Məlumdur ki, 2023-cü ilin oktyabr ayının 7-də Həmasın İsrailə hücumu Yaxın Şərqi yenidən qan çanağına döndərdi. Yaxın Şərq üzrə ssenarilərin müəllifi olan böyük dövlətlər və onların regional müttəfiqləri birincilik və liderlik ugrunda savaşarkən əfsuslar olsun ki, on minlərlə uşaq, qadın, günahsız insan siyasi oyunların qurbanına çevrilirlər.
Bölgədə cərəyan edən hadisələrin təhlili onu göstərir ki, son illər baş verən hadisələr İranın və “Müqavimət Oxu”nun mövqeyini kökündən sarsıtmışdır. Regionda baş verənlərdən sonra İran çətin ki, qəddini düzəldə bilsin. Divara qısnanmış İran cox güman ki, 2025-ci ildə yeni manevrlər axtarışında olacaq.
İranın meydanda tək qalmaq qorxusu
2024-cü ildə İranda keçirilən seçkilərdə qalib gələn türk əsilli islahatçı Pezeşkiyan prezidentliyi dövründə mediaya sızdırdığı ilk mesajında ABŞ və Qərb ölkələri ilə münasibətlərində daha sərt siyasi xətt götürməyi, Yaxın Şərqi ABŞ və Qərbin təsirindən azad etməyi, regionun ərəb və digər ölkələri ilə münasibətləri normallaşdırma prinsipi əsasında quracağını elan etmişdir. İsrail məsələsində heç bir güzəştə getməyəcəyini açıq bəyan edən İran çox keçmədən ilk böyük zərbəsini aldı. Belə ki, İranın yeni təyin olunmuş prezidentinin andiçmə mərasiminə gələn “Həmas” lideri İsmail Haniyənin sui-qəsd nəticəsində qətlə yetirilməsi hadisəsi qonağına sahib çıxa bilməyən İrana yönəlmiş həm təhqir, həm də təhdid mesajı idi. Çox keçməmiş 2024-cü ilin sentyabrında “Hizbullah” lideri Həsən Nəsrullahın İsrail hava qüvvələri tərəfindən qətlə yetirilməsi İrana qarşı növbəti sarsıdıcı zərbə oldu. Bu hadisələrin acısını çıxarmamış Suriyada Əsəd rejiminin devrilməsi itkisi ilə üzləşən İran Yaxın Şərqdə ən güclü müttəfiqini, “Müqavimət oxu”nun daha bir üzvünü itirdi. İsrail İranı və onun proksi qüvvələrini zəiflətməklə İranı meydanda yeni müttəfiqlər axtarışı ilə üz-üzə qoydu.
“Həmas” – “Müqavimət Oxu”nun üzvlərindən biridir. İranın maliyyə və hərbi dəstəyini alan “Həmas” İsrailə qarşı mübarizədə İranın dəstəkçisi sayılır.
“Hizbullah” “Müqavimət Oxunun üzvlərindən biridir. İranın maliyyə və hərbi dəstəyi ilə Livanda fəaliyyət göstərən təşkilat İsrailə qarşı mübarizədə əsas oyunçulardan biridir.
Sabiq Suriya rejimi - “Müqavimət Oxu”nun fiqurlarından biridir. Suriya həm də Hizbullahın İsrailə qarşı olan hərbi fəaliyyətləri üçün mühüm bir tranzit ölkədir. İran Livana silah-sursatı məhz Suriya vasitəsilə ötürürdü. İran təkcə müttəqfini yox, tranzit xəttini də itrmiş oldu.
Türkiyə İranın xilaskarı olacaqmı?
