Ərzaq və içməli suyun davamlı və təhlükəsiz təmin olunması XXI əsrdə bəşəriyyətin qarşısında duran əsas problemlərdən biri olaraq qalmaqdadır. Ərzaq texnologiyaları, kənd təsərrüfatı istehsalı və beynəlxalq ticarət mexanizmləri sahəsində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, qlobal ərzaq təhlükəsizliyi sistemi hələ də ciddi risk və çağırışlarla üz-üzədir. Geosiyasi gərginliklər, ərzaqdan siyasi təzyiq və məcburetmə vasitəsi kimi istifadə edilməsi, eləcə də iqlim dəyişikliklərinin təsiri nəticəsində ekstremal hava hadisələrinin artması qlobal təchizat zəncirlərində mürəkkəb problemlər yaratmaqdadır. Bu şəraitdə dövlətlər və beynəlxalq təşkilatlar öz əhalilərinin ehtiyaclarını daha effektiv şəkildə qarşılamaq məqsədilə ərzaq təhlükəsizliyi strategiyalarını yenidən nəzərdən keçirir və gücləndirirlər. Bu araşdırma Körfəz Əməkdaşlıq Şurasına (GCC – Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri), Azərbaycan Respublikasına və İtaliyaya əsaslanan maraqlı bir ərzaq əməkdaşlığı modelini təhlil edir. Hər bir iştirakçı özünəməxsus çağırışlarla üzləşsə də, bu problemlərin həlli istiqamətində fərqli yanaşmalar formalaşdırmışdır.
GCC ölkələri üçün əsas məsələ məhdud münbit torpaq sahələri və şirin su ehtiyatları fonunda artan əhalinin ərzaq tələbatının davamlı şəkildə təmin edilməsidir. Bu baxımdan ərzağa çıxış milli və iqtisadi təhlükəsizliyin ayrılmaz komponenti hesab olunur. Eksperimental kənd təsərrüfatı metodları və innovativ istehsal texnologiyalarına investisiya qoyuluşu ilə yanaşı, GCC dövlətləri davamlı, şaxələndirilmiş və dayanıqlı təchizat zəncirlərini təmin edə biləcək yeni tərəfdaşlıqlar qurmağa çalışırlar. Bu strategiya çərçivəsində Azərbaycan və İtaliya Körfəz regionunun ərzaq təhlükəsizliyinə töhfə verə biləcək mühüm tərəfdaşlar kimi ön plana çıxır.
Ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələrin əksəriyyəti, xüsusilə də ərzaq ticarətində fasilələrlə bağlı olanlar, adətən COVID-19 pandemiyasının yaratdığı logistika problemlərindən başlayaraq Rusiyanın Ukraynaya müdaxiləsinin qlobal taxıl bazarlarında yaratdığı qiymət artımlarına və daha sonra Hörmüz boğazında gəmiçilik fəaliyyətinə təsir göstərən regional münaqişələrə qədər uzanan hadisələr silsiləsinə fokuslanır. Lakin GCC ölkələrində ərzaq təhlükəsizliyi məsələsi son onilliklər ərzində strateji prioritet kimi qəbul edilmişdir. Qlobal istiləşmənin sürətlənməsi və ekstremal hava hadisələrinin artması isə istehsal, emal, daşınma, saxlanma və kənd təsərrüfatı xammalının tədarükünü əhatə edən inteqrasiya olunmuş ərzaq sistemlərinin əhəmiyyətini daha da artırmışdır.
Azərbaycan bu kontekstdə Körfəz ölkələrinin ərzaq təhlükəsizliyi məqsədlərinə töhfə vermək üçün əlverişli mövqeyə malikdir. Ölkə geniş kənd təsərrüfatı resurslarına sahib olmaqla yanaşı, aqrotexnologiyalar, logistika və infrastruktur sahələrində həyata keçirilən modernləşmə tədbirləri sayəsində kənd təsərrüfatı sektorunun rəqabət qabiliyyətini artırmaqdadır. Bu proses istehsal və ixrac potensialının genişlənməsinə, o cümlədən GCC bazarlarına çıxış imkanlarının artmasına şərait yaradır. Bundan əlavə, Azərbaycanın Mərkəzi Asiyanı, Cənubi Qafqazı, Türkiyəni və Avropanı birləşdirən Orta Dəhliz üzərində yerləşməsi onun Avrasiya məkanında ticarətin asanlaşdırılmasında getdikcə daha mühüm rol oynamasına səbəb olur. Bu coğrafi üstünlük kənd təsərrüfatı məhsullarının istehsal mərkəzlərindən istehlak bazarlarına daha səmərəli daşınmasına imkan verir və ənənəvi təchizat marşrutlarından asılılığı azaltmağa xidmət edir.
