Axtar

Yeni Suriya: Baş verənlər və gözləntilər

  • Paylaş:
Yeni Suriya: Baş verənlər və gözləntilər

Bu ilin noyabr ayının sonlarında Heyət Təhrir-əş-Şam (HTŞ) və Suriya Milli Ordusu (SMO) kimi müxalif qüvvələrin həyata keçirdiyi ildırımsürətli hücum nəticəsində Suriya Ərəb Ordusu (SƏO) bütün mövqelərindən geri çəkilməyə məcbur oldu və ölkədə Əsəd ailəsinin 54 illik, Bəəs Partiyasının isə 61 illik hakimiyyəti sona çatdı. 7 dekabr tarixində müxaliflərin paytaxt Dəməşqə daxil olmasının ardınca prezident Bəşər Əsəd bəzi rus mənbələrinə əsasən əvvəlcə Laziqiyyə yaxınlığında yerləşən, Rusiyaya məxsus Xmeymim aviabazasına, oradan isə Moskvaya qaçıb. 

2020-ci ildən bəri təxminən dəyişməyən vəziyyət müxalifləri İdlib şəhəri və ətrafındakı nisbətən kiçik bir əraziyə sıxışdırmış, təmas xətti boyunca isə hər iki tərəfin hərbi mövqelərini möhkəmləndirməsinə gətirib çıxarmışdı. “Hərbi sıxlığın” yüksək olduğu bu bölgədən başlayan müxalif əks-hücumuna qarşı isə SƏO qoşunları tutarlı müqavimət göstərə bilməmiş və bir neçə günün içində ölkənin ikinci ən böyük şəhəri olan Hələb müxaliflərin nəzarətinə keçdi. Həma şəhərinə geri çəkilən SƏO qüvvələri bu bölgədə qismən müqavimət göstərsələr də, şəhər bir neçə gün sonra yenidən müxaliflər tərəfindən nəzarətə götürüldü. HTŞ və SMO tərəfindən şimal istiqamətində həyata keçirilən bu hücuma paralel olaraq ölkənin cənubundakı Dəra şəhərində də müxalif üsyançılar hökumət qüvvələrini bölgədən qovdu. Digər bir tərəfdən isə 2016-cı ildən bəri qeyri-münaqişə zonası elan olunmuş və ABŞ hərbi bazasının yerləşdiyi Əl-Tənf bölgəsindən də müxalif qüvvələr hərəkətə keçərək tarixi Palmira şəhərini tutdular. HTŞ qüvvələrinin Hümsü də almasından sonra paytaxt Dəməşq üç fərqli istiqamətdən müxaliflərin hücumuna məruz qaldı və qısa müddətin ərzində Bəəs hökuməti çökdü. 

2011-ci ildən bəri davam edən vətəndaş müharibəsinin 2 həftə ərzində başa çatması bəzi müəmmalı məsələləri arxasında qoydu:

  1. Hökumət qüvvələrinin müqavimətsizliyi

İqtisadi vəziyyətin kəskin pisləşməsi və bunun hərbçi maaşlarına da təsiri, SƏO əsgərlərinin çoxunun ələvi Əsəd ailəsi və siyasi elitadan fərqli olaraq sünni olması və onları döyüşə ruhlandıracaq affektiv bir narrativin mövcud olmaması, ordu daxilində hərbi səriştəsizlik, yüksək rütbəli bəzi hərbçilərin Körfəz ölkələri, xüsusən də BƏƏ tərəfindən müqavimət göstərməməyə razı salınması haqda iddialar kimi bir sıra müxtəlif səbəblər bu fenomeni izah etməkdə yardımçı ola bilər. Bunlardan əlavə, bəlkə də ən vacib amil Əsəd hakimiyyətinin başlıca müttəfiqləri olan Rusiya və İranın da tam müdaxilə göstərmək əvəzinə prosesi kənardan izləməsi olmuşdu.

