Axtar

Hörmüz boğazının strateji əhəmiyyəti: Beynəlxalq hüquq və geosiyasi dinamikalar

  • Paylaş:
Hörmüz boğazının strateji əhəmiyyəti: Beynəlxalq hüquq və geosiyasi dinamikalar

2026-cı il 28 fevral tarixində Amerika Birləşmiş Ştatları və İsrail tərəfindən İrana qarşı həyata keçirilən açıq hərbi hücum regionda kritik vəziyyət yaratmış və İranın daha əvvəl müdafiə vasitəsi kimi istifadə edəcəyini bəyan etdiyi Hörmüz boğazını bağlamasına səbəb olmuşdur. Atəşkəsin əldə olunmasına baxmayaraq, boğazdan keçən gəmi hərəkəti normal səviyyənin 10 faizindən də aşağı düşmüşdür. Nəticədə yüzlərlə tanker və digər yük gəmisi Fars körfəzində hərəkətsiz vəziyyətdə qalmış, qlobal neft təchizatında təxminən 20 faizlik azalma baş vermiş və bu, müasir tarixdə ən böyük enerji təchizatı böhranlarından birinə çevrilmişdir.

Beynəlxalq Dəniz Təşkilatının (IMO) məlumatlarına görə, təxminən 2 min gəmidə çalışan 20 min dənizçi vəziyyətdən təsirlənmiş, mart ayının ortalarına qədər kommersiya gəmilərinə qarşı ən azı 21 insident qeydə alınmışdır. Bu hadisələr həm hüquqi, həm də humanitar baxımdan ciddi narahatlıqlar yaratmışdır. Boğazın bağlanması, burada minaların yerləşdirilməsi, tranzit ödənişlərinin tətbiqi, eləcə də İranın və digər dövlətlərin hüquq və səlahiyyətlərinin hüdudları məsələləri mövcud vəziyyətin daha dolğun anlaşılması üçün ətraflı təhlil edilməlidir.

 

Hörmüz Boğazının Coğrafi və Hüquqi Statusu

Hörmüz boğazı coğrafi baxımdan olduqca dar su yoludur və eni 17–30 dəniz mili arasında dəyişir. Boğaz İran və Oman arasında yerləşir və onun ən dərin hissələri İran sahillərinə yaxın ərazilərdədir. Hər iki dövlət öz ərazi sularının enini 12 dəniz mili olaraq müəyyən etdiyindən, boğazın demək olar ki, bütün naviqasiya üçün yararlı hissəsi bu iki dövlətin ərazi sularının əhatə dairəsinə düşür.

Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Hind okeanı ilə birləşdirən, dünyanın ən strateji əhəmiyyətli dəniz yollarından biridir. Onun əhəmiyyəti ilk növbədə Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər kimi enerji ixracatçısı dövlətlərin əsas dəniz nəqliyyatı marşrutu olması ilə bağlıdır. Statistik məlumatlara əsasən, dünya üzrə ticarət edilən xam neftin təxminən 20 faizi və mayeləşdirilmiş təbii qazın (LNG) əhəmiyyətli hissəsi gündəlik olaraq bu boğazdan keçir. Bu səbəbdən Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin ən mühüm “dar boğazı” hesab olunur. Naviqasiyanın hətta qısa müddətə pozulması belə enerji bazarlarında ciddi dalğalanmalara və qlobal təhlükəsizlik risklərinə səbəb ola bilər.

Bu xüsusiyyətlər boğazı regional təhlükəsizlik dinamikalarının, xarici hərbi-dəniz qüvvələrinin mövcudluğunun və qlobal enerji bazarlarının kəsişdiyi unikal geosiyasi məkan halına gətirmiş, onu siyasi və hərbi gərginliklərə qarşı xüsusilə həssas etmişdir.

 

Beynəlxalq Hüquq və Hörmüz Boğazı

Beynəlxalq boğazların hüquqi statusu əsasən 1982-ci il tarixli Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyası (UNCLOS) və beynəlxalq hüquqla müəyyən edilir.

UNCLOS-un 38(2)-ci maddəsinə əsasən, beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlara "tranzit keçid" (transit passage) rejimi tətbiq olunur. Bu rejim açıq dəniz və ya müstəsna iqtisadi zona hissələrini birləşdirən boğazlarda fasiləsiz və maneəsiz keçidi təmin edir. Konvensiyanın 44-cü maddəsinə görə tranzit keçid dayandırıla və ya məhdudlaşdırıla bilməz. Eyni zamanda dövlətlər sadəcə keçid faktına görə hər hansı rüsum və ya ödəniş tətbiq edə bilməzlər.

Bu meyarlara əsasən Hörmüz boğazı beynəlxalq naviqasiya üçün istifadə olunan boğaz hesab olunsa da, həmin hüquqi rejimin ona tətbiqi məsələsi mübahisəlidir. Mübahisənin əsas səbəbi İranın UNCLOS-a tərəf olmamasıdır. İran 1982-ci ildə Konvensiyanı imzalasa da, onu ratifikasiya etməmişdir. Bundan əlavə, imzalama zamanı Konvensiyanın 310-cu maddəsinə uyğun olaraq bəyan etmişdir ki, bəzi müddəalar dövlətlər arasında siyasi kompromisin nəticəsidir və beynəlxalq hüququ əks etdirmir.

Bu səbəbdən İran tranzit keçid rejiminin onun üçün məcburi olmadığını bildirir. ABŞ və Böyük Britaniya kimi dövlətlər tranzit keçidin artıq beynəlxalq hüquqi statusu qazandığını və buna görə də UNCLOS-a tərəf olmayan dövlətlərə də şamil edildiyini iddia etsələr də, İran davamlı şəkildə bu mövqeyə etiraz etmiş və Hörmüz boğazında yalnız "zərərsiz keçid" (innocent passage) rejiminin tətbiq olunduğunu bəyan etmişdir.