Bu əməkdaşlıq modelində İtaliya fərqli, lakin olduqca vacib bir rol oynayır. Azərbaycan kənd təsərrüfatı məhsulları və xammal təmin edə bildiyi halda, İtaliya yüksək əlavə dəyərə malik ərzaq məhsullarının emalı və ixracı sahəsində ixtisaslaşmışdır. İtaliyanın ərzaq sənayesi qabaqcıl emal texnologiyaları, müasir qablaşdırma sistemləri, inkişaf etmiş logistika imkanları və Avropa İttifaqının standartlarına uyğun keyfiyyət və təhlükəsizlik mexanizmləri ilə seçilir. Bu üstünlüklər ölkənin ərzaq sənayesinin uzunmüddətli inkişaf təcrübəsinin nəticəsidir.
Bu üç tərəf arasında əməkdaşlıq potensialı kifayət qədər aydındır. Azərbaycan istehsalçıları yalnız təzə və ya xammal şəklində məhsul ixrac etməklə kifayətlənməyərək, İtaliya texnologiya təchizatçıları ilə əməkdaşlıq çərçivəsində məhsulların emalı və qablaşdırılmasını həyata keçirə bilərlər. Belə bir modeldə Azərbaycan kənd təsərrüfatı resurslarını və logistika imkanlarını, İtaliya texnoloji bilik və emal qabiliyyətlərini, GCC ölkələri isə investisiya kapitalını və istehlak bazarını təmin etmiş olar.
Bu imkanların praktik müstəviyə keçirilməsi üçün əhəmiyyətli investisiyalara ehtiyac vardır. Suvarma sistemlərinin genişləndirilməsi, müasir kənd təsərrüfatı texnikasının tətbiqi, anbar və saxlanma infrastrukturunun inkişafı, eləcə də nəqliyyat şəbəkələrinin təkmilləşdirilməsi Körfəz regionu üçün uzunmüddətli və sabit ərzaq təminatının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə layihələr istehsal, emal və paylama proseslərinin vahid və koordinasiyalı sistem kimi fəaliyyət göstərməsinə imkan yarada bilər.
Logistika bu tərəfdaşlığın digər kritik elementidir. Ərzaq təhlükəsizliyi yalnız məhsul istehsalından deyil, həm də həmin məhsulların təhlükəsiz və səmərəli şəkildə daşınmasından asılıdır. Azərbaycanda soyuducu nəqliyyat şəbəkələrinin, müasir anbarların və soyuq zəncir mərkəzlərinin inkişaf etdirilməsi temperatur həssaslığı yüksək olan məhsulların həm Avropa, həm də Körfəz bazarlarına çatdırılmasını asanlaşdıra bilər. İtaliyanın soyuq zəncir idarəçiliyi sahəsindəki təcrübəsi məhsul itkilərinin azaldılması və keyfiyyət standartlarının qorunması baxımından mühüm rol oynaya bilər.
Bununla belə, bu əməkdaşlığın qarşısında duran ən ciddi maneələrdən biri dəyişkən geosiyasi mühitdir. Əslində, məhsulların hərəkətinin təhlükəsiz və fasiləsiz şəkildə təmin edilmədiyi şəraitdə ərzaq ehtiyatları və nəqliyyat infrastrukturu ilə bağlı müzakirələrin effektivliyi məhdud qalır. Xüsusilə Yaxın Şərqdə davam edən müharibə və Hörmüz boğazının bağlanması GCC ölkələrinin ərzaq idxalına ciddi təsir göstərmişdir. Bu ölkələrin əksəriyyəti idxaldan yüksək dərəcədə asılı olduğundan, yaranmış vəziyyət logistika xərclərinin artmasına, ərzaq və gübrə qiymətlərinin yüksəlməsinə, soyuq zəncir infrastrukturuna əlavə təzyiqlərin yaranmasına və xüsusilə təzə məhsulların təchizatı sahəsində mövcud zəifliklərin üzə çıxmasına səbəb olmuşdur. Strateji ehtiyatlar, alternativ limanlar, quru nəqliyyat marşrutları və hava daşımaları indiyədək ciddi qıtlıqların qarşısını alsa da, mövcud böhran regional ərzaq təhlükəsizliyi sistemlərinin həssaslığını açıq şəkildə nümayiş etdirmişdir. Bu baxımdan, ərzaq təhlükəsizliyinin təmin olunmasında diplomatik fəaliyyət də mühüm rol oynayır.
Nəticə etibarilə, ərzaq təhlükəsizliyi yalnız istehsal məsələsi deyil. Bu anlayış mənbələrin, ticarət əlaqələrinin, tərəfdaşlıqların, texnologiyaların, saxlanma imkanlarının və nəqliyyat infrastrukturunun davamlılığını ehtiva edir. GCC ölkələri, Azərbaycan və İtaliya bir-birini tamamlayan imkanlara malikdirlər və getdikcə daha qeyri-müəyyən xarakter alan beynəlxalq mühitdə dayanıqlı ərzaq təhlükəsizliyi modelinin formalaşdırılması üçün əlverişli əməkdaşlıq potensialına sahibdirlər.
By Daniela Palumbo