  1. Rusiyanın susqunluğu

Hücumun ilk günlərində Rusiya aviazərbələrlə müxaliflərə xeyli itki verdirsə belə, daha sonra zərbələrin şiddətini azaltmış və yaxın müttəfiqi Bəşər Əsədin hakimiyyətdən getməsilə yekunlaşan prosesə laqeyd qaldı. Ukraynanın işğalının artıq 3 ilə yaxındır davam etməsi səbəbilə Moskvanın istər Suriyaya, istər başqa bir ölkəyə genişmiqyaslı hərbi müdaxilə ehtimalı qeyri-real görünür. Ukrayna müharibəsi həm hərbi, həm iqtisadi, həm də siyasi mənada dövlətin prioriteti olduğundan, Rusiya artıq digər münaqişələrdə ya aktiv iştirak edə bilmir, ya da etməkdə istəkli deyil. Suriya hökumətinin xalq dəstəyindən məhrum avtoritar bir rejim olması, Əsədin Türkiyə ilə münasibətləri normallaşdırmaq və müxaliflərlə danışıqlar aparmaq mövzusunda inadkarlıq nümayiş etdirməsi, SƏO daxilindəki səriştəsizlik və Türkiyə kimi bölgədə güc proyeksiya etmə qabiliyyəti və əzmi daha yüksək regional gücün mövcudluğu Rusiyanı Əsədin xilası üçün vətəndaş müharibəsinin uzun, qanlı və xeyli resurs tələb edən yeni fazasını başlatmaqdan imtinaya vadar edib. Rusiyanın hal-hazırda Suriyadakı yeganə marağı Xmeymim aviabazasını və Tarsus dəniz bazasını əlində saxlamaqdır ki, Peskov bu istiqamətdə danışıqların davam etdiyini bildirib. Hər iki baza Rusiyanın Afrikadakı hərbi mövcudluğunun logistik ehtiyacları üçün olduqca əhəmiyyətlidir.

  1. İranın susqunluğu

Müqavimət Oxunun və Şiə Hilalının ayrılmaz və əlaqələndirici halqası olan Suriya hakimiyyəti, sözsüz ki, İranın geosiyasi ambisiyaları üçün həyati əhəmiyyət kəsb edirdi. Buna baxmayaraq, İran və onun nəzarətində olan silahlı qruplaşmalar da Rusiya kimi proseslərə ciddi müdaxilə etməkdən çəkindilər. Suriya vətəndaş müharibəsində hökumətin köməyinə gələn ilk xarici qüvvə olmuş, əfqan şiələrindən təşkil olunan Fatimiyyun briqadaları da daxil olmaqla minlərlə itki vermiş Tehranın fəaliyyətsizliyini SƏO qüvvələrinin döyüşə istəkli olmaması, həm Hizbullahın, həm də İranın İsraillə münaqişə nəticəsində xeyli zəifləməsi, İrandan Suriyaya göndəriləcək hər hansı hərbi yükün İsrail aviasiyasının hədəfinə çevriləcəyi qorxusu kimi səbəblərə calamaq ağlabatandır. Bəzi iddialara görə, İran tərəfi hələ hücumdan əvvəl Bəşər Əsədə İsrailə qarşı Colan təpələri istiqamətində yeni cəbhə açmaqla bağlı təzyiq etmiş, lakin Əsəd bu planı rədd etmişdi. Bundan başqa, Əsəd hökumətinin son dövrlərdə Körfəz ölkələri və Ərəb Liqası ilə yaxınlaşması, iranmeyilli qüvvələrin Suriya daxilindəki fəaliyyətlərinə müxtəlif maneələr törətməsi, habelə Əsədin son ana qədər İrandan rəsmi şəkildə hərbi yardım tələb etməməsi Tehran tərəfinin də Əsədin köməyinə çatmaqda istəksiz qalmasına gətirib çıxarmışdır. Bu tendensiyanı İraqda fəaliyyət göstərən iranmeyilli Kətaib Hizbullah milislərinin Suriyaya yola düşərkən İraq sərhədçiləri tərəfindən dayandırılması və İranın buna heç bir etiraz etməməsində, habelə Hizbullah qoşunlarının Həma və Hüms istiqamətində SƏO qoşunlarına yardım üçün Suriyaya gedib döyüşmədən geri qayıtmasında də sezmək olar. Zeynəbiyyə kimi şiə müsəlmanlar üçün müqəddəs məbədlərə toxunulmaması isə İranın müxaliflərlə də dialoq qurduğunu deməyə əsas verə bilər.

