məhəmməd Cəmşidinin də Çin-Səudiyyə birgə bəyanatına verdiyi cavabdan və Çinə verilən notadan da görünür ki, rəsmi Tehran artıq Çinin İran yerinə Səudiyyəni seçməsini qəbullanıb. Görünür ki, Çinin Yaxın Şərq siyasətində artıq İrana yer yoxdur, buna isə əsas səbəb sanksiyalar altında dağılan iqtisadiyyat və siyasi nüfuzun çökməsidir. Azərbaycanın da yerləşdiyi Yaxın Şərq regionuna Çinin yeni siyasi kurs və əməkdaşlarla daxil olmasına diqqət yetirmək lazımdır.