Ard-arda zərbələr alan İran sözsüz ki, qarşıya çıxan imkanları əldən verməmək istiqamətində fəaliyyətə başlamalı idi. Belə ki, Suriyada hakimiyyətə gələn Türkiyəyə tərəfdaş “Heyəti-Təhrir-Şam” (HTŞ) ilə münasibətlərini normallaşdırmaqda maraqlı tərəf kimi çıxış edən İran başa düşürdü ki, Suriyada mövcud olan canlı qüvvələrini və silah-sursatlarını təhlükəsiz şəkildə oradan çıxarmağın yolu məhz Türkiyədən keçir. Habelə meydanda tək qalan və itkilərini minimallaşdırmağa çalışan İran Suriyanın yeni hakimiyyəti ilə dil tapmağın vacibliyini yaxşı anlayırdı. Türkiyənin İsrail məsələsində barışmaz mövqedə olması sarıdan İranın bəxti gətirmişdir. Bu onun Türkiyə ilə regionda yeni uğurlu müttəfiqlik axtarışı işinə kömək edə bilər. Yaxın Şərqin güclü aktorlarından biri hesab edilən Türkiyənin bu günədək İranla isti münasibəti olmasa da, bu münasibətlərin kəskin fazaya keçməsi, tərəflərin münasibətlərində qırmızı xətti keçməsi də müşahidə edilməmişdir. Məlumdur ki, Türkiyə İrana qarşı qoyulan sanksiyalara baxmayaraq onun neftini alan ölkədir. Hər iki dövlətin maraqlarının üst-üstə düşdüyü digər məsələ kürd faktorudur ki, bu mövzu Türkiyə üçün çox həssas məsələdir. Nəzərə alsaq ki, Türkiyənin İranın hazırkı müttəfiqi olan Rusiya ilə isti münasibətlərdə olması da İranı Türkiyəyə sığınmağa vadar edəcək. Unutmaq olmaz ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO ölkəsidir. Cari ilin yanvar ayında İran prezidenti Pezeşkianın Rusiya prezidenti V.Putinlə strateji tərəfdaşlıq haqda razılığa gəlməsi, məhz ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın vəzifə səlahiyyətlərini icrası ərəfəsində baş vermişdir. İrana qarşı barışmaz mövqeyi ilə seçilən D.Trampın növbəti müddətə ABŞ-da prezident seçkilərində qalib gəlməsi, habelə prezidentliyinin ilk günlərində Rusiya prezidenti Putinin ünvanına sərt sözlər deməsi 2025-ci ildə hadisələrin daha dinamik olacağınadan xəbər verir. Güman ki, Rusiyanın da qarşı tərəfə “cavabı” çox gecikməyəcək. Sadalanan məqamlar ehtimal etməyə əsas verir ki, 2025-ci ildə Türkiyə-Rusiya-İran əməkdaşlığına şahidlik edəcəyik. Nəzərə almaq lazımdır ki, İsrailin Suriyadakı fəaliyyəti də İİR-Türkiyə münasibtlərinin yaxınlaşmasına zəmin yarada bilər.