  1. Colani, müxaliflər və Türkiyə

Keçmişdə İŞİD və Əl-Nusra kimi terror təşkilatlarının üzvü olmuş HTŞ rəhbəri Əhməd Hüseyn əl-Şəra, yaxud döyüş adıyla Əbu Məhəmməd əl-Colaninin müxalif hücumlara liderlik etməsi onun Suriyanın yeni idarəçisi olacağı ehtimalını xeyli artırır. Tərcümeyi-halı xeyli problemli olan, ABŞ-ın onu tapan şəxsə 10 milyon dollar pul mükafatı təklif etdiyi şəxs hazırda Dəməşqdə Qərb KİV-nə müsahibələr verir, bütün dini və etnik azlıqlara firavanlıq vəd edir və İsraillə heç bir probleminin olmadığını bildirir. Colaninin imicində və Qərb mediası tərəfindən yaradılan yeni portretindəki müsbətə doğru ciddi dəyişikliklər onun gələcəyin dövlət başçısı kimi yetişdirilməkdə olduğuna işarədir. Bir neçə gün əvvəl Türkiyənin kəşfiyyat qurumu olan MİT-in rəhbəri İbrahim Kalının da olduğu avtomobili idarə edərkən görüntülənən Colaninin Ankara ilə hələ müxaliflərin İdlibə sıxışdırıldığı dövrdən bəri sıx əlaqələri var. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın çıxışı zamanı Suriyada baş vermiş hakimiyyət dəyişikliyinə Türkiyənin bais olduğunu deməsi də Suriya ilə ən uzun sərhədə malik ölkə olmasına baxmayaraq Astana üçlüyündə (Rusiya, Türkiyə və İranın yer aldığı, Suriya vətəndaş müharibəsinin həlli məqsədilə qurulmuş platform) ən kiçik təsir dairəsinə sahib ölkəyə çevrilmiş Türkiyənin qısa bir müddətdə digər iki dövləti Suriya meydanından demək olar tamamilə çıxarmağa nail olduğunu və cənub qonşusunu öz orbitinə çəkdiyini göstərir. Türkiyənin Suriyadakı ən böyük narahatlığı və öz milli maraqlarına birbaşa təhdid kimi gördüyü YPG ilə müxaliflər arasındakı döyüşlərin Əsəd devrildikdən sonra belə davam etməsi, SMO və HTŞ-nin Təl Rifat, Mənbic, Deyr əz-Zoru YPG-nin əlindən alması və hazırda Kobani/Eyn əl-Ərəb istiqamətində hücuma hazırlaşdıqları ilə bağlı iddialar Türkiyənin Suriya daxilindəki gücünün son 1 ayda necə böyüdüyünü göstərir.

İki həftə ərzində Suriyadakı vəziyyətin kardinal dəyişikliyin əsas qalibləri Suriya müxalifəti, Suriyadakı təsir gücünü xeyli artıran və əsas söz sahibi xarici qüvvəyə çevrilən Türkiyə, hakimiyyətin çöküşündən istifadə edərək Qolan təpələri istiqamətindəki neytral zonanı, Suriyanın ən yüksək zirvəsi olan Hermon/əl-Şeyx dağını ələ keçirən və qoşunları Dəməşqdən 20 km məsafədə olan İsrail, habelə uzun müddətdir fokusunu Yaxın Şərqdən Uzaq Şərqə çevirmək üçün İsrailə qarşı təhdidləri aradan qaldırmağa və İran rəhbərliyindəki Müqavimət Oxunu sıradan çıxarmağa çalışan ABŞ oldu. Prosesin əsas məğlubları isə Əsəd və iqtidarda olduğu sonuncu ölkədə də devrilən Bəəs Partiyası, Hizbullaha və Aralıq dənizinə Suriya üzərindən çıxışını, Qolan təpələrində – İsraillə de-fakto sərhəddəki mövqelərini itirən İran, vaxtikən devrilməkdən xilas etdiyi və vassal vəziyyətinə saldığı Əsədə Moskvaya evakuasiyadan başqa ciddi kömək edə bilməyən və hazırda Aralıq dənizindəki bazalarını itirmək təhlükəsi ilə qarşı-qarşıya olan Rusiyadır. YPG-nin də daxil olduğu, Suriyanın şimal-şərqinə nəzarət edən Suriya Demokratik Qüvvələri (SDQ) isə Əsədin və SƏO-nun çöküşündən istifadə edərək Qamışlı və Həsəkədəki hərbi bazaları, habelə Deyr əz-Zor və Məskənə kimi şəhərləri nəzarəti altına alsa da, daha sonra Türkiyə dəstəkli SMO və HTŞ qüvvələrinin hücumuna məruz qalaraq uzun müddətdir nəzarətində olan Təl Rifat və Mənbicdən, habelə Deyr əz-Zordan çəkilməli oldu. Atəşkəs razılaşmasına baxmayaraq toqquşmaların hələ də davam etməsi, Türkiyənin aviazərbələri və Kobani istiqamətində müxaliflərin yeni hücuma hazırlaşdığı xəbərləri SDQ-nin yeni Suriyadakı yerini və muxtariyyətin mövcudiyyətini davam etdirib-etdirməyəcəyini sual altına qoyur. Lakin yeganə sual altında qalan məsələ bu deyil. Yeni Suriyanın lideri, üsuli-idarəsi, hətta sərhədləri belə hələlik aydın deyil. Dünya ictimaiyyəti ikinci bir Taliban Əfqanıstanı yaratmaqdan ehtiyat edir və indiki vəziyyətdə Suriya müxalifətinin qələbəsinin uğur hekayəsi, yoxsa ikinci Taliban keysi kimi yadda qalacağı təkcə HTŞ lideri Colanidən yox, Suriya daxilində və xaricində bir çox şəxs və qurumdan asılı olacaq.