Axtar

Yeni Suriya administrasiyası legitimlik mübarizəsi və xarici problemlər qarşısında

  • Paylaş:
Yeni Suriya administrasiyası legitimlik mübarizəsi və xarici problemlər qarşısında

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada diplomatik fəaliyyət günü-gündən artır; Ərəb və digər xarici nümayəndə heyətlərinin yeni Suriya administrasiyasının rəsmiləri ilə görüşmək üçün Dəməşqə axışması administrasiyaya bir növ legitimlik qazandırır.

Post-Əsəd dövründə XİN başçıları, diplomatlar və yüksək səviyyəli rəsmilər Suriyaya müxtəlif səbəblər və istiqamətlərlə getsələr də, bu səfərlər hazırkı administrasiyanın üstüörtülü şəkildə tanınması deməkdir. Şübhəsiz ki, bu, yeni administrasiyaya güc verir.

Müşahidəçilər hesab edirlər ki, bu, yeni administrasiyaya legitimliyin verilməsinin yeni qurulmuş hakimiyyəti gücləndirmək üçün yaxşı fürsətdir. Əksər hallarda isə bu cür hakimiyyət dəyişikliklərindən sonra yeni hakimiyyətin tanınması əvəzinə beynəlxalq təşkilatlara üzvlüyün dayandırılması, sanskiya tipli cəza tədbirləri həyata keçirilir.

Bəziləri Əsəd rejiminin beynəlxalq arenada əksər nüfuzlu aktorlar tərəfindən qəbul edilməməsini ikili standartlarla izah edir. Digər qrup isə rejim dəyişikliyinin adətən hərbi çevrilişlə həyata keçirildiyini iddia edir. Suriya nümunəsindəki paradoks odur ki, Əsəd rejimi silahlı qruplar, xüsusilə də öz sıralarına əcnəbiləri də daxil edən Heyət Təhrir əl-Şam (HTŞ) tərəfindən devrildi.

“Foreign Affairs” jurnalında dərc olunan məqalədə keçid hökümətinin üzləşə biləcəyi çətinliklər vurğulanıb: “Dəməşqdə yeni hökumət formalaşarkən həm suriyalılar, həm də xarici müşahidəçilər bu hökumətin əhatəliliyi və ölkəni təmsil edə biləcəyindən narahatdırlar. Suriyada etnik və dini qruplar arasında həll edilməmiş problemlərin yeni administrasiyanın lideri Əhməd əl-Şaranın ölkəni birləşdirmək və hakimiyyətini möhkəmləndirmək səylərinə mane ola biləcəyi ilə bağlı narahatlıqlar var”.

Ekspertlər ABŞ-nin yaxın perspektivdə edəcəyi seçimlərin "yeni administrasiyanın öz nüfuzunu bütün Suriyaya yayma və yenidən qurma qabiliyyətinə təsir edəcəyini" bildirir. Suriyanın yeni liderlərinə şübhə ilə yanaşmaq üçün səbəblər var. Bunlardan biri də müharibə nəticəsində viran qalan ölkənin ağır vəziyyətidir. Çünki suriyalıların 70 faizindən çoxu yoxsulluq həddinin altında yaşayır. Suriyanın ümumdaxili məhsulu (ÜDM) 2011-ci ildən bəri 60 milyard dollardan 10 milyard dollara düşüb. “Yenidənqurma işlərinin 400 milyard dollara başa gələcəyi gözlənilir.

Suriyanın yeni lideri Əhməd əl-Şara yeni şərtlərə uyğunlaşmaq qabiliyyətini sübut etməyə çalışır. O, 2017-ci ildə Suriyanın İdlib vilayətini ələ keçirdikdən sonra sıfırdan bir proto-dövlət qurmağa başladı və Suriyanın milli gündəmini mənimsəmək üçün HTŞ-dəki xarici döyüşçülərin böyük bir hissəsini ölkələrinə göndərdi. O, əvvəlki məqsədlərini rədd etdi. Bu isə HTŞ-yə sonda Dəməşqə hücum etməyə imkan verdi. Əş-Şara kiçik xristian və dürzi icmaları ilə yaxınlaşdı, qadınların təhsil almasının vacibliyini gündəmə gətirməklə Qərb ölkələrindən və qeyri-hökumət təşkilatlarından gələn humanitar yardımların qapısını açdı.

ABŞ-nin Suriyada öz məqsədlərinə böyük ölçüdə nail olması Vaşinqton administrasiyası üçün bəlkə də ən önəmlisi faktorlardan biridir. Əsəd rejimi bitdi , İran və Rusiya qüvvələri Suriyadan çəkildi. Suriyada İran kimi dost hökumətin itirilməsi böyük zərbədir. Tehran Livandakı Hizbullaha silah ötürmək üçün əsas marşrutunu itirdi. Beləliklə də, Tehran administrasiyası ciddi şəkildə zəifləyən müqavimət oxunu yenidən qurmaq yolunu da itirdi.

Suriyada yeni administrasiya rəsmilərinin vəzifəyə gəldikdən sonra bir neçə həftə ərzində verdiyi qərarlar və bəyanatlar bir sıra narahatlıqlara səbəb olmuşdu. Qərb dairələri həmin narahatlıqlar fonunda yeni Suriya və onun qonşuları üçün ən yaxşı ssenarinin uzun vədədə regional sabitliyi artıracaq, diplomatik münasibətlər qurula biləcək suveren bir dövlətin qurulması olduğunu qeyd edir.

Bunun əksi isə zəif, parçalanmış və münaqişələrə meyilli Suriyadır. Belə bir nəticə regionda uzunmüddətli və getdikcə daha çox baha başa gələn Amerika hərbi mövcudluğunu tələb edəcək. Bu vəziyyət Türkiyə üçün də problemlər yaradacaq.

Bu ssenaridən qaçmaq üçün ABŞ Suriyanın yeni hökumətinə şans verməli, öz qüvvələrini ölkədən çıxarmalı, Dəməşqə Suriyanın şimal-şərqindəki kənd təsərrüfatı və neftlə zəngin əyalətlərə nəzarəti bərpa etməsinə imkan verməlidir. Bununla belə, Vaşinqton ilk növbədə Əl-Şaranın İŞİD-i nəzarətdə saxlamaq qabiliyyətinə və iradəsinə malik olduğuna və yeni hökumətin Suriyadakı kürdlərin təhlükəsizliyini və inteqrasiyasını təmin edəcəyinə, lazım gələrsə, bunun üçün Ankara ilə arasına məsafə qoyacağına əmin olmalıdır.

ABŞ-ın sanksiyaları ləğv etməsi uzun illərdir vətəndaş müharibəsindən əziyyət çəkən Suriyada xarici sərmayələrin yatırılmasına və hökumətin beynəlxalq bank sisteminə çıxışına imkan yaradacaq.

Əl-Şara və ona yaxın olan şəxslər indi bu fürsətdən istifadə edib, bütün komponentləri özündə birləşdirən yeni dövlət qurmaq üçün silahlı təşkilatlar çətirindən ayrıldıqlarını sübut etməlidirlər. Onlar həmçinin bir-birinə zidd olan maraqların Suriyanı son 10 ildə yaşadığı vətəndaş müharibəsindən daha betər fəlakət burulğanına sürüklənməsinə imkan verməməlidirlər.