Nəhayət ki, uzun zamandan bəri davam edən və çox saylı insan tələfatı ilə nəticələnən İsrail-Həmas qarşıdurması cari ilin yanvar ayının 19-da atəşkəs razılığının qüvvəyə minməsi ilə başa çatdı. D.Tramp bununla prezidentlik dönəminin ilk uğurlu işinə imza ata bildi. ABŞ, Misir və Qətərin zamin kimi çıxış etdiyi atəşkəs razıllğı əlbəttə ki, Yaxın Şərqdə hər seyin nizamlanacağı anlamına gəlmir. İsraili atəşkəsə məcbur edən ABŞ yəqin ki, bunun qarşlığında ona nələrisə “vəd” etmişdir. Tarix boyu müxtəlif ABŞ prezidentləri İsraillə ərəb ölkələri arasında sülhün və barışığın əldə olunması istiqamətində bir sıra müqavilələrlə, o cümlədən Kemp-Devid, Oslo kimi tarixi müqavilələrlə yadda qalmışlar. Hətta Bayden də ərəb dövlətlərinin lideri rolunda çıxış edən Səudiyyə ilə İsrail arasında müyyən yaxınlaşmaların əldə olunmasına nail olmuşdur. Keçən prezidentliyi dövrdə “İbrahim razılaşması” (Müqavilə İsraillə BƏƏ, Bəhreyn və Sudan arasında münasibətlərin normallaşmasını nəzərdə tutur) ilə yadda qalan D.Tramp çox böyük ehtimalla yeni prezidentliyi dönəmində sözügedən müqaviləni yenidən canlandırmaq istiqamətdə fəaliyyətə keçəcək. Uranın dinc məqsədlər üçün istifadəsi məqsədilə ilə nüvə proqramına qoşulmaq istəyən Səudiyyə Ərəbistanı onsuz da əlverişli məqam axtarışındadır. Hesab etmək olar ki, ABŞ-ın regiondakı müttəfiqi olaraq Səudiyyə İsraillə münasibətlərini yalnız uranın dinc məqsədlər üçün istifadəsi məqsədi ilə uranın zəginləşdirilməsinə nail olmaq şərti ilə razılşacaq. Şübhəsizdir ki, Səudiyyə Ərəbistanının atom enerjisi sahəsində fəaliyyəti D.Trampın neft qiymətlərinə dair razılşamasından da asılı olacaqdır. SƏK-in gənc vəliəhdi Məhəmməd bin Salman (MBS) ölkəsinin maraqlarını fələstinlilərə görə qurban vermək niyyətində deyil. Bununla belə, Səudiyyə ərəb dünyasının lideri olaraq və bu imici saxlamaq üçün ərəb dünyasının da hörmətini itirməməlidir. Lakin vəliəhd MBS-nin son illər Səudiyyədə apardığı islahatlar, onun islahatçı statusda olması yaxın gələcəkdə İsraillə danışıqlar masası ətrafında oturacağından xəbər verir. Şübhəsiz ki, ABŞ-ın İsraillə münasibətlərini normallaşdırmaq müqabilində Səudiyyəyə müyyən “töhfələr” verəcəyi də istisna edilmir. Baxmayaraq ki, nə ABŞ, nə qərb ölkələri, nə də İsrail nəinki İranın, hətta regional müttəfiqləri olan Səudiyyə Ərəbistanının da uranın zəginləşdirilməsi proqramında iştirakını arzu etmirlər.
Maraqlıdır, Türkiyənin İranla münasibətlərinin istiləşmə istiqamətində davam etməsi (əgər olarsa), Azərbaycana necə təsir edə bilər?! Hesab edirəm ki, İranın hazırkı durumu onu Türkiyədən asılı vəziyyətə gətirib çıxaracaqdır ki, bu da regionun bir çox məsələlərinin həllində Türkiyənin iradəsini keçərli edə biləcəkdir. Siyasi konyuktura İranın Zəngəzur dəhlizi məsələsində Azərbaycanın xeyrinə qərar verməyə vadar edəcək.
Ümumlikdə, İranın regiondakı nüfuzu İraqda mövcud “Həşd-Şəabi”nin qalmasından, Ənsərullaha qarşı tədbirlərin ciddilik dərəcəsindən, İsrailin Suriya siyasətindən, İsrail-Həmas atəşəkəsinin davamlılığından, ABŞ və RF-nin Ukrayna məsələsində razılığa gələ bilməsindən, SƏK-TR hərbi əməkdaşlığından, “İbrahim razılaşması”nın bərpasından asılı olaraq dəyişə bilər.
Demək ki, 2025-ci ildə Yaxın Şərqin yeni qüvvələr nisbəti müyyənləşəcək. Bütün bunların Yaxın Şərqin hələ çox illər bundan sonra yenə də qaynar nöqtə olaraq qalacağından xəbər verir. Gözləyək, Yaxın Şərq yeni ssenariyə hazırdırmı?
AMEA-nın Fəlsəfə İnsitutunun dissertantı
Səfiyeva Həcər Kamal qızı