Beynəlxalq hüququn "davamlı etiraz edən dövlət" (persistent objector) doktrinasına əsasən, müəyyən bir adət hüququ normasına onun formalaşması prosesində açıq və davamlı etiraz etmiş dövlət həmin normaya tabe hesab edilmir. İran da öz mövqeyini məhz bu hüquqi prinsip üzərində qurur.

 

İranın Suveren Hüquqları və Onların Hüdudları

UNCLOS-un II hissəsinin 3-cü bölməsinə əsasən, zərərsiz keçid hüququ mütləq və məhdudiyyətsiz hüquq deyildir. Keçid sahilyanı dövlətin sülhünə, təhlükəsizliyinə və ictimai asayişinə zərər verməməlidir. Buna görə də sahilyanı dövlət müəyyən hallarda naviqasiyanı tənzimləmək hüququna malikdir.

Bu hüquqlar xarici gəmilərin hərəkətinin monitorinqi, müəyyən kateqoriyalı gəmilər üçün əvvəlcədən məlumatlandırma və ya icazə prosedurlarının tətbiqi, habelə kəşfiyyat fəaliyyəti, hərbi təlimlər və ya silahlı əməliyyatlar kimi zərərsiz keçid prinsipi ilə uyğun gəlməyən fəaliyyətlərə dair əsaslı şübhə yarandıqda yoxlamaların aparılması formasında həyata keçirilə bilər.

Lakin bu hüquqlar İrana beynəlxalq boğazı tam bağlamaq, naviqasiyanı pozmaq məqsədilə minalar yerləşdirmək və ya sadəcə keçidə görə ödəniş tələb etmək səlahiyyəti vermir. Başqa sözlə, İranın öz ərazi sularında təhlükəsizliyi təmin etmək hüququ qlobal ticarətin və beynəlxalq enerji təhlükəsizliyinin pozulmasına yönəlmiş tədbirlərdən hüquqi baxımdan fərqləndirilməlidir.

Bu səbəbdən təhlükəsizlik məqsədli məhdudiyyətlər qeyri-hərbi və kommersiya gəmilərinə şamil edilməməlidir. Kommersiya gəmiləri öz mahiyyətinə görə təhlükə yaratmayan subyektlərdir və onların hərəkət azadlığının qorunması qlobal iqtisadi sabitliyin vacib elementi hesab olunur. İranın təhlükəsizlik tədbirləri yalnız müharibə iştirakçısı olan dövlətlərin hərbi fəaliyyətlərinin qarşısının alınmasına yönəlməli, beynəlxalq ticarətin və üçüncü dövlətlərə məxsus gəmilərin fəaliyyətinə mane olmamalıdır.

Bununla yanaşı, İran bildirir ki, tətbiq etdiyi məhdudiyyətlərin məqsədi boğazı bağlamaq deyil, xüsusi təhlükəsizlik şəraitində keçidi tənzimləməkdir. Əvvəlcədən məlumatlandırma, müəyyən marşrutlardan istifadə, gücləndirilmiş monitorinq və hədəfli yoxlamalar Tehran tərəfindən təhlükəsizlik tədbirləri kimi təqdim olunur və neytral gəmilərlə müharibə tərəflərinə aid gəmiləri fərqləndirmək məqsədi daşıdığı qeyd edilir.

Lakin istənilən halda təhlükəsizlik tədbirləri beynəlxalq dəniz hüququnun müəyyən etdiyi çərçivədən kənara çıxmamalı, boğazın tam və ya ayrı-seçkilik əsasında bağlanmasına əsas verməməlidir.

 

Tranzit Ödənişləri Məsələsi

Hörmüz boğazında ödəniş və tariflərin tətbiqi də hüquqi baxımdan həssas məsələlərdən biridir. Dəniz hüququnun ümumi prinsiplərinə əsasən, sahilyanı dövlətlər beynəlxalq naviqasiya üçün istifadə olunan boğazlardan keçən xarici gəmilərdən sadəcə keçidə görə ödəniş tələb edə bilməzlər.

Bu baxımdan qanunsuz tranzit rüsumları ilə konkret xidmətlərin göstərilməsi müqabilində alınan qanuni ödənişlər arasında fərq qoyulmalıdır. Sonuncu halda belə, ödənişlər yalnız göstərilmiş xidmətlərin dəyəri ilə məhdudlaşmalı və naviqasiya azadlığının dolayı yolla məhdudlaşdırılması vasitəsinə çevrilməməlidir.

 

Nəticə

Aparılan təhlil göstərir ki, İranın mövqeyinə əsasən Hörmüz boğazında tətbiq edilən hüquqi rejim zərərsiz keçid rejimidir və bu yanaşma sahilyanı dövlətin suveren hüquq və vəzifələri ilə uyğunluq təşkil edir. Bu rejim İrana öz təhlükəsizliyini təmin etmək məqsədilə proporsional və ayrı-seçkilik yaratmayan tədbirlər görmək imkanı verir.

Bununla belə, belə tədbirlər qeyri-hərbi və kommersiya gəmilərinin fasiləsiz və sürətli keçidinə mane olmamalı, ümumi naviqasiyanın və beynəlxalq ticarətin təhlükəsizliyini pozmamalıdır. Nəticə etibarilə, İran tərəfindən tətbiq olunan təhlükəsizlik məhdudiyyətləri beynəlxalq dəniz hüququnun tələblərinə uyğun olmalı və qeyri-hərbi gəmilər üzərində əsassız yük yaratmamalıdır.

 Sara